Apelyasiya məhkəməsi Azər Qasımlını ev dustaqlığına buraxmadı

Foto: Azər Qasımlının şəxsi arxivindən

Həyat yoldaşı: “Azər Qasımlını məhkəmələr tutmayıb ki, məhkəmələr də buraxsın…”

Siyasi Menecment İnstitutunun direktoru, həbsdə olan siyasətçi Azər Qasımlının vəkili onun ev dustaqlığına buraxılması ilə bağlı Yasamal Rayon Məhkəməsinin imtina qərarından apelyasiya şikayəti verib.

Şikayətə yanvarın 21-də Bakı Apelyasiya Məhkəməsində baxılıb.

Məhkəmə prosesində iştirak edən Azər Qasımlı bildirib ki, heç bir cinayət törətməyib, əksinə, özü cinayətin qurbanı olduğuna görə bu gün həbsdədir.

Siyasi sifarişlə həbs edildiyini deyən siyasətçi məhkəmədən də ədalətli qərar gözləmədiyini deyib.

O bildirib ki, məhkəmələr sifarişlə işləyirlər.

Vəkil Aqil Layıc da hüquqlarını müdafiə etdiyi şəxsin təqsirsiz olduğunu deyib.

Vəkil bildirib ki, mötəbər sübutlar olmadan müvəkkili həbsdə saxlanılır.

Onun sözlərinə görə, hətta istintaq davam edirsə belə, bunu Azər Qasımlını həbsdə saxlamadan da həyata keçirmək mümkündür:

“Azər Qasımlı cəmiyyətdə tanınan şəxsdir, yaşayış yeri məlumdur, onun istintaqdan yayınmaq niyyəti yoxdur”.

Müstəntiq isə Azər Qasımlının ev dustaqlığına buraxılmasına etiraz edib və bildirib ki, onun həbsdən buraxılması istintaqın gedişinə mane ola bilər.

Apelyasiya məhkəməsi şikayəti təmin etməyərək Azər Qasımlını ev dustaqlığına buraxmaqdan imtina edib.

Politoloqun həyat yoldaşı Samirə Qasımlı bildirib ki, apelyasiya məhkəməsindən fərqli nəticə gözləmirdilər. Çünki Azərbaycandakı məhkəmə sisteminin və hakimlərin durumuna bələddilər, onların müstəqil qərar verə bilmədiklərini başa düşürlər:

“Bu, sadəcə, prosedur gərəyi atılan addımdır, ona görə şikayət verilmişdi. Azər Qasımlını məhkəmələr tutmayıb ki, məhkəmələr də buraxsın…”

Azər Qasımlı dekabrın 8-də saxlanılıb.

Bir gün sonra Yasamal Rayon Məhkəməsinin qərarı ilə onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Politoloq zərərçəkmiş qismində tanınan Qurbanəli Yusibovdan hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur. Lakin vəkili Aqil Layıc bildirib ki, həmin şəxsin Azər Qasımlıya pul borclu olmasını təsdiqləyən qanuni qüvvəyə minmiş məhkəmə qərarı var.

Vəkilin sözlərinə görə, belə olan halda, Azər Qasımlının ondan hədə-qorxu ilə pul tələb etməsi haqda iddianın absurdluğu ortaya çıxır.

Azər Qasımlı özü də həbsinin siyasi motivli olduğunu bildirərək deyib ki, həqiqətləri dilə gətirdiyinə, insanları aydınlandıran fikirlər səsləndirdiyinə görə cəzalandırılır.

Bundan əvvəl də Azər Qasımlının ölkədən çıxışına qadağa qoyulub.

O, Bakı Şəhər Baş Polis İdarəsində “meclis.info” saytının həbsdə olan rəhbəri İmran Əliyevin işi üzrə istintaqda dindirilib.

Ana səhifəSiyasətApelyasiya məhkəməsi Azər Qasımlını ev dustaqlığına buraxmadı