Anar Məmmədli səhhətində yaranmış problemlərə görə məhkəmədə iştirakdan imtina edib
Fevralın 21-də Bakı Apelyasiya Məhkəməsində Xətai rayon Məhkəməsinin Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar Məmmədlinin həbs qətimkan müddətinin uzadılması ilə bağlı qararından verilmiş şikayətə baxılıb.
Hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən iclasda şikayət təmin edilməyib və Anar Məmmədli həbsdə qalıb.
Vəkil Cavad Cavadovun verdiyi məlumata görə Anar Məmmədli səhhətində yaranmış problemlərə görə məhkəmədə iştirakdan imtina edib:
“Bir neçə gün öncə Anarla istintaq təcridxanasında görüşdüm. Anar bildirdi ki, səhhətində ağırlaşma var və Apellyasiya Məhkəməsində iştirak etmək istəmir və bununla bağlı ərizə ilə müraciət edib. Anar vertigo xəstəliyindən əziyyət çəkir və mütamadi baş dönməsi (gicəllənmə) halları olur. Dəfələrlə müraciətlərə baxmayaraq, adekvat müalicə ala bilmir”.
Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb.
Aprelin 30-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Anar Məmmədli seçki hüquqları ilə məşğul olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəridir. O, Azərbaycanda seçkilərə dair tənqidi hesabatların müəllifidir.
Bir sıra beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ-nin Bakıdakı səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli və digər haqsız həbs edilən şəxsləri dərhal azad etməyə çağırıb.
Yerli və beynəlxalq təşkilatlar Anar Məmmədli də daxil olmaqla Azərbaycanda 300-dən artıq siyasi məhbusun olduğunu deyirlər.