”Məhkumluq mənim üçün bir sıra məhdudiyyətlər yaradır”
Bakı Apelyasiya Məhkəməsində İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun məhkumluğunun üzərindən götürülməsi barədə ərizəsinin təmin edilməməsi ilə bağlı apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Meydan TV-nin məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən şikayət təmin edilməyib.
İnsan Haqları Klubunun sədri Rəsul Cəfərov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi isə onun cəzasını 3 ay azaldıb.
Rəsul Cəfərov bu ilin martın 17-də imzalanan əfv sərəncamı ilə azadlığa buraxılıb.
Bir müddət əvvəl Rəsul Cəfərov üzərindən məhkumluğunun götürülməsi barədə ərizə ilə Yasamal rayon Məhkəməsinə müraciət edib. Məhkəmə ərizəni rədd edib. Apellyasiya şikayəti həmin qərardan verilib.
Rəsul Cəfərov məhkəmənin qərarını Meydan TV-yə şərh edərkən bildirib ki, məhkumluq onun üçün bir sıra məhdudiyyətlər yaradır: “Məsələn, ictimai vəzifədə ola bilmərəm, Vəkillər Kollegiyasina üzv ola bilmirəm və s. Bu qərarla da bu məhdudiyyətlər qalır. Digər tərəfdən bu məhkumluq mənim huquq mudafiə fəaliyyətimə görə əsassız olaraq üzərimə qoyulmuşdu. Nəzərə alanda ki, bank hesablarımdan həbs götürülməyib, ölkədən cıxdıqda və qayıtdıqda yoxlanılıram məhkumluğu da əlavə təzyiq kimi qiymətləndirirəm”.