Apellyasiya Məhkəməsi cəbhəçi gənc haqda hökmü qüvvədə saxladı

Anası: Elvini heç bir şər, heç bir həbs əqidəsindən döndərə bilməz, o, bizim baş ucalığımızdır

Source:


Zülfiyyə Abdullayeva: “Elvini heç bir şər, heç bir həbs əqidəsindən döndərə bilməz, o, bizim baş ucalığımızdır”

Elvin Abdullayevin 6 il azadlıqdan məhrum edilməsi barədə hökm qüvvədə saxlanıldı

AXCP-nin gənc fəalı, narkotiklə şərlənərək həbs olunmuş Elvin Abdullayevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Bakı Apellyasiya Məhkəməsində Abid Abdinbəyovun sədrlik etdiyi hakimlər kollegiyası Elvin Abdullayevin 6 il azadlıqdan məhrum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Apellyasiya məhkəməsinin qərarı elan olunmamışdan əvvəl Elvin Abdullayevin vəkili Əli Mehdiyev müdafiə nitqilə çıxış edib. Gənc fəalın günahsız olduğunu və yalnız “facebook”da hökuməti tənqid edən statuslarına görə şərlənərək cəzalandırıldığını deyən müdafiəçi Elvin Abdullayevə bəraət verilməsini istəyib. Əli Mehdiyev bildirib ki, müvəkkilinin narkotikin nə satışı, nə də istifadəsilə heç bir əlaqəsi yoxdur.

“Elvin Abdullayev imtahandan çıxıb gedərkən saxlanılıb və Bakı şəhər Baş Polis İdarəsinə aparılıb, səkkiz saat orada qalıb. Bu müddətdə o, orada yemək yeyib, ayaqyoluna gedib, hətta imkan tapıb əlindəki qandalın şəklini çəkib, “facebook”a yerləşdirib. Əgər adam bunu eləyə bilibsə, deməli, cibində narkotik olsaydı, onu da harasa ata bilərdi. Onun üzərində heç bir narkotik olmayıb”, – deyə vəkil vurğulayıb.

Gənc fəalın təqsirini sübut edən heç bir fakt olmadığını vurğulayan vəkil məhkəmədən qərar çıxarılarkən onun səhhətindəki problemlərin, gənc və tələbə olmasının nəzərə alınmasını xahiş edib.

Elvin Abdullayevə geniş çıxış etmək imkanı yaradılmayıb. Hakim ondan vəkilinin çıxışı ilə razı olub-olmadığı soruşulub. Gənc fəal müdafiəçi ilə tam razılaşdığını deyib.

Ardınca məhkəmə müşavirəyə gedib. Bir neçə dəqiqə çəkən müşavirədən sonra hakimlər geri qayıdaraq, apellyasiya şikayətinin təmin olunmadığını və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanıldığını elan edib.

Gənc fəalın anası Zülfiyyə Abdullayeva “Azadlıq”a açıqlamasında qərarı siyasi sifarişin nəticəsi kimi qiymətləndirib. Bildirib ki, apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək: “Əslində, Ali Məhkəmədən də ədalətli qərar gözləmirik, müraciətimiz də sırf formal xarakter daşıyır. Çünki bu cür işlərdə məhkəmələrin müstəqil qərar çıxarmadığını bilirik. Avropa Məhkəməsinə şikayət etmək üçün bütün yerli məhkəmə instansiyalarını keçmək tələb olunur”.

Oğlunun günahsız olduğunu deyən ana həbsxana həyatının Elvini əqidəsindən döndərə bilməyəcəyini də vurğulayıb: “Azərbaycanda məhkəmə sistemi işləmir. İşləsəydi, bu gün bir tələbinin taleyilə bu cür oynamazdılar. Tam bir komediyadır Azərbaycanda məhkəmələr. Harkotik satan adamın üzünə iki-üç nəfər durub deyər ki, “mən bu adamdan almışam”. Bir nəfər də ortaya çıxarmadılar ki, Elvindən narkotik aldığını desin. Ola da bilməzdi. Çünki Elvinin ümumiyyətlə, narkotikdən heç bir anlayışı yoxdur. Mən Elvinin anası kimi deyirəm ki, heç nədən məyus deyilik. Mənim oğlum həbsxanaya aslanlar kimi girib, elə aslanlar kimi də çıxacaq. Elvini heç bir şər, heç bir həbs əqidəsindən döndərə bilməz. Elvin bizim baş ucalığımızdır. Saxta ittihamla onu həbsxanaya atanlar, gəncliyini əlindən alanlar utansın…”

Zülfiyyə Abdullayeva onu da əlavə edib ki, Elvin yaxın vaxtlarda əməliyyat olunacaq: “Cərrah gəlib baxıb, yaxın günlərdə əməliyyat olunması gözlənilir”.

AXCP Gənclər Komitəsinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinin ikinci kurs tələbəsi olan Elvin Abdullayev 2015-ci ilin yanvarında həbs olunub. Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik satışı) maddəsilə ittiham olunan gənc fəal iyunun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Lakin Elvin Abdullayev ittihamı rədd edir və “facebook”da hökuməti tənqid edən statuslarına görə siyasi sifarişlə həbs olunduğunu bildirir.


azadliq.info

Ana səhifəXəbərlərApellyasiya Məhkəməsi cəbhəçi gənc haqda hökmü qüvvədə saxladı