Azərbaycan hakimiyyətinin əsas dəstəkçisi həmişə olduğu kimi, elə indi də ABŞ və Avropa Birliyinin müəyyən dairələridir
Təxminən ay yarım öncə Britananiya mətbuatı yazdı ki, Azərbaycan I Avropa oyunlarına 8 milyard dollar xərcləyib. Bundan sonra mən yalnız rəsmi sənədlərə (hökumətin büdcə sənədlərinə, hesabatlarına və rəsmi şəxslərin çıxışlarına) əsaslanaraq, çox kiçik bir araşdırma apardım və hökumətin I Avropa Oyunlarına birbaşa xərclərin 3.7 milyard manat olduğunu aydınlaşdırdım. Amma belə başa düşürəm ki, bu, bizim hakimiyyətin möhkəm xətrinə dəyib… Görəsən niyə? Məbləği “azaltmışam”, ona görə?
Yeri gəlmişkən, mən bu məbləği açıqlayanda hətta bəzi müxalifət siyasətçiləri də razılaşmaq istəmədilər. Deyirdilər, yox eee “o boyda xarici mətbuat-filan”… bu günədək əslində heç bir mənbəyə əsaslanmayan 8 milyard dollar məsələsi dövriyyədədi…
Dünən hakimiyyətyönlü media Azərbaycan, ingilis və rus dillərində bir yazı dərc ediblər. Güya Azərbaycana qarşı hansısa planı ifşa ediblər. Amma əslində hər sayt bu materialı öz adından dərc etməklə sifarişçini ifşa edib. Yazının hakimiyyətin yazılı və elektron mediasında və hakimiyyətə nökərlik edən “müstəqil” medada bir gündə yer alması sifarişin çox yuxarıdan gəldiyini göstərir.
Mənim adım bu yazıda xüsusi çəkilir. Güya mənə idman qurğularının tikintisində korrupsiya barədə yazılar tapşırılıb. Deyirlər, tapşırıq yanvarda verilib. Üstündən 4 ay keçib, bəs niyə indiyədək heç olmasa bircə yazı yazmamışam?
Ümumiyyətlə, mənim bu mövzuda yazmağıma bir ehtiyac varmı? Əgər Beynəlxalq Şəffaflıq Təşkilatı hər il Azərbaycanda korrupsiyanın miqyasını aydın göstərirsə, mən əlavə nə deyə bilərəm? Əgər idman komplekslərinin tikintisi üçün büdcədən milyardlar ayrıldığı halda, YAP-çı biznesmen Abdulla Abdullayev (AMAY) durub deyirsə ki, həmin komplekslərdən birini o şəxsi puluna tikdirib, mən buna nə əlavə edə bilərəm?
Dünən Azadlıq Radiosunun sualına cavab olaraq bir məsələni qeyd etmişdim. Sözügedən yazıda ABŞ dövlət katibi Con Kerrinin adını “təşkilatçı” kimi çəkirlər. Mən isə düşünürəm ki, Azərbaycan hakimiyyətinin əsas dəstəkçisi həmişə olduğu kimi, elə indi də ABŞ və Avropa Birliyinin müəyyən dairələridir. Belə bir hakimiyyət onların maraqlarına xeyli dərəcədə cavab verir…
Bir də maraqlıdır, bizim hakimiyyətdəkilər düşünürlər ki, Con Kerri əvvəl Konqresdə rəhbərlik etdiyi komitəni hələ də idarə edir. Necə ki, fövqəladə hallar naziri Kəmallədin Heydər hələ də ğömrüyü fırladır. Düşünürlər, necə ola bilər, dövlət katibi olasan, əvvəlki postları əldən verəsən? Bu qədər dayaz bir düşüncə içindədirlər…
Bəs Con Kerriyə qarşı xeyli müddətdir aparılan kampaniyanın məqsədi nə ola bilər? Mənə elə gəlir, bu, bir “randevu” dərdidir. Görüşə bilmirlər, ona görə də “diqqət çəkmək” istəyirlər. Çox təəssüf ki, bizim hakimiyyətin bu cür variantları əvvəllər keçib.