Agentliyin qapadılması ilə bağlı rəsmi açıqlama yoxdur
Artıq bir sutkaya yaxındır ki, APA holdinqə daxil olan informasiya resursların giriş mümkünsüzləşib. Saytda son məlumat avqustun 1-də, saat 19.00-da qoyulub. Bundan bir saat əvvəl holdinqin prezidenti Vüsalə Mahirqızı ölkə başçısı İlham Əliyevin Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində çıxışının saytda texniki səbəblərdən səhv getməsi ilə bağlı üzr istəyib.
Ardınca isə saytlara giriş qeyri-mümkün olub. Hətta VPN proqramı ilə də sayt açılmayıb.
Prezidentin çıxışının mətnini bütün agentliklər yayıb. APA da daxil olmaqla hökumətin təsir dairəsindəki digər agentliklər ilə Azərtac-ın yaydığı mətn arasında fərqlər olub.
Agentliklərdə İlham Əliyevin fikri belə qeyd edilib: “Prezident: “Ermənistanın yeni rəhbərliyi işğalçı siyasəti davam etdirmək niyyətindədir””.
“Azərtac”: “Əgər Ermənistan rəhbərliyi bundan sonra da danışıqların uzadılması ilə məşğul olacaqsa, bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq”.
APA: Prezident: “Ermənistanı çökdürəcəyik”.
Məsələ ilə bağlı hələ holdinqin rəhbərliyinin və ya Mətbuat Şurasının rəsmi açıqlaması yoxdur.
APA holdinq 2012-ci ilin 3 oktyabrında təsis olunub. Holdinqə Azəri Press Agentliyi, “Lent.az” İnformasiya Agentliyi MMC, “Vesti.az” İnformasiya Agentliyi MMC, “APASport.az” İnformasiya Agentliyi MMC, “APA ADVERTİSEMENT PR” MMC, “APA SERVİS” MMC daxildir.
Holdinqin prezidenti Vüsalə Mahirqızı, Direktorlar Şurasının sədri Nurşən Quliyevdir.