Nədənsə, məhz bu günlərdə qəflətən anladım ki, XX əsr artıq çox-çox keçmişlərdə qalıb.
Artıq onun, yəni keçən yüzilin, zatən XIX əsrin anoxranizmi olan proqressivist ideyaları tam və qəti iflasa uğradığının şahidiyik. Bəlkə də bəşər tarixinin hansısa silsiləsi özünü başa vurub, belə də ola bilər.
Lakin bir məsələni əsla inkar etmək olmaz – bəşəriyyətin müstəsna inkişafı ilə bağlı bütün XX əsri saran utopiyalar tamamilə iflas etmiş, əksinə keçən yüzillikdə iğtişaşını tapmış antiutopik ədəbiyyat və incəsənət isə artıq həyatda real yerini tutmuşdur. Sənət isə artıq əsla gələcəyin göstəricisi deyil, həyatın reallığı ardınca sadəcə sürünməkdədir.
Bu gün çox rahatca Martin Luther’in 500 il bundan öncə (31 oktyabr 1517-ci ildə “Doxsan beş tezis”, Wittenberg) başlatdığı və bütün hazırkı sivilizasiyanın vektorunu müəyyənləşdirmiş reformasiyanın sona gəldiyini konstatasiya edə bilərik. Klerikalların revanşı da efemer düşüncənin təxəyyülü olmaqdan lap çoxdan çıxıb – fərqi yoxdur hansı din (hərçənd ki, ibrahimi din kimi, islam da köklərini bazis əsaslarına görə iudaizmdən alaraq, xristianlıqdan çox da fərqlənmir) qiyafəsində, lakin istənilən halda bu, və ya digər əsaslarda baş tutdu.
İnsanmərkəzçi dünyagörüşü öz passionarlığını itirdiyi üçün, sakral dəyərlər məsələsi özünü yenidən qaragüruhu və qətlləri ilə bəyan edib. XXI və XII əsr insanlarının isə heç bir dialoqu baş verə bilməz – bu da hamıya aydın olmalıdır.
Gözlərini hər şeyə qapamış Azərbaycan cəmiyyətində, bu, artıq açıq-aşkardadır. Özünü tamamilə kompromentasiya etmiş hakimiyyət və eyni zamanda müxalifətin də fonunda yeni dini liderlər çox passionar və inandırıcı görünür. Onların özünəinamı, qətiliyi, hər hansı bir tərəddüddən çox-çox uzaq olan bəyanatların bunu deməyə tam əsas verir. Hazırda dünyada baş verən bütün proseslər də onların doğru olduğunu, həqiqiliyini sübut etməkdədir. Belə bir kontekstdə onlar və yalnız onlar hazırda Azərbaycan adlanan, və öz dünyəvi mədəniyyətini M.F.Axudovun yaradıcılığından başladan bir ölkə və mədəniyyətin yeganə və alternativsiz gələcəyi kimi görünür.
Nədir məsələnin mahiyyəti? Azərbaycan vətəndaşlarının son qərinədə, daha doğrusu, son 25 ildə nə kimi bir təcrübə sahib olduğunu bilərək, elə indi də, bəlkə lap 70%-dən çoxunun bu gün ağır sosial durumda olması kimin üçün sirrdir? Belə bir təcrübə öz ağırlığı və bitməyən mənasızlığı ilə dünyəvi mahiyyəti olan rejimə, eyni zamanda ondan heç bir xilas yolu tapa bilməyən hazırkı müxalifətə proeksiya edilməyəcəkdimi, necə düşünürsünüz?
Hər hansı bir insan, və ya cəmiyyət, çıxış yolunun mümkünsüzlüyü zamanı artıq hər şeydən əlini üzüb sakrala nicat gətirməyəcəkdimi, onun bu gün Hacı Taleni baş qəhrəmana çevirməmək şansı vardımı? Doğrudan da bu gənc lider çox ardıcı və səmimidir, bəyanlarında da çox lakonik və konkretdir. Dini əsla yalnız inanc kimi deyil, onu eyni zamanda dövlətin yeganə qanunu, cəmiyyətin təkhüquqlu tənzimləyicisi kimi görür. Və bu da Hacı Taleni, ondan öncə gələn ictimai dini xadimlərdən fərqləndirən başlıca amildir. Bu fonda illərlə Nardaranda, imam Hüseyn meydanında aşuraya yığılan kütlənin artması və faktiki zəncirvari reaksiyası ilə müşayiət olunan bu proses nə ilə bitə bilər, kimin üçünsə yenə də şübhəli qalırmı?
Toplumumuzun hazırkı durumunu nə qədər təhlili etsək də, nə kimi refleksiyadan keçirsək də, son nəticə eyni alınır – indiki vəziyyət istənilən halda qanunauyğundur, ədalətlidir, hansı yolla gəlsəydik də sonu bu olacaqdı, çünki başqası prinsipcə mümkün deyildi.
Antiutopiya bu gün Azərbaycanda artıq hər bir evə öz ayağı ilə gəlib, bütün baş verənlər artıq Kafka, Orwell, Zamyatin, David Lynch, Bunuel, Salvador Dali’dir. Əgər kimin üçünsə yenə də nəsə qaranlıq qaldısa, o halda bir zamanlar seyrinə rəğmən bizim cəmiyyətə aidiyyatını qəbul edə bilmədiyimiz, amma indi artıq qorxunc reaallığa çevrilməkdə olan “Korlar ölkəsi” (“Land of the Blind”, 2006, rejissor Robert Edwards) filmini tövsiyə edərdim. Süjeti haqda heç bir şey yazmayacam, özünüzün baxmanız gərəkdir.
Deyir bax, yaxşı-yaxşı bax, bir daha görməyəcəksən. Sitatın sonu. Heş zad.
P.S. Bəs indi necə olsun, onda bizim 150 illik böyük maarifçilik puça getdimi? Əlbəttə ki. Nə olsun? Adama deyərlər – cəhənnəmə ki, puça getdi, odey, camaatın 500 illik reformasiyası orada az qala kəlləmayallaq olub, şəkililər demiş, hayındı sora?
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…