Antikollektor ofisi bankı məhkəməyə verdi

”Bank tikinti şirkətinə pulu manatla köçürsə də, vətəndaşa krediti dollarla rəsmiləşdirib”

Source:


”Bank tikinti şirkətinə pulu manatla köçürsə də, vətəndaşa krediti dollarla rəsmiləşdirib”

Antikollektor Ofisi Bank VTB-ni 32 borclu kollektiv iddia ilə məhkəməyə verib.

Bu barədə ofisin rəhbəri Əkrəm Həsənov öz Facebook səhifəsində məlumat yayıb.

O, bildirib ki, Antikollektor artıq bank VTB haqqında Nəsimi rayon məhkəməsində iddia qaldırıb. İş hakim Şahin Abdullayevə verilib. İddiaçı qismində həmin bankdan dollarla “ipoteka krediti” almış 32 nəfərdir.

Hüquqşünas ümid edir ki, məhkəmə işə məhz kollektiv iddia kimi baxacaq, nəinki hər bir iddiaçı üzrə işi ayrıca icraata ayırmayacaq. Əks təqdirdə, məhkəmələrdəki proseslərin sayı çox artacaq.

Məsələnin məzmununa gəlincə, Həsənov bildirib ki, vətəndaş tikinti şirkətindən (“ASP” və “Feba”) tikilən binada mənzil alıb. Qiymətin bir hissəsini manatla ödəyib. Digər hissəsini isə tikinti şirkətinin təklifi ilə bankdan alıb. Bank tikinti şirkətinə pulu manatla köçürsə də, vətəndaşa krediti dollarla rəsmiləşdirib. Bir sözlə, vətəndaşı aldadıb. Banka qarşı iddia predmeti də məhz bundan ibarətdir: aldatma, vicdansızlıq və s. əsaslara görə kredit müqaviləsinin etibarsız hesab edilməsi. İddia təmin edildiyi təqdirdə, vətəndaşlar banka onun tikinti şirkətinə ödədiyi manat məbləğini qaytarmalı olacaqlar. Başqa sözlə, devalvasiya zərərindən qurtulacaqlar: “Əlavə olaraq onu da bildirim ki, bu “ipoteka krediti” əslində fırıldaqdır. Çünki orada ipoteka yoxdur. Ola da bilməzdi, guya, ipotekaya qoyulmuş mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmayıb. Bir sözlə, bankın təminatı yoxdur. Yəni vətəndaş məhkəməni uduzsa belə, bank mənzili ondan ala bilməyəcək. Çünki yeganə və ipoteka ilə yüklü edilməmiş mənzili vətəndaşdan almaq olmaz”.

Hüquqşünas hesab edir ki, bu iş üzrə vətəndaşların hüquqları tikinti şirkətləri tərəfindən də pozulub. Buna görə də Antikollektor məsələnin bu aspekti ilə də məşğul olacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək.

Ana səhifəXəbərlərAntikollektor ofisi bankı məhkəməyə verdi