Anti-suverenliyə qarşı

(müstəqilliyin bərpasının 24 illiyinə)

Source:


“Müstəqiliksə, niyə əzilirik?!” təbəddülatları haqda:

Suverenlik toplumsal tərəqqinin ədalət axtarışındakı mühüm tapıntısıdır. Fəlsəfi hədəfi də “insan azadlığına qarşı” yox, “insan azadlığı naminə”dir. Suverenlik insan azadlıqlarının təminatçısı olan müstəqil məhkəmənin, azad seçkinin, toplum maraqlarının ifadəçisi olan idarəetmənin (suveren dövlətin) ilkin şərtidir. Suverenlik olmadan çalışan demokratik sistem mövcud ola bilməz. Dünyada “suveren deyil, amma insanları azaddır” deyə biləcəyimiz toplum yoxdur. Dünyada “Suveren”dir (dövlət), amma toplum azad deyil” deyə biləcəyimiz çox sayda toplumun olması, “Suverenlik azadlığa qarşıdır” məntiqini yaratmır, yarada bilməz.

O zaman gərək “bizim polis bizi şərləyir, deməli, polis təhlükəsizliyin düşmənidir” məntiqini doğru sayaq.

Suverenlik geniş anlamda, həm də qəti şəkildə topluma, (xalqdan və ya xalqlardan ibarət) daha doğrusu, “super suverenliyi” əlində tutan topluma aid legitim ÜSTdür. Suverenliyin fəlsəfəsində “super suveren” olan, “kimlik”və ya “titul” deyil. Əzici çoxluq və ya SEÇİLMİŞ azlıq da deyil. Və ya hansısa etnik kimliyin “mən hegemonam” duyğusunun mütləq hakimliyi də deyil. Bunun adı, bir halda, çoxluğun ,digər halda kralın , indiki halda (20-21 əsr) “Modern Diktator”un super suverenliyidir.


Kral suverenliyindən xalq suverenliyinə

Suverenliyin gerçək tərifini verə bilmək üçün əvvəl bu anlayışla əlaqədar müzakirələrin tarixi proses içindəki seyrini araşdırmaq, daha sonra da suverenlik ilə nəyin nəzərdə tutulduğunu; bir fərziyyənin ideoloji dərkin dəlilmi qılındığını, yoxsa heç bir hüquq sisteminin biganə qalmayacağı bir hüquqi reallığımı göstərdiyini ortaya qoymaq lazım olacaq.

Suverenliyi dövlət qüdrətinin bir xüsusiyyəti olaraq qəbul edən yanaşmaya görə, suverenlik tamamilə mənfi bir konseptual məzmuna sahibdir.Suveren olan dövlət, ölkəsi içində mütləq bir üstünlüyə sahib olub, özündən üstün və ya bərabər səviyyədə başqa hər hansı bir iqtidarı “tanımır”. Dövlətin hakim olduğu ətraf içindəki bütün iqtidarlar dövlət qüdrətinə, nüfuzuna bağlıdır. Dövlət ölkəsi xaricində də suverenlik xarakteri etibarilə digər dövlətlərə qarşı mütləq bir müstəqilliyə sahibidir.

Bu halda dövlət qüdrətinin suverenlik xüsusiyyəti, onun hər hansı bir nüfuza tabe olmadığını – ölkə içində ən üstün, ölkə xaricində müstəqil olduğunu ifadə etməkdədir. Hansı ki, irəlidə də bəhs edəcəyimiz kimi, suverenlik anlayışının tarixi təkamül müddəti içində bu görüş, yəni “suverenlikdə məqsəd dövlət qüdrətinin bir xarakteri olduğunu” irəli sürən yanaşma, ideoloji olaraq, Fransız Kralının içəridə bir qism imtiyazlarla onun hökmranlıq haqlarını məhdudlaşdıran feodal bəylərə, çöldə də Papa və Roma imperatoruna qarşı istifadə edilib. Bu anlayış suverenliyin ilk və əsl mənasını təşkil edir.

Suverenlik anlayışının təyin olunmasındakı bir başqa yanaşmaya görə isə suverenlik, dövlət hakimiyyəti (qüdrəti) mənasına gəlməkdə; dövlət qüdrətinin özünü, məzmununu, əhatəsini, qısaca dövlətin daxildə və xaricdə istifadə səlahiyyətlərinin hamısını ehtiva edir.

Tarixi proses içərisində suverenlik sözünün fərqli mənaları bunlardır:

a) Hüquqi Hökmran: ölkənin tabe olduğu hüquqa görə qanunvericilik ya da hökumətin idarəsi vəzifəsini boynuna götürən adam ya da kəslər.

b) Siyasi, ya da konstitusiyalı Hökmran: hər hansı bir anda gerçək nüfuzun son olaraq özlərində qaldığı kəslər birliyi (super suverenliyin xalqa məxsusluğu).

Qısacası, suverenlik, qanun istehsalında, idarə, icra və məhkəmə sahəsində mütləq gücə sahib olmaqdır. Məsələn, İngilis Parlamentinin suverenliyi bunun bir nümunəsi olaraq göstərilə bilər. Ancaq hüquqçular və siyasət elmi mütəxəssisləri insanlar, ya da təşkilatlarla əlaqədar olaraq bu gücün tam mənasıyla harada olduğu, bu mütləq gücə gerçəkdə kimin sahib olduğunu tapmaqda çətinlik çəkirlər.Toplumda suverenliyin bütün xüsusiyyətlərini özündə cəmləyəcək bir şəxsi hələ tapmayıblar (“super suverenlik” şəxsin üzərində cəmləşdirilməyib).

Aristotelə görə, vətəndaşların ümumi olaraq qəbul etdiyi dövlətdə ən yüksək güc bir, bir neçə və ya bir çox adama təslim edilə bilər.Onun görüşündə dövlətin əsl ayırdedici istiqaməti öz-özünə yetərliliyidir, suverenliyi deyil. Orta çağlarda Roma qanunlarının təsiriylə mütləq suverenlik nəzəriyyəsi hüquqçularının yazılarında da əsas istiqamət kimi “imperator hökmrandır” şəklində ümumiləşir. Ancaq imperiyanın gücü zəiflədiyində yeni bir hökmranlıq ölçüsü qəbul edildi: xaricə qarşı müstəqillik.

Mübarizə üç güc arasında idi: Kilsə, Roma İmperatorluğu (Dövlət) və böyük torpaq sahibləri (və ya hüquqi şəxslər, şirkətlər).

Suverenliyin ictimai müqavilədən qaynaqlandığı şəklindəki populyar nəzəriyyə isə Hobbes, Rousseau və Lockenin görüşləridir. Bu halda suverenlik cəmiyyətin təşkil olmuş şəkli ya da ümumi iradəsi olaraq ortaya çıxır, krallar ya da parlamentlər bu iradənin sükanı kimi qəbul edilir.

Platon və Aristotel isə qanunun suverenliyindən bəhs edir. Platon deyir: “Qanunun idarəçilərdən üstün, idarəçilərin qanundan aşağı olduğu ölkəni toplumun nicatı kimi düşünərəm”.

Eyni görüş bir çox Alman hüquqçuları tərəfindən da ifadə edilib (Yalnız qanunda varlığını tapan, qanun içində var olan; yalnız hüquqi nizam tərəfindən təşkil edilən dövlət fikri). Açılışı təxminən belədir: Siyasət terminologiyasında suverenlik, tək adam, ya da bir təşkilat tərəfindən insanların nəzarət altında tutulmasıdır. “Suveren” olanların sözləri qanundur; qanuni olaraq hər şərt altında onlara itaət etmək məcburiyyətində olan insanlar üzərində əmr və qanunlarını zorla qəbul etdirmə yönündə qarşı gəlinəməz hüquqlara sahibdirlər. Bu əmrləri pozmaq, ya da qarşı çıxmaq yönündə heç kimsə qanuni bir gücə sahib deyildir. Bütün hüquqlar suverenin (toplumun) arzularına bağlı olaraq verilir, ya da alınır. Digər bir ifadəylə, qanunvericinin verdiyi hüquqlardan başqa haqq yoxdur!..

Qanunlar suveren olanların istəyi ilə əmələ gəlir və ya ləğv edilir; bütün vətəndaşlar bu qanunlara itaət etmək məcburiyyətindədirlər, ancaq suverenlik heç bir qanuna bağlı deyildir.Çünki O, super suverendir. Hətta “onun” davranışları yaxşı və pis, doğru və yanlış olmanın kriteriyasıdır…..Huquqçuların baxışına görə suverenlik anlayışının mənası və mahiyyəti budur.

Daha sonralar demokratik anlayışın cəmiyyətlərin düşüncəsində inkişafı nəticəsində hökmdar və ya padşahın suverenliyi fikri tərk edilib, yerinə millətin suverenliyi (milli suverenlik) ya da xalqın suverenliyi (xalq suverenliyi) fikri möhkəmlənib.

Göründüyü kimi, suverenlik təriflərinin ortaq nöqtələrini verən bu yanaşmalar anlayışın özü və məzmununu əks etdirməkdən daha çox suverenlik sözü dövlətə ya da onun orqanlarına aid edildiyində nəyin nəzərdə tutulduğunu göstərməyə istiqamət verir.

Mənim vurğulamaq istədiyin isə odur ki, suverenliyin inkişaf tarixi “ədalətə doğru” tendensiyadadır və “ədalətli cəmiyyət” arzularının reallaşması üçün mühüm instrumentdir.

Bu mənada, məsələn əvvəlki “millət-dövlətlərin” Aİ-də birləşməsinə “azadlıqlar naminə artıq suverenlikdən imtina edirlər” yanaşması kimi baxmaq kökündən yanlışdır. Aİ “super suverenliyi” əlində tutan topluma (xalqalardan ibarət) aid SUVERENlikdir: “az” suveren dövlətlərin, “çox” suveren birliyi.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəAnti-suverenliyə qarşı