Milli Televiziya və Radio Şurası (MTRŞ) Mirşahin Ağayevin yaratdığı “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə peyk yayımı üçün lisenziya verib.
Qərar MTRŞ-nın martın 5-də keçirilmiş iclasında qəbul edilib. Qurumun yaydığı məlumatda deyilir ki, yayım lisenziyası “Real Təhlil İnformasiya Mərkəzi”nə ixtisaslaşmış xəbər kanalı kimi peyk yayımı üçün müddətsiz verilib.
Mirşahin Ağayev 2016-cı ildə fəaliyyəti dayandırılmış ANS telekanalının təsisçilərindəndir. Yeni “Real TV”-nin də əsasən ANS-in keçmiş əməkdaşlarından formalaşdığı bildirilir. Keçmiş ANS-çilər özləri bu barədə sosial şəbəkələrdə məlumatlar paylaşıb.
ANS Türkiyədə 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhddə adı hallanan Fəthullah Gülənin müdafiəsinə yönəlik, terrora çağırış xarakterli materialları yayımlamaqda günahlandırılırdı. MTRŞ həmin il, iyulun 18-i saat 18:30-dan etibarən bu kanalın yayımını dayandırmışdı.
Məhkəmə Şuranın iddiası əsasında kanala 2013-cü ildə verilmiş lisenziyanı ləğv etmişdi. Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayıb.
Teleradio Şurası «ANS-ÇM» radiosunun da lisenziyasını ləğv edib.
ANS rəhbərliyi hesab edir ki, telekanalda terrorçuluğun təbliği barədə iddiaların heç bir əsası yoxdur. Onlar həmin qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verib.
Hazırda M.Ağayevlə ANS-in prezidenti olmuş Vahid Mustafayevin yollarının ayrıldığı haqda məlumatlar dolaşır. Yayılan məlumatlarda o da deyilir ki, yeni yaranmış telekanal tənqidi fikirləri, sosial şəbəkələrdə fəal olan səhifələrin tamaşaçılarını öz ətrafına çəkməyə hədəflənib.
Jurnalist Xədicə İsmayıl “Real TV” ilə bağlı araşdırma aparıb. Jurnalist “Facebook” səhifəsində bu barədə məlumat paylaşıb:
“Lisenziyanı “REAL TƏHLİL İNFORMASİYA MƏRKƏZİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnə veriblər.
Direktoru Mirşahin Ağayevdir. MMC-nin qeydiyyatdan keçdiyi ünvan Əhməd Rəcəbli küçəsi 19-dur.
Həmin ünvanda daha hansı şirkətlər qeydiyyatdan keçib?
“MODERN GROUP OF COMPANIES” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
“SENTRA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
“TRADE SUPPLY” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
“GÖZƏL QADIN DÜNYASI” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
“MEQA SIĞORTA” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
“MODENİS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
“İNACON” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏT
Bunların əksəriyyəti reyestr üzümüzə bağlanandan sonra qeydiyyatdan keçib, ona görə kimə məxsus olduğunu bilmirik. Bildiyimiz ikisidir: “Modern Group of Companies” və “Meqa Sığorta”.
Hər ikisinin təsisçisi Qurbanov Yaşar Feyzi oğlu göstərilir (hər halda 2012-ci ilədək o olub).
Qurbanov Yaşar Feyzi oğlunun başqa iş yeri “Express Bank”ın Direktorlar Şurasının üzvü olmaqdır.
“Ekspress Bank” isə prezident Əliyevin qızlarına məxsusdur. Təsisçilərindən biri “Ador” MMC-dir. Həmin şirkətin qeydiyyat ünvanı isə Mehriban, Leyla və Arzu Əliyevaların vaxtilə seçici qeydiyyyatında olduğu Səməd Vurğun küçəsi, 7 ünvanıdır.
İndi aydındırmı Real TV kimin nəzarətindədir?”