Şikayətdə yerli məhkəmə qərarlarının qanunsuz olduğu deyilir
ANS telekanalının rəhbərliyi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib. Şikayətdə telekanalın lisenziyasının ləğvi barədə yerli məhkəmələrin qərarlarının qanunsuz və əsassız olduğu deyilir.
Məlumatı AzadlıqRadiosu yayıb.
Bildirilir ki, ANS-ə münasibətdə Avropa Konvensiyasının 6 (ədalətli məhkəmə araşdırması hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrinin tanınması xahiş olunub.
Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyədə 15 iyul hadisələrindən sonra ANS-in efirində Fətullah Gülənin müdafiəsinə yönəlik, terrora çağırış xarakterli materialların yayımlandığını iddia edərək, 2016-cı il iyulun 18-də kanalın yayımını dayandırıb. Şura daha sonra ANS-in 25 oktyabr 2013-cü ildə verilmiş lisenziyanın ləğvi üçün məhkəməyə müraciət edib. Məhkəmə iddianı təmin edib. Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb. ANS rəhbərliyi həmin qərardan Avropa Məhkəməsinə şikayət edib.
Teleradio Şurası “ANS-ÇM” radiosunun da lisenziyasını ləğv edib.
ANS rəhbərliyi telekanalda terrorçuluğun təbliği barədə iddiaların heç bir əsasının olmadığını deyir.