İddia olunur ki, yeniyetmə məktəbi partlatmaq fikrinə düşüb
Bir ay əvvəl Bakı məktəblərindən birinin yeddinci sinif şagirdi Mehdi (adı dəyişdirilib) Binəqədi rayon polisinin diqqət obyektinə çevrilib. Səbəb saxta ünvandan göndərilən anonim elektron məktub olub.
Bu barədə məlumat yayan “Turan” yazır ki, paytaxtın Binəqədi rayonunda yerləşən “Baku İnternational School”a ünvanlanan məktubda Mehdinin məktəbi partlatmağa hazırlaşdığı iddia olunub. Hətta məktubda məktəblinin telefon nömrəsi də göstərilib.
Agentlik məktəblinin valideynləri ilə birlikdə Nəsimi Rayon Polis İdarəsinə çağırılaraq araşdırma aparıldığını qeyd edib:
“Məlum olub ki, məktubu Qazaxıstan vətəndaşı yazıb, Mehdi də guya “WhatsApp” yazışmasında öz planları haqqında ona danışıb. Ancaq yazışmanı tədqiq edən polislər ittihamların təsdiqini tapmayıblar. Elə həmin gün axşam Binəqədi rayon 5-ci Polis Bölməsində də bənzər araşdırma aparılıb. Yazışmaların tədqiqi də Mehdinin kimə isə belə bir plan haqqında danışdığını və ya yazdığını təsdiq etməyib”.
Yeniyetmə polisdə verdiyi ifadəsində məktubu kimin yazdığını bildiyini deyib.
“Özü kimi yeniyetmələrdən ibarət internet qrupunun üzvü olarkən Mehdi onlardan biri – Qazaxıstan sakini ilə mübahisə edib. Mübahisəyə Qarabağda müharibə ilə əlaqədar Azərbaycanın ünvanına təhqirlər səbəb olub. Mehdi bu təhqirlərə cavabı verərək onu bloklayıb. Ancaq intiqam almaq qərarına gələn qazaxıstanlı yeniyetmə Bakıdakı məktəbin ünvanına yalan məktub göndərib”,-deyə məktəblinin valideynləri agentliyə bildirib.
Nəsimi Rayon Polis İdarəsində və Binəqədi rayon 5-ci polis bölməsində aparılan araşdırmalarda deyilənlər təsdiqlənib. Nəsimi Rayon Dövlət Təhlükəsizlik Xidməti də eyni nəticəyə gəlib.
Bununla belə, Binəqədi Rayon Polis İdarəsi Mehdinin aprelin 11-də yenidən valideynləri ilə birlikdə dindirməyə çağırıb.
Müstəntiq Ramil Qabulov iddia edib ki, məktubu Mehdi yazıb.
“Uşagın əməlində cinayət tərkibi var, gəlib ifadə verməlidir”,- deyə müstəntiq söyləyib.
Valideynlərin iş materialları ilə tanış olmaq və belə bir şey olmadığından əmin olmaq təklifinə müstəniq narazılıqla əvvəlki ifadələri vərəqləyib və yenidən tələbini təkrar edib. R.Qabulov əlavə edib ki, başqa tədbir görüləcək.
“Digər yeniyetmə Mehdinin telefon nömrəsini hardan öyrənib?”, – deyə o sual edib. Polis kapitanına “WhatsApp”la yazışma olduğunu izah etmək lazım gəlib.
“Övladınız niyə siyasətlə məşğul olur?”, – deyə müstəntiq daha bir sual verib. Valideynlər agentliyə deyib ki, ona uşağın bir vətənpərvər kimi davrandığı, kiməsə xalqını və ölkəsini təhqir etməyə imkan vermədiyi bildirilib.
Amma Ramil Qabulov Mehdinin zərərçəkmiş şəxs olduğunu qəbul etmək istəmir.
Olayla bağlı DİN-nin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Meydan TV-nin sorğusuna cavab verib.
E.Hacıyev bildirib ki, məktəbə daxil olan anonim elektron məktubla bağlı araşdırma aparılır:
“Araşdırmanın aparılması həmin məktubun kim tərəfindən və nə məqsədlə göndərilməsini aydınlaşdırmaqdan ibarətdir. Hazırda bu istiqamətdə müvafiq tədbirlər davam etdirilir”.