Anna Freyd – uşaq psixoanalizinin banisi

Günlərin birində Freyd qızına deyir ki, daha ağrılara dözə bilmir və həyatına son vermək istəyir

Source: meydan.tv

Bu məqaləni müəllim məsuliyyətsizliyi ucbatından həyatını itirmiş Elina Hacıyevaya həsr edirəm.


“Uşaq müəssisələriylə əlaqəli karyera seçmiş şəxslər uşaqların psixi həyatındakı inkişaf xüsusiyyətlərindən bəhs edən sahədə kompetent olmamaq hüququna sahib deyillər. Müəllimlər bu sahədə fəaliyyətə başlamazdan əvvəl öz psixoloji problemlərini araşdırmalı və konfliktlərdən yayınmalıdırlar. Əks halda uşaqlar tərbiyəçinin şüuraltı problemlərinin həllində istifadə edilən az-çox uyğun materiala çevrilə bilərlər”.


Anna Freyd

Anna Freyd – avstriyalı psixoanalitik, Ziqmund Freydin qızı, uşaq psixoanalizinin banisi; Vena Psixoanaliz Cəmiyyətinin sədri, Vena, Klark, Şeffild, Çikaqo, Yelsk və Höte universitetlərinin, Cefferson Tibb Kollecinin fəxri doktoru; İngiltərə Kraliyyət Tibb Cəmiyyətinin üzvü, Kraliyyət Psixiatorlar Cəmiyyətinin fəxri üzvü, Amerikanın İncəsənət və Elm Akademiyasının fəxri üzvü, Beynəlxalq Psixoanalitika Assosiasiyasının fəxri prezidenti və nəhayət, bütün ömrünü uşaq psixologiyasının öyrənilməsinə və uşaqlara yardıma həsr etmiş insan.

****

Ziqmund Freydin altıncı-sonuncu övladı olan Anna 1895-ci ildə Venada dünyaya gəlib. Atasının ən böyük kəşfi (insan psixikasının sturkturu) məhz o ərəfəyə təsadüf etdiyi üçün Annanı psixoanalizin həmyaşıdı da hesab etmək olar.

Diribaş və hay-küylü bacı-qardaşlarından fərqli olaraq, o, sakit və yumşaq təbiətli uşaq olub, amma psixoanalitik atası məhz ona maraq göstərib, hətta 13 yaşı olanda Freyd qızının Psixoanalitiklər Cəmiyyətinin toplantılarında iştirak etməsinə icazə verib və zamanla Anna onun ən yaxın dostuna çevrilib. Bu dostluq Freyd vəfat edən günə qədər davam edəcək, ən çətin günlərində onun ən böyük dayağı qızı olacaqdı.

****

Anna maddi baxımdan normal şəraitdə yaşasa da, anası və bacı-qardaşlarıyla münasibətlərinin soyuqluğundan əziyyət çəkib. Dayəsini anasından çox sevən, özünü çox çirkin hesab edən qızcığaz atasına daha yaxın olmaq uğrunda gözəl bacısı Sofiylə daim gizli çəkişmədə olub. Dostlarıyla söhbətində Freyd Annanın bu halını “bir əsrlik qısqanclıq” adlandırıb.

Bundan başqa, qardaşlarından biri atasına məktub yazaraq bildirib ki, Anna “ağılsız fikirlərdən və hisslərdən əziyyət çəkir”. Valideynləri evin digər uşaqlarıyla fasiləsiz rəqabət halında olan qızı depressiyadan müalicə məqsədilə, həm də arıqlayıb normal çəkiyə düşməsi üçün bir neçə dəfə sanatoriyalara və səyahətlərə göndərib.

İvrit, ingilis, alman fransız və italyan dillərini bilən Anna sinfin yaxşı oxuyan şagirdlərindən olub, hərçənd sonralar deyəcəkdi ki, buna o qədər də cəhd göstərməyib, biliklərini daha çox atasından və onun qonaqlarından alıb.

15 yaşında atasının məqalələrini oxumağa başlayıb, amma ixtisasla bağlı tərəddüdləri ucbatından həkimliyi yox, müəllimliyi seçib və 5 il ibtidai sinif müəllimi işləyib (1915-1920). Onun fəaliyyətini yüksək qiymətləndirən məktəb direktoru Salka Qoldman Annanın “öz vəzifəsinə son dərəcə məsuliyyətlə və vicdanla yanaşdığını, onda xüsusi bir öyrətmək vergisi olduğunu” deyib.

Amma səhhətindəki problemlərə görə Anna məktəbdən ayrılmaq məcburiyyətində qalıb. Bundan sonra psixoanalizlə daha dərindən maraqlanan gənc qız uşaq psixologiya üzrə ixtisaslaşmağa başlayıb.

****

1922-ci ildə “Fantaziya və arzuların məğlubiyyəti” adlı məqaləsini Venanın psixoanalitika cəmiyyətinə təqdim edən Anna Freyd oranın üzvü olur və şəxsi praktikayla məşğul olmaq hüququ qazanır.

1923-cü ildə uşaqlarla işləməyə başlayır. Azyaşlıların psixoanalizə cəlb edilməsi məhz Annanın sayəsində müstəqil sahəyə çevrilir. O, böyüklər qədər uşaqların da, bəzən hətta onlardan da çox köməyə ehtiyacı olduğunu düşünərək bu sahədə ciddi işlər görməyə başlayır. Amma böyüklərdən fərqli olaraq uşaqlar seanslarda ərköyünlük edir, danışmaq istəmir, masanın altında gizlənirdilər. Annanın pedaqoji təcrübəsi bu yerdə onun köməyinə gəlir – gənc müəllimə həmişə şagirdlərinin simpatiyasını qazanmağı bacarmışdı. O, öz kiçik pasiyentlərinə maraqlı əhvalatlar danışır, cürbəcür fokuslar göstərir və onlarla danışmaq üçün bəzən hətta özü də masanın altına girir.

Annanın ilk pasiyentləri arasında məşhur “Tiffani” zinət əşyaları mağazasının sahibi, ixtiraçı-istehsalçı Tiffaninin varisi Doroti Berlinqemin dörd uşağı da vardı (Bir neçə il əvvəl vəfat etmiş bacısı Sofinin oğluna analıq edən gənc qız zamanla bu uşaqlar üçün də ikinci ana olacaqdı). Nyu-Yorkdan Venaya uşaq psixoanalizini öyrənmyə gələn Doroti bir müddət sonra həm də Annanın iş ortağına çevrilmiş, onlar arasında “lesbiyan əlaqələrini xatırladan intim münasibət” yaranmışdı. Amma həm onda, həm də sonralar Anna bu münasibətlərin “seksual xarakter daşımadığını” bildirmişdi.

****

1924-cü ildə Anna özünün ilk kitabını yazır (“Uşaq psixoanalizi texnikasına giriş”), 1925-1934-cü illər aralığında Anna Beynəlxalq Psixoanalitika Assosiasiyasının katibi vəzifəsində çalışır. Eyni zamanda, uşaqlarla psixoloji iş praktikasını da davam etdirir, bu mövzuda seminarlara və konfranslara qatılır.

1935-ci ildə o, Vena Psixoanalitika İnstitutunun direktoru vəzifəsinə təyin edilir. Bir il sonra “depressiya, narazılıq və narahatlığı dəf etmək üçün eqonun istifadə etdiyi yollar və vasitələr” barədə ciddi araşdırma əsərini – “Eqo və müdafiə mexanizmləri”ni yazır. Hazırda eqo psixologiyasının əsasını təşkil edən bu əsər Annanın yenilikçi nəzəriyyəçi imicini möhkəmlədir.

Bu, kifayət qədər ciddi nailiyyət idi. Çünki ilk illərdə tanış psixoanalitiklər onda “Elektra kompleksi”nin (ataya vurğunluq) olduğunu düşünürdülər, çünki Annanın həyatının mərkəzində duran yeganə kişi atasıydı və heç kim onunla müqayisə oluna bilməzdi. Böyük ehtimal, Freyd özü də belə düşünürdü. Amma həyatının son illərində o, qızını “mənim Antiqonam” (qədim yunan mifologiyasındakı çar Edipin qızı) adlandıracaqdı, çünki Anna da xəstə və artıq aydın danışa bilməyən atasının qulluğunda duracaq, ona katiblik edəcək, beynəlxalq konfranslara qatılıb onun çıxışlarını oxuyacaqdı.

Freyd ağzında əmələ gəlmiş şişi müayinə üçün xəstəxanaya getmiş, ona xərçəng diaqnozu qoymuşdular. Bir neçə gün sonraya təyin edilən əməliyyat uğursuz keçmiş, ciddi qanaxmaya səbəb olmuş, həkimlərin çağırışıyla xəstəxanaya gedən Anna atasını o halda görüb böyük sarsıntı keçirmişdi. “Toxumaların üsyanı” adlandırdığı xəstəliyi Freydi sonrakı illərdə daha 31 dəfə əməliyyat masasına uzanmağa məcbur etmişdi.

Çənəsinin bir hissəsi kəsilib yerinə protez qoyulduğu üçün yeməyə və danışmağa çətinlik çəkən Freyd publik çıxışlardan imtina etmək məcburiyyətində qalmışdı. O dövrdən etibarən Anna atasının yeganə həmsöhbətinə və yardımçısına çevrilmişdi, Freydin ömrü ilk növbədə qızının sayəsində daha 16 il uzanmışdı.

****

1930-cu illərdə Freyd və ailəsi çətin günlər yaşayır, “Psixoanalitik nəşriyyat” iflas həddinə çatır. Müəssisəni ancaq Annanın səyləri nəticəsində xilas etmək mümkün olur.

1936-cı ildə o özünün əsas nəzəri əsəri olan “”Mən” psixologiyası və müdafiə mexanizmləri” kitabını yazır. Bu əsərdə psixoanalizin əsas obyektinin təhtəlşüur olması fikrinə qarşı çıxıan Anna şüurun mərkəzi olan “Mən”i önə çıxardır.

O ərəfədə Avropanın başı üstündə faşizmin qara buludları toplanır. Hitler hakimiyyətə gələndən sonra psixoanaliz qadağan edilir, bir neçə il əvvəl Ziqmund Freydə ən yüksək elmi təltif olan “Höte mükafatı” verilmiş Almaniyada onun kitablarını yandırmağa başlayırlar. Avstriyanın işğalından sonra (1938) psixoanalitiklər və yəhudilər ölkəni tərk edirlər. Yaşlı və xəstə Freyd vətəndən ayrılmaq istəmir.

1_min.jpg
Anna Freyd

Həmin il Beynəlxalq Psixoanalitika Assosiasiyasının fəaliyyətiylə bağlı Annanı gestaponun Vena qərargahına çağırırlar. O, işgəncə görəcəyi halda intihar edə bilmək üçün ailə həkimi Maks Şurdan “Veronal” həbləri alır, amma sorğu-sualdan sonra Annanı evə buraxırlar. Həmin gün onun həyatının ən acı xatirələrindən birinə çevrilir, sonrakı 30 ildə Anna vətəninə də, Almaniyaya da getməkdən və almanca danışmaqdan da imtina edir. Yalnız 1971-ci ildə, o, atasının muzeyinə – bir zamanlar yaşadığı evə baş çəkmək üçün qısa müddətə Venada olur.

Freydi və qızını faşistlərin əlindən Fransa şahzadəsi Mariya Bonopart və Fransa və Avstriyadakı ABŞ səfirləri xilas edirlər (O ərəfədə Hitler bu dövlətlərlə münasibətlərini korlamaq istəməmişdi). Amma psixoanalitiklərə bir şərtlə ölkədən çıxmağa icazə verirlər – gestapoda onlarla yaxşı davranıldığını deməlidirlər. Freyd buna yumorla cavab verir: “Hətta hamıya gestapoda olmağı məsləhət görə bilərəm”.

Az sonra Freyd və ailəsi Londona köçür.

****

1939-cu ilin yayında 83 yaşlı Freydin vəziyyəti pisləşir. O, artıq nə yeyə, nə də danışa bilirdi. Ondan pis iy gəlməyə başlamışdı deyə hamı, hətta sevimli iti də ondan uzaq dururdu. Amma Anna yenə də atasının yanındaydı.

b51fca25426cc54f5f772b2f67bf59e2_L.jpg
Anna Freyd atası Ziqmund Freydlə

Günlərin birində Freyd qızına deyir ki, daha ağrılara dözə bilmir və həyatına son vermək istəyir. Anna ağlayıb etiraz edir, amma sonra atasının istəyinə tabe olmaq məcburiyyətində qalır. Ailə həkiminin vurduğu yüksək dozada morfi iynəsi Ziqmund Freydi əzablardan qurtarır və beləliklə də, o, tarixdə həm də evtanaziyanın tətbiq edildiyi ilk şəxs olaraq qalır.

****

1941-ci ildə Freyd və Berlingem Londonun şimalında müharibədən zərər çəkmiş uşaqlar üçün uşaq baxçası açıb orda çalışanlar üçün psixoanalitika üzrə seminarlar və praktik məşğələlər təşkil edirlər. Bağçadakı müşahidələri əsasında stresin uşaqlara və onların inkişafına təsirini, valideynsiz uçaqların öz həmyaşıdları arasında alternativ hisslər tapmaq bacarığını analiz edirlər.Müharibədən sonra da Anna kimsəsiz uşaqlara yardım fəaliyyətini davam etdirir. Müxtəlif şəxslərdən, şirkətlərdən və fondlardan vəsait toplayır.Artıq 50 yaşı olan bu qadın dayanmadan öz elmi işləri üzərində də çalışır, müxtəlif seminarlara, konfranslara qatılır. Ömrünün son illərinə kimi müxtəlif ölkələrdə, o cümlədən ABŞ-da leksiyalar oxuyur. 1970-ci illərin ortalarından emosional qıtlıq və maddi çatışmazlıq içində böyüyən uşaqların problemlərini araşdırır, inkişafdan qalma və normadan kənaraçıxma hallarını öyrənir.

Yelsk hüquq məkətbində cinayətkarlıq və ailə mövzusunda seminarlar keçir, Cozef Qoldşteyn və Albert C.Solnitlə birlikdə uşaqların ehtiyacları və hüquqları barədə üçcildi əsər yazır:



"Uşağın maraqları xaricində” (1973)


– “Uşağın maraqlarından əvvəl” (1979)


– “Uşağın maraqları daxilində” (1986)

O illərdə psixoloji yardım üçün Annaya böyüklər də müraciət edirlər, onların arasında məşhur şəxslər, o cümlədən Merilin Monro da olur və Anna ona “isterik və depressiv tipli xarakter” diaqnozu qoyub. Annanın Herman Hesseylə də tanışlığı olub və bu tanışlığın yazıçıya ciddi şəkildə təsir etdiyi deyilir.1982-ci ilin mart ayında Anna insult diaqnozuyla xəstəxanaya yerləşdirilir, orda olduğu müddətdə də elmi fəaliyyətindən qalmır və 9 oktyabra – vəfat etdiyi günə qədər ailə hüququ haqqında kitabını yazmağa davam edir. 1986-cı ildə Annanın Londonda 40 il boyu yaşadığı ev onun vəsiyyətinə əsasən Ziqmund Freyd Muzeyinə çevrilir.

****

Anna Freydin diqqət yetirdiyi əsas məqamlardan biri uşağın sosial həyatla tanışlığı zamanı üzə çıxan psixoloji müdafiə mexanizmləridir. Bu mexanizmləri öyrənmək uşaqlarda şəxsiyyətin formalaşması prosesini anlamaq və zamanında onlara psixoloji yardım etmək imkanları yaradır.

Anna Freyd:


– funksional eqo nəzəriyyəsini, xüsusilə də onun müdafiə mexanizmlərini və instiktiv motivasiyalarını dəqiqləşdirib və sistemləşdirib;


– aqressiyanın uşaq psixologiyasındakı roluna ciddi səviyyədə aydınlıq gətirib;


– uşaqların psixoloji müalicəsi üçün onların emosional və intellektual həyatını üzə çıxaran üsullar tapıb;


– həm uşaqlara, həm də onların valideynlərinə yardım məqsədilə psixoanalitika nəzəriyyəsinin tətbiqi metodlarını hazırlayıb;


– uşağın normadan kənar hərəkətlərinin motivlərini araşdırıb;


– müəllim və şagirdlə arasındakı münasibətlərin yaranma mexanizmlərindən yazıb;


– uşağın məktəbdəki davranışıyla evdə ona olan münasibət arasındakı əlaqələri göstərib;


– ailədəki mühitin uşağın xarakterinin formalaşmasına təsirini öyrənib;


– uşaqdakı aqressivliyin və ünsiyyət qurma zəifliyinin səbəblərini, pedaqoji təsirin bunlara təsir imkanlarını analiz edib.

Bu da Anna Freydin yazdığı və valideynlər, müəllimlər, psixoloqlar və məktəb direktorlarının yararlana biləcəkləri, daha doğrusu, mütləq oxumalı olduqları kitablar:


  • “Uşaqların psixoanalizi texnikasına giriş”;

  • “Pedaqoqlar üçün psixoanalizə giriş”;

  • ““Mən” psixologiyası və müdafiə mexanizmləri”;

  • “Müharibə və uşaqlar”;

  • “Ailəsiz uşaqlar”;

  • “Uşaqlıq dövrünün norma və patologiyası. İnkişafın qiymətləndirilməsi”.

“Təcrübə göstərir ki, “mən”in inkar mexanizminə əl atdığı tipik situasiyalar sevgi obyektinin itkisindən doğan fikirlərlə əlaqəlidir” – Anna Freydin bu fikri qeyri-elmi dildə təxminən “Sevgisizlik uşaqları öldürür” deməkdir.

Ana səhifəXəbərlərAnna Freyd – uşaq psixoanalizinin banisi