Alya Yaqublu

Mənbə: Foto: Meydan TV

Başlıq: Alya Yaqublu

Anna Frank – sülh və sükut arzulayan Holokost qurbanı

(Birinci hissə)

“Ölüm, çıxılmazlıq, xaos... Mən bunların əhatəsində özümə dünya qura bilmərəm. Bəli, dünya getdikcə daha çox səhraya çevrilir, bizi öldürəcək ildırımlar indi daha bərk çaxır, milyonlarla insan əzab çəkir. Ancaq... mən səmaya baxanda hər şeyin yaxşılığa doğru dəyişəcəyini, bu qəddarlığın bitəcəyini və dünyada sülhün və sükutun yenidən bərpa olunacağını düşünürəm. O vaxta qədər mən öz ideallarımı qoruyub saxlamalıyam, bəlkə gələcəkdə onları reallaşdıra bildim”.

“Anna Frankın gündəliyi” – nasizmi ifşa edən məşhur sənədin müəllifi

Anna Frank

İkinci dünya müharibəsinin ən böyük faciələrindən birinə - Holokosta şahidlik etmiş Anna bu fikirləri gündəliyinə yazanda cəmi 13 yaşı vardı. İki il boyu sığınacaqda - hər an həbs edilmək qorxusu altında yaşayan, buna rəğmən həyat eşqini və gələcəyə ümidini itirməyən bu optimist qızcığaz cəmi iki il sonra Belzen əsir düşərgəsinə tifə yoluxub öləcək, çox arzuladığı sülhü görə bilməyəcəkdi. Ancaq gizli mənzildə yazdığı gündəlik sonrakı illərdə dünyanın bir çox dillərinə tərcümə ediləcək, beststeller olacaq və Annanı Holokost tarixinin məşhur isimlərindən birinə, nasistlər tərəfindən qətlə yetirilmiş bir milyondan çox yəhudi uşağın simvoluna çevirəcəkdi.

****

Anna 1929-cu ildə Almaniyanın Frankfurt şəhərində, liberal baxışlı yəhudi ailəsində anadan olmuşdu. Atası, istefada olan zabit Otto Frank biznesmen, anası Edit evdar qadınıydı. Özündən üç yaş böyük Marqo adlı bacısı vardı. 1933-cü ildə Almaniyada nasistlərin hakimiyyətə gəlməsi digər yəhudilər kimi onların da həyatına təhlükə yaradır. Əvvəlcə Otto ölkəni tərk edir - Amsterdama (Hollandiyaya) yollanıb cem istehsal edən şirkət qurur, bir müddət sonra arvadı və qızları da onun yanına köçür. Bu ölkədə əvvəl bağçaya, sonra da məktəbə gedən Anna gündəliyində o illəri qısa ömrünün ən gözəl dövrü adlandıracaqdı.

Hitlerçilərin Hollandiyanı işğal etməsi bu idilliyanı bitirir, ölkədə yəhudilərə qarşı təqiblər başlayır.

Annanın gündəliyindən:

“1940-cı ilin mayında yaxşı günlər sona çatdı - əvvəl müharibə, sonra kapitulyasiya, almanların istilası. Biz yəhudilərin əzablı günləri başladı. Yəhudilərlə bağlı ard-arda qanunlar qəbul edildi, azadlıqlarımız sərt bir şəkildə azaldıldı. Yəhudilər qollarına sarı ulduz tikilmiş sarıq bağlamalıdırlar; yəhudilər velosipedlərini təhvil verməlidirlər; yəhudilərə tramvaya minmək qadağan olunur; yəhudilərə hətta şəxsi avtomobillərə də minmək qadağan olunur; yəhudilər mağazalara ancaq saat 3-5 arası gedə bilərlər; yəhudilər saşlarını ancaq yəhudi bərbərə kəsdirə bilərlər; yəhudilər axşam 8-dən səhər saat 6-ya kimi küçəyə çıxa bilməzlər; yəhudilər kinoya, teatra və digər əyləncə məkanlarına gedə bilməzlər; yəhudilər axşam 8-dən sonra nə özlərinin, nə də tanışlarının baxçalarında otura bilərlər; yəhudilər xristianlara qonaq gedə bilməzlər; yəhudi uşaqlar ancaq yəhudi məktəblərində təhsil ala bilərlər və sairə və sairə...”

Otto Frank alman faşistlərinin və kollaborasionist Hollandiya hökumətinin getdikcə artan diskriminasiyasından qurtulmaq üçün ABŞ-a viza almağa çalışır, ancaq Ruzvelt administrasiyası Amerikaya girişi kəskin məhdudlaşdırdığı üçün nə Ottonun bu ölkədə yaşayan qohumları, nə də yəhudi cəmiyyətindəki nüfuzlu dostları bu məsələdə ona kömək edə bilir.

Yeni qaydalara görə Anna oxuduğu məktəbdən çıxıb yəhudi liseyinə getməli olur. “Arxadakı otaqlar”ı – öz məşhur gündəliyini də elə o günlərdə yazmağa başlayır. Kitti adlı bir obraz uydurub düşüncələrini bu yeni rəfiqəsinə – özünə “böyük dəstək” hesab etdiyi virtual dostuna xitabən yazır. ****

Yəhudilərə qarşı təzyiqlər artmaqda davam edir, həbs olunanların sayı günbəgün artır. Ona görə də ailə gizlənmək üçün yer axtarmağa başlayır. 1942-ci ilin iyul ayında böyük qızları Marqonun Vesterbork tranzit düşərgəsinə göndərilmək üçün “Gestapo”ya çağırılması Otto və Editi tələsməyə vadar edir. İyulun 6-da ətrafdakıları şübhələndirməmək üçün əllərinə çanta götürməyən, üst-üstə bir neçə paltar geyən ata, ana və Anna (Marqo daha əvvəl getmişdi) evdən çıxaraq Ottonun Prinsenqraht-263 ünvanında yerləşən ofisinə gedib onun arxasındakı gizli tikiliyə yerləşirlər.

Bir neçə gün sonra German van Pels, arvadı və oğlu, ardınca da Frits Pfeffer onlara qoşulur və bu 8 nəfər sonrakı 2 ili həmin bu gizli sığınacaqda yaşayır. Otto Frankın dostları Yohannes Kleyman, Viktor Kuqler, Yan Gis və Mip Gis öz həyatlarını təhlükəyə ataraq bütün bu müddət ərzində onlara ərzaq daşıyır.

Sığınacaqda gündəliyinə “Arxadakı otaqlar” adını vermiş Anna ordakı həyat tərzlərindən, öz düçüncələrindən, qorxularından və ümidlərindən yazmağa başlayır.

Annanın gündəliyindən:

“Almanlar bütün qapıları döyüb evdə yəhudilər olub-olmadığını soruşurlar. Hava qaralandan sonra mən sıraya düzülüb aparılan insanları, onların yanıyla ağlaya-ağlaya gedən uşaqları görürəm. Vurulan zərbələrdən və təpiklərdən səndələyən bu adamlar elə hey gedir, gedirlər. Heç kim kənarda qalmayıb: qocaları, körpələri, hamilə qadınları, xəstələri – hamını bu ölüm karvanına qatıb aparırlar”.

Əvvəlcə Anna gündəliyini ancaq özü üçün yazırdı. Niderlandın təhsil naziri Herrit Bolkeşteyn 1944-cü ilin yayında bu ölkənin İngiltərədən yayımlanan “Oranye” radiosunda çıxış edib alman işğalı dövründə xalqın çəkdiyi əzabları sübut edəcək bütün sənədləri, o cümlədən, gündəlikləri qoruyub saxlamağı tövsiyə edəndən sonra qızcığaz həvəslənir və gündəliyi əsasında roman yazmaq qərarına gəlir – günlük qeydlərini davam etdirməklə yanaşı, o vaxta qədər yazdıqlarını redaktə etməyə başlayır. Ancaq buna vaxtı çatmır, sonuncu qeydindən 3 gün sonra – avqustun 4-də onların da qapısı döyülür.

Gələnlər Hollandiya polisi və “Gestapo”çularıydı...

****

Evdəki 8 nəfərin hamısı həbs olunur və 4 gün sonra Vesterbork düşərgəsinə göndərilir. Çağırışa gəlmədikləri üçün Franklar ailəsini “cərimə bölümünə” yerləşdirib ən ağır işə - vurulmuş təyyarələrin akkumulyatorlarını təmizləməyə göndərirlər. Onlara başqalarından daha az yemək verirlər, digər məhbuslarla tez-tez görüşməyə qoymurlar. Otto Annanı nisbətən yüngül işə (tualet təmizləməyə) düzəltməyə çalışır, ancaq düşərgə rəhbərliyi onun xahişini rədd edir.

Bir ay sonra ailəni və sığınacaqda onlarla bir yerdə qalmış digər 4 nəfəri “Osvensim” düşərgəsinə göndərirlər. 1019 nəfərdən ibarət 93-cü reys Hollandiya yəhudilərini bu ölüm düşərgəsinə aparan sonuncu eşelon olur. Anna və ailəsi ora ən pis vaxtda - düşərgələrdə yəhudilərin məhv edilməsinin ən intensiv dövründə gəlib çıxmışdılar...

Anna Frank

Anna Frank

Mənbə: Foto: google.ru

“Osvensim”də Ottonu ailəsindən ayırırlar. Əsirləri müayinə edib qaz kameralarına kimlərin göndəriləcəyinə qərar verən həkim Yozef Mengele 15 yaşdan kiçik bütün uşaqlar da daxil olmaqla, 549 nəfərin ölümünə fərman verir. 15 yaşı bir neçə ay əvvəl tamam olması Annanın ömrünü bir neçə ay uzadır. O, bacısı, anası və sığınacaq qonşuları Avqusta 20-ci baraka göndərilirlər. Orda Anna qotur xəstəliyinə tutulur, silah fabrikində işləyəcək qadınlar siyahısına daxil edilən Edit və Marqo onu tək qoymamaq üçün həmin işdən imtina edirlər.

Oktyabrın 30-da – sovet ordusu düşərgədən təxminən 100 km uzaqlıqda olanda doktor Mengele əsirlərə daha bir baxış keçirir və Annayla Marqonu anaları Editdən ayırıb digər 634 qadınla birlikdə Belzen düşərgəsinə göndərirlər.

Qərb və Şərq cəbhəsindən hücumlar intensivləşdiyi üçün almanlar digər düşərgələrdəki yəhudilərin xeyli hissəsini bu düşərgəyə aparırdılar və orda böyük sıxlıq yaranmışdı. Ona görə də yeni gətirilənləri əvvəlcə tez-tələsik quraşdırılımış çadırlara doldururlar, bir müddət sonra da yarıtikili baraklara.

Dəstədəki qadınları A-25060 – A-25271 aralığındakı rəqəmlərlə nömrələyirlər. Ancaq Annaya və bacısına verilən nömrələrlə bağlı arxiv sənədləri qorunmayıb.

****

Belzen düşərgəsində bacıları “ayaqqabıçı” işinə göndərirlər. Bu iş əsirlərin çoxunda qan zəhərlənməsinə gətirib çıxardığı üçün bir müddət sonra Anna işləməkdən imtina edir. Buna görə onun ərzaq payını azaldırdlar və qızcığaz yeməyi başqalarından istəmək, ya da düşərgə mətbəxindən oğurluq etmək məcburiyyətində qalır...

1945-ci ilin fevral ayında düsşərgədə tif epidemiyası yayılır, Anna və Marqo da xəstələnirlər. Bacısıyla birlikdə sanitar bölməsinə yerləşdirilən Anna orda daha əvvəl gündəliyində bəhs etdiyi sinif yoldaşlarıyla - Hanna Qoslar və Nannet Blitsə rastlaşır. Qızlar düşərgənin digər bölümündə qalırdılar deyə rəfiqələr bir-birilə hasarın üstündən ünsiyyət qura bilirlər.

Sonrakı illərdə ölüm düşərgəsi haqqında jurnalistlərə müsahibə verən Nannet onda Marqonun artıq yataqdan qalxa bilmədiyini, Annanınsa saçlarının tamam töküldüyünü və bədəninin zəiflikdən titrədiyini deyəcəkdi:

“Bir dəri, bir sümük qalmışdı. Ədyala bürünüb gəzirdi, çünki paltarlarını bit basmışdı və daha onları geyinə bilmirdi. Onu o halda görəndə çox pis oldum. Mənim tanıdığm Annadan əsər-əlamət qalmamışdı. Onunla bir neçə dəfə görüşdük, mənə sığınacaqda keçirdikləri illərdən, gizli yaşamağın necə çətin olmasından danışırdı. Gündəliyi haqqında da bəzi şeylər demişdi. Müharibədən sonra yazmaq istədiyi kitabda ordakı qeydlərindən istifadə etməyi planlaşdırırdı. Amma gündəliyin özünü çap etdirmək fikri yoxuydu”.

Annanın digər rəfiqəsi Hanna Qoslarsa danışacaqdı ki, hər iki valideyninin artıq öldüyünü güman edən Anna ona yaşamağa həvəsi qalmadığını deyirmiş...

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/vuudxz

Ən çox baxılan