Ankaranın Bakı dilemması

Azərbaycan hakimiyyəti vətəndaşlarına ikili hisslər yaşatmağı, dilemma qarşısında saxlamağı çox sevir.

Source:
Yadigar Sadıqov
Yadigar Sadıqov

Azərbaycan hakimiyyəti vətəndaşlarına ikili hisslər yaşatmağı, dilemma qarşısında saxlamağı çox sevir. Buna aid çoxlu misallar gətirmək olar.

Məsələn, idman yarışlarında bir idmançımız və ya komandamız hər hansı bir uğur qazananda öncə sevinirsən. Lakin idman şərhçiləri və digərləri bundan istifadə edərək dövlət başçısının idmana diqqət və qayğısı haqqında mədhiyyələr oxuyanda o qazanılan uğur da gözdən düşür.

Bəzən belə hallarla bağlı kazus situasiyalar da yaşanırdı. Bu da şərhçilərin arxı tullanmadan “hop” deməyə tələsmləri ilə əlaqədar olurdu.

Xatırlayıram ki, bir neçə il öncə qadın voleybolu üzrə “Azerreyl” komandamız İtaliyanın “Volley Bergamo” (bizdə daha çox “Foppapedretti” adı ilə tanınırdı) Bakıda qarşılaşırdı. İlk iki seti voleybolçularımız uddu. Şərhçi də “prezidentin idmana diqqət və qayğısı” haqqında bəlağətlə danışırdı. Az qala hər qazanılan xaldan sonra operator Şərəf tribunasını göstərirdi.

Lakin üçüncü setin əvvəllərindən vəziyyət dəyişdi. İtaliya voleybolçuları özlərinə gələrək möhtəşəm oyun göstərməyə başladılar. “Azərreyl” heç bir şey edə bilmirdi. Daha nə operator Şərəf tribunasını göstərirdi, nə şərhçi diqqət və qayğıdan danışırdı. Sonda “Volley Bergamo” 3:2 hesabı ilə qalib gəldi. Görünür, İtaliyanın o zamankı prezidenti Giorgio Napolitano daha diqqətcil və qayğıkeş imiş.

Vitse-prezident təyinatı isə artıq dilemma problemini Azərbaycan sərhədlərindən kənara çıxarıb. Türkiyə Cümhuriyyətində, xüsusən də hakim Adalet və Kalkınma Partiyasında mürəkkəb bir vəziyyət yaranıb. Belə ki, cənab Ərdoğan çoxdan arzusunda olduğu prezident üsul-idarəsinə keçmək üçün referenduma gedir. Belə bir vəziyyətdə isə Bakıdan gələn xəbər heç də sevindirici olmadı.

Ölkələr arasındakı əlaqələri və İlham Əliyevlə şəxsi münasibətləri nəzərə alan Ərdoğan Mehriban Əliyevanı vitse-prezident təyin olunması münasibətilə təbrik etməyə tələsdi. Baş nazir Binali Yıldırımın təbrikini də çox gözləmək lazım gəlmədi. Lakin az sonra gözlənilən hadisələr cərəyan etməyə başladı.

Prezident üsul-idarəsinə qarşı çıxan Cümhuriyyət Xalq Partiyası, eləcə də bir çox jurnalist Azərbaycanda baş verən təyinatdan öz təbliğatlarında istifadə etməyə başladı. Jurnalistlərdən biri bu təyinatı hətta “saatlarca anlatmağa çalışacağın, lakin anlada bilməyəcəyin vəziyyəti çox açıq ortaya qoyan” addım kimi qiymətləndirdi. Hətta “türk tipi başkanlık” termini də ortaya çıxdı.

Belə olan halda AKP funksionerlərinin də xüsusi çıxış yolu qalmadı. Ədalət bakanı Bekir Bozdağ rəsmi Bakı ilə bütün əlaqələri gözə alaraq sözügedən təyinatı “kötü örnek” adlandırmaq məcburiyyətində qaldı. Başqa AKP-lilər də aşağı-yuxarı eyni münasibət sərgiləməli oldular.

Lakin Türkiyədəki siyasi vəziyyətə az-çox bələd olan hər kəs bilir ki, hakim partiya öz nüfuzunun əzici əksəriyyətini Rəcəb Tayip Ərdoğanın şəxsi xarizmasına və natiqlik qabiliyyətinə borcludur. Vətəndaşlar öz təsəvvürlərini və münasibətlərini məhz Ərdoğanın ritorikası əsasında formalaşdırırlar. Cümhurbaşqanı isə çox çətin vəziyyətdədir.

Bir yandan Azərbaycanla münasibətlər və tələsik göndərilən təbrik məktubu, digər tərəfdə isə müxalifətin əlinə göydən, daha doğrusu, Bakıdan düşmüş çox güclü bir kart. Referenduma taleyinə əsaslı surətdə təsir edə biləcək bir vəziyyət yaranıb.

Bu xüsusda eşitdiyim bir əhvalatı xatırladım. 1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyasının birinci katibi təyin olunmasında az sonra Lənkəranda bir sıra şəxslər dövlətə külli miqdarda ziyan vurmaq və dövlət əmlakını mənimsəmək ittihamı ilə həbs olunurlar. Yeyintinin əsasən pomidor tədarükü və emalı ilə bağlı olduğu söylənilir. Məhkəmənin 1972-ci ildə çıxardığı hökmlə 5 nəfər ən ağır cəzaya, güllələnməyə məhkum edilirlər.

Həmin dövrdə isə İspaniyada təxminən 40 illik diktaturadan sonra general Franko ölür və İspaniya Kommunist Partiyası leqal fəaliyyətə keçmək imkanı qazanır. O zaman İKP Qərbi Avropada italyan və fransız kommunistləri ilə birlikdə 3 ən güclü kommunist partiyalarından biri sayılırdı. İKP 1977-ci ildə keçirilən parlament seçkilərində ciddi səs toplamağa, qalib də olmasa, ana müxalifət partiyası olmağa iddialı idi.

Bu zaman isə İspaniya mətbuatına 5 il öncə Lənkəranda çıxarılmış hökm haqqında məlumat sızır. İspanlar özləri 40 il hərbi xunta hakimiyyəti altında yaşasalar da, 5 insanın pomidordan ötrü ölümə məhkum edilməsini qəbul edə bilmirlər. Nəticədə İKP seçkilərdə ümid etdiyindən qat-qat az, 9,33% səs toplayaraq 3-cü yeri tutur və cəmi 20 mandat qazanır. Beləcə, Avropanın şərq ucqarında kommunist hakimiyyətinin kəsdiyi cəzanın bədəlini qərb ucqarındakı kommunistlər ödəməli olurlar.

Əhvalatın nə qədər doğru olduğuna təminat verə bilmərəm. Bunu yazılı mənbədən oxumamışam, illər öncə bir nəfər danışıb. Lakin kifayət qədər inandırıcı təsir bağışlayıb. Üstəlik ispan kommunistlərinin SSRİ-dən məsafəli davrandıqlarından informasiyanı hətta Moskvanın ötürə biləcəyi ehtimalını da nəzərə almışam. Lakin bu, artıq başqa mövzudur.

İndi də Azərbaycanda baş verən hadisə bir başqa ölkədəki xalq səsverməsinin nəticələrinə təsir etmək gücündədir. Güman etmək çətin deyil ki, hakim partiya və şəxsən Ərdoğan bu sürprizdən heç də məmnun deyillər. Lakin qarşısında durduqları dilemma da asanlıqla çözüləcək kimi görünmür.

Bununla belə, müəyyən proqnozlar vermək olar. Ərdoğanın siyasi karyerası gözlənilməz kulbitlərlə zəngindir. Türkiyə prezidenti dünən “qardaş” dediyini bu gün “qatil” adlandırmaqda (və ya əksinə) heç zaman diskomfort hiss etməyib. Bunu Bəşər Əsədə və Vladimir Putinə münasibətdə görmüşük. Onun sadiq qaldığı yeganə hədəf şəxsi hakimiyyətinin möhkəmləndirilməsidir.

Buna görə də əgər Bakı örnəyinin ictimai fikrə ciddi təsir göstərdiyi, referendumdan müsbət cavab alınmasını təhdid altına aldığı məlum olarsa, Ərdoğanın bu təyinatı ən azı qınayacağını, ondan məsafələndiyini göstərəcəyi şübhəsizdir. Korlana biləcək əlaqələri yenidən bərpa etməkdə isə Türkiyə prezidentinın bərabəri yoxdur.

Ana səhifəMənim FikrimcəAnkaranın Bakı dilemması