Seymur Həzi

Mənbə: Meydan TV

Başlıq: Seymur Həzi

Ankara və Moskva arasında

Manevrlərdən seçimlərə gedən yol

Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun Bakı səfəri maraqlı bir neçə hadisənin ortasında baş tutdu.

İlham Əliyevin Putinlə telefon danışığında Rusiyanın Ermənistana silah satmasına narazılığını ifadə etməsi,

Kremlin Bakıda əsas adamı kimi təqdim edilən Ramiz Mehdiyevin hücuma məruz qalıb əks-hücuma keçməsi,

Bakıda Türkiyə ordusunun Azərbaycanda qalması barədə aksiyalar keçirilməsi.

Bütün bu olanların bir-biri ilə sistemli əlaqəsi olmasa da, birbaşa və dolayı yolla əlaqəsiz də deyil. Bu başdan deyək ki, Azərbaycan üçün kifayət qədər mürəkkəb vəziyyət yaranıb. Hakimiyyət üzləşdiyi çətinliklərdən eyni vaxtda iki dayaq nöqtəsinə istinadən çıxmaq istəsə də, həmin mərkəzlərin antoqonist münasibətləri seçimləri sərtləşdirir və rəsmi Bakı üçün dalan qısalmağa başlayır. İndi Ankara-Bakı-Moskva növbəti münasibətlər sisteminə doğru gedir və bu aydınlaşmanın elə də sabit perspektivi görünmür. Onu deyim ki, bu münasibətlər hər həftə yeni xarakter alacaq qədər intensiv dəyişir. Yeni tələblər və hələ ki yeni təhlükələr yaradır.

Özü demir, amma...

Bakıda 10 adam bir yerə toplaşıb çay içərkən cəzalandırılır. Karantin qaydaları belə tələb edir. Mən siyasi aksiyaların keçirilməsinin hansı uzunmüddətli “perspektiv” vəd etməsini demirəm. Amma Türkiyə səfirliyi qarşısında bir qrup deyilməyəcək qədər, yəni daha çox vətəndaş toplaşıb TSQ -nin Azərbaycanda qalmasını və hətta işğal bölgəsində əməliyyatlara başlamasını tələb edən aksiya keçirdilər. Görünən budur ki, Azərbaycan hökuməti bu aksiyaya kifayət qədər loyal yanaşdı və onun şüarlarına meydan -tribuna verməkdən çəkinmədi. Bu zaman növbəti sual çıxdı – Azərbaycan hökuməti bu tələblə razıdırmı? Razıdırsa, Türkiyə Müdafiə naziri Hulisi Akarın son dərəcə konkret və ünvanlı verdiyi Azərbaycana dəstək mesajına niyə lazımı reaksiya olmadı? Razı deyillərsə, o zaman bu aksiyaya niyə meydan verildi? Yəni, hökumətimizin özü TSQ-yə “qal” demir, amma “qal” deyənlərə də mane olmur. Bu, nə deməkdir?

Rusiyaya cavab...

Görünür ki, Rusiya Azərbaycan hökumətinə Türkiyəyə çox yaxınlaşmamaq xəbərdarlıqları edir. Bunun qarşısında Azərbaycan hökuməti birbaşa etiraz etmək imkanında deyil. Ona görə də Rusiyaya göstərmək istəyir ki, Azərbaycanda Türkiyəyə ciddi rəğbət var və bu birlikdəlik sosial tələbdir. Bəs özü bunu niyə dilə gətirmir? Çünki Türkiyənin də burada daimi qalmasını və ya təsirli güc kimi qalmasını istəmir. Bu məqsədlə zandaj diplomatiyası edir. Rusiya tərəfinin hərəkətləri ilə Türkiyəyə, Türkiyənin manevrləri ilə Rusiyaya cavab vermək onları bir-birinə münasibətdə məsafədə saxlamaq, özünün toxunulmaz neytral statusunu bərkitmək istəyir.

Bu, düz siyasətdirmi?

Türkiyə və Rusiya dünyanın iki mühüm nöqtəsində hərbi qarşıdurmada, nüfuz savaşındadır. Liviya və Suriyada qarşıdurmanın necə nəticələnəcəyi bəlli deyil. Azərbaycanı, bununla da hətta Cənubi Qafqazı (Çünki Azərbaycan bölgənin ən böyük ölkəsidir, onunla bağlı dəyişən siyasət Gürcüstanı və Ermənistanı təsirləndirməyə bilməz) Liviya və Suriya ziddiyyətlərinin qalibinin arxasınca qoşmaq qeyri-müəyyən və təhlükəli nəticəyə bağlamaq olar. Bu regionda nüfuz savaşı tarazlıqlarla yekunlaşa bilməz, siyasi və coğrafi mahiyyəti ilə kəskin bölgədir və birmənalı seçimlər tələb edir. Azərbaycan isə hazırda bu seçimi etməmək üçün əlindən gələni edir. Bununla da özünü daha çətin və çıxılmaz vəziyyətə doğru itəliyir.

Ağrı olacaq, amma sağalacaq...

Əlbəttə, Azərbaycanın Türkiyə ilə konfederasiya olmasına dair fikirlər ya siyasi provakasiya, ya da zəif düşünülmüş çıxış yoldur. Amma Türkiyə bizim müstəqillik və suverenliyimiz baxımından, eyni zamanda bölgədə rahat inkişaf yolu tutmağımız baxımından ən yaxın və alternativsiz müttəfiqimizdir. Rusiya Ermənistana verdiyi bütün dəstəyi qanuniləşdirib. Onunla hərbi müttəfiqdir. İkitərəfli və kollektiv hərbi müqavilələri var. Bu baxımdan hazırda Kreml seçim kimi üfüqdə də görünə bilməz. Əlbəttə, onun təsir dairəsindən əks istiqamətə addımlamaq müəyyən yeni ağrılar yarada bilər, amma bunun tədrici, prinsipial xarakter alması həm Moskvanın əl qolunu bağlayar, həm də, nəhayət, Azərbaycan üçün yeni sağlam imkanlar yaradar.

Şoyqu gəldi, sonra?

Bütün yuxarıda sadaladıqlarımız deməyə əsas verir ki, Şoyqu müəyyənlik tələb etmək üçün Bakıda olub. Bakı indi açıq müəyyənlik cavabı verə bilməz. Bununla belə, Kremldən bəzi xahişləri də var ki, onun yerinə yetirilməsini istəyirlər. Bu zaman da Kremlin buradaki istinad nöqtələri ilə yaranan münaqişələr vəziyyəti qəlizləşdirir. Ya Kreml bu istinad nöqtələrindən imtina etməldir, ya da Moskvanın inadkar davranacağı təqdirdə bu anlaşılmazlıq bir raund daha uzanacaq. Təbii, Azərbaycan tərəfi özündə güc tapıb bu rəyi və istinad nöqtələrini əhəmiyyətli hesab etməzsə.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/jmmdal

Ən çox baxılan