Qətldə təqsirləndirilən 26 səudiyyəlinin qiyabi məhkəmə prosesi dayandırılıb
Türkiyə məhkəməsi “Washington Post” qəzetinin yazarı Camal Qaşıqçının qətli işinin araşdırlmasının davamının Səudiyyə Ərəbistanında olmasına qərar verib.
Beləliklə, Türkiyədə yazarın qətlində təqsirləndirilən 26 səudiyyəlinin qiyabi məhkəmə prosesi dayandırılıb və iş Səudiyyə Ərəbistanına təhvil verilib.
İnsan hüquqları qrupları işin krallığa təhvil verilməsini Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanı şübhə altına alan qətlin ört-basdır edilməsi ilə əlaqələndiriləcəyini bəyan edib. Lakin bu bəyanatlar işə yaramayıb və qərar qəbul edilib.
Qərb mediası yazır ki, bu qərar iqtisadi tənəzzül əsnasında olan Türkiyənin Səudiyyə Ərəbistanı və regionun bir sıra digər ölkələri ilə problemli münasibətlərini düzəltməyə çalışdığı bir vaxta təsadüf edib.
Bəzi KİV-lər iddia edir ki, Ər-Riyad münasibətləri yaxşılaşdırmaq üçün Türkiyənin səudiyyəlilərə qarşı iddianı dayandırmasını şərtləndirib.
Ötən həftə işə baxan prokuror Türkiyədəki məhkəmə prosesinin nəticəsiz qalacağını əsas gətirərək onun krallığa təhvil verilməsini tövsiyə edib.
Türkiyənin ədliyyə naziri tövsiyəni dəstəkləyib və əlavə edib ki, Türkiyə məhkəməsi krallıqdakı proseslərin nəticəsindən razı qalmasa, Türkiyədə məhkəmə prosesi davam etdiriləcək.
İnsan haqları müdafiəçiləri Türkiyəni işi Səudiyyə Ərəbistanına verməməyə çağırmışdı.
“Amnesty International”ın baş katibi Agnes Callamard “Türkiyə öz ərazisində törədilmiş qətl hadisəsini təhvil verməklə işi bilərəkdən və istəyərək onun məsuliyyətini daşıyanların əlinə qaytaracaq” deyib:
“Səudiyyə sistemi türk prokuroru ilə əməkdaşlıqdan yayınıb. Aydındır ki, ədaləti Səudiyyə məhkəməsi təmin edə bilməz. Türkiyənin bu dəhşətli qətlə görə ədalətin zəfər çalması və bu işin heç vaxt siyasi hesablamalar və maraqların piyadasına çevrilməyəcəyi ilə bağlı bəyan etdiyi öhdəliyinə nə oldu?”
Nyu-Yorkda yerləşən “Human Rights Watch” təşkilatı bildirib ki, Səudiyyə Ərəbistanında məhkəmə müstəqilliyi tam deyil. Üstəlik, Səudiyyə hökumətinin Qaşıqçının öldürülməsində rolu var:
“Azmış kimi Səudiyyə hökuməti ədalət mühakiməsinə mane olub. Onların əsas standartlara cavab verməyən cinayət ədliyyə sistemini nəzərə almaqla iş həmin ölkəyə verilməməli idi. İndi bu iş üzrə ədalətli mühakimə şansı sıfıra yaxındır”.
Camal Qaşıqçı 2018-ci ildə Səudiyyənin İstanbuldakı konsulluğunda qətlə yetirilib.
Onun cəsədi indiyədək tapılmayıb.
Vəliəhd şahzadə Məhəmməd bin Salmanın tənqidçisi hesab edilən Qaşıqçının səudiyyəli agentlər tərəfindən öldürüldüyü güman edilir.