And içirəm!

Mən son otuz ildir elə-hey yazıram ki, millətimizin ənənəvi milli-əxlaqi dəyərləri kiflənib, üfunət iyi verir və əhalimizi artan sürətlə dərin bir girdaba sürükləyir

Source:

Prezident İlham Əliyev növbəti parlaq qələbəsindən sonra andiçmə mərasimində əlini Qurani-Kərimə basıb and içdi ki, xalqımızın milli-mənəvi dəyərlərinə sadiq qalacaq, onları qoruyacaq və hətta inkişaf etdirəcək.

Sizin həqir bəndəniz bu xəbəri oxuyandan sonra sarsıldı və dərin fikirlərə qərq oldu.

Mən son otuz ildir elə-hey yazıram ki, millətimizin ənənəvi milli-əxlaqi dəyərləri kiflənib, üfunət iyi verir və əhalimizi artan sürətlə dərin bir girdaba sürükləyir.

Təbii ki, mən bu fikirləri özüm icad etməmişəm, onları mənə oxuduğum kitablar təlqin edib. Heç vaxt unutmuram ki, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Mirzə Ələkbər Sabir, Mirzə Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyov, Cəfər Cabbarlı və xeyli millət fədaisi üzlərini camaata tutub, elə-hey bu məşum “milli” dəyərlərlə üzülüşməyə çağırardılar.

Çağırardılar, həyatlarını bu çağırışlara həsr edərdilər. Onların bəziləri insanların bu çağırışlara biganələyindən əsəbiləşərdi. Birisi isə hətta qeyzlənib sonda çarəsizlikdən “Tfu sizin üzünüzə!” – çığırmışdı.

Buradan da müstəqil Azərbaycanın ən ali məqam sahibi nəinki bu yarıtmaz, köhnəlmiş, milləti bədnam və rüsvay edən ənənələri islah edəcəyinə söz vermir, əksinə, and içir ki, onları qoruyacaq və onlara sadiq qalacaq.

Evimiz yıxıldı, daha doğrusu, yıxılması sürətləndi.

Kim deyə bilər ki, prezident cənabları hansı müsbət dəyərləri qoruyacaq? Mən görürəm ki, istənilən müsbət dəyəri qoruyan mərd insan ya məhbəsdədir, ya cəlai-vətən olub, ya da həyatın təkində birtəhər ölüm-zülümlə zindəganlığını edir.

Əgər ölkənin haləti fərqlidirsə, bilən desin. Minnətdar olarıq. Vicdanlı məmur, hakim, nazir, sərvətini qanunu pozmadan qazanmış ərbab barədə hekayətlərə təşnəyəm.

Qeyri-elmi fantastik hekayələrlə baş ağrıtmamaq xahişi nəzərdən qaçırılmamalıdır.

Fəqət, mən də bildiyimi deyəcəyəm. Yəni ətrafıma, cəmiyyətimin əhvalına baxıb, dövlətimizdə bəyənilən-dəstəklənən dəyərləri görüb, bu dəyərlərin ətəyindən tutub rifah halını durmadan yaxşılaşdıran vətəndaşlarımızın taleyindən ibrət götürüb, “yeni azərbaycanlı”ların uğur hekayətlərinə tamaşa qılıb gördüyümü yazacağam. Onda bilinəcək ki, prezident zati-aliləri hansı dəyərlərə dəstək verəcək.

Siz də bu dəyərlərlə tanış olub anlayacaqsınız ki, məni-biçarə nə üçün əhvali-pərişan oluram.

Cəmiyyətimizdə birinci və ən çox danışılan dəyər milli qeyrətdir. Mətbuat ondan yazır. TV ondan danışır. Toyda sağlıq ondan deyir. Mitinqlərdə onu tez-tez xatırlayırlar.

Onun nəmənə olduğunu anlayan qərib insan bizim həyatımıza azı dərin heyrətlə tamaşa edər. Vətən torpağı işğal altında, millət toy-bayram edir, elə keflə yaşayır ki, guya söhbət Qarabağdan deyil, Tasmaniya adasından gedir. Ən acınacaqlı hal isə odur ki, bütün bu milli şadyanalığı cənab prezidentin başçılıq etdiyi hakimiyyət artan xətlə özü təşkil edir. Millətin aramsız sevinməsi və bayram əhvali-ruhiyyəsində gerçəkliyi unutması dövlət siyasətinin bir nömrəli hədəfidir və şübhəsiz ki, gələn yeddi ildə millət Qarabağın əvəzinə xeyli yeni-yeni çeşiddə bayramlar qeyd edəcək. Konsertlər, yubileylər, idman qələbələri, ermənini söyən və özümüzü tərifləyən sonsuz tok-şoular, sağlıqlar, nitqlər, mədhiyyə mətnləri və sair və ilaxır. Olacaq! Prezident and içdisə, edəcək!

İkinci milli dəyər rüşvətdir. Yəni buraya reketi də, oğurluğu da, qarəti də, dələduzluğu, şərləməni, sifarişli məhkəmə qərarlarını və yalanı da əlavə etsək, alınar kompleks milli dəyər.

Əhali bu kompleks milli dəyərin içərisində çox rahat uyuyub yatır, sanki Yer kürəsində XXI əsr deyil, iks-iks bir əsridir. Heç kəsi insanların ara söhbətlərində rüşvətxorluğu kəskin tənqid etməsi aldatmasın. Bizim insanlar rüşvəti ümumən ikrah doğuran bir dəyər kimi tənqid etmirlər, onlar rüşvəti şəxsən onlara müyəssər olmadığına görə pisləyirlər. Heç vaxt və əsla şübhə etməyin, əgər bizim insanımız rüşvət almaq kimi müqəddəs bir imkanı təmin edən bir məqama çatsa, zərrə qədər tərəddüd etmədən şirü-nər kimi bu işə girişəcək.

Təbii, “balıq başdan iylənər” deyiminə uyğun əmin ola bilərik ki, bu kompleks milli dəyərin hamisi və keşikçisi hakimiyyətdir və prezident mövcud quruluşun sabit dayağı olan bu ali dəyəri sona qədər qoruyacaq. Azı onu göz bəbəyi kimi qoruyan vücudları tapıb-seçib ən ali məqamlara təyin edəcək.

Üçüncü milli dəyər cəhalətdir ki, bunun ucbatından bayaq sadaladığım siyahıdakı nurlu insanların çoxu vaxtından əvvəl çərləyib əcəllərini tapıblar. Bu dəyərin sahibi nəinki təkcə bizik, xeyr ha, bu cəmi müsəlmanları yumruq kimi birləşdirən dəyərdir ki, bunun sayəsində müsəlman aləmi kim istəyir atını çapdığı cıdır meydanına çevrilib. Söz yox ki, bizim müsəlman prezidentimiz bu ümummüsəlman dəyərin hifz edilməsində səylərini əsirgəməyəcəkdir, zira bu dəyər yuxarı başda əyləşənlərə, Səudiyyə məlikindən tutmuş cıqqılı əş-Şərcə əmirinə qədər, çox sərfəlidir.

Dördüncü milli dəyər qorxaqlıqdır ki, onun mövcudluğunu hər bir gerçək xəritəmizə baxan, hər bir seçki kampaniyasını izləyən, hər bir istənilən məhkəmə iclasına baxan təsdiqləyər.

Bu qorxu dəyəri ilə əhali idarə olunur, xəmir kimi yoğrulur və odun kimi doğranır. Bu dəyərin keşiyində duran dövlətin cəbr alətinin nə əyləci var, nə də ki, yanacağı qurtarır.

Beşinci milli dəyər gopa aludəçilikdir. Gop deyəndə yalnız mübaliğəli kəlamları deyil, daha geniş, dövlət siyasəti səviyyəsinə qaldırılmış yanaşma, düşüncə tərzi və qəlibləri nəzərdə tuturuq. Ki, sovet vaxtı bunu pripiskalarda və qarşılıqlı planlarda, milli-azadlıq mücadiləsi zamanında İranın, Çinin və Hindistanın dağıdılmasında, indi isə analoqu olmayan iqtisadi-ictimai inkişafda və xalqın hakimiyyətə hədsiz məhəbbətində müşahidə edirik. Bu dəyərin qorunmasında və təkmilləşdirilməsində maraqlı olan, ilk növbədə, hakimiyyətimizdir və söz yox ki, onun gələn yeddi il ərzində çiçəklənəcəyi şübhəsizdir.

Altıncı dəyər məsuliyyətsizlikdir ki, bu dəyərə ehtiramın ucbatından heç bir milli məğlubiyyətin həqiqi kökü açılmayıb, heç bir ibrət götürülməyib və gələcək fəlakətlərin möhkəm təməli qoyulub. Bu dəyəri ellikcə, iqtidarlı-müxalifətli qoruyacağıq, zira kim bu dəyərə kəc baxsa, bizim milli siyasət meydanını tərk etməli olacaq.

Yeddinci dəyər həqiqətdən qorxu və ilğımlara sevgidir ki, bunun sayəsində dövlətimiz də, cəmiyyətimiz də bir məğlubiyyətdən digərinə gedirik və bütün bunları tarixi qələbə kimi təqdim edirik. Bizim indi milli bayram kimi təqdim etdiyimiz hər bir şanlı hadisə, onu soyuq ağılla və məntiqlə təhlil etsək, əslində millətə böyük bəlalar gətirmiş, yuxarıların çəkdiyi xəbis nəqşələrin və aşağıdakıların cəhalətinin doğurduğu milli məğlubiyyətlərdir. Lakin hakimiyyət bu hadisələrdən camaatı tovlamaq və onu həqiqətdən yayındırmaq üçün istifadə edir deyə xalq onları bayram etməyə məhkumdur.

Biz əyri güzgülər aləmində yaşayırıq. Bu aləmdə məğlubiyyəti qələbə, itkini qazanc, həqarəti qürur, rəzaləti ağayanalıq kimi təqdim edirlər.

Lakin hətta bizim bu əyri dünyada hansısa düzgün meyarların mövcuduğuna ehtiyac duyulur. Təsadüfi deyil ki, seçki rəqabəti şəbədəsindən sonra qələbə qazanmış İlham Əliyev ona rəqib təyin edilmiş şəxslərin məzmunsuz və bivec ifaçılıq bacarığına abır donu geydirmək zərurəti hiss etdi və qəribə bir cümlə işlətdi: “Çıxışlarında məni kəskin tənqid etmiş rəqiblərimə minnətdaram”.

Görünür, bu kəlamı da milli dəyər siyahısına əlavə etmək lazımdır.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəAnd içirəm!