Anası: Hüseyn Abdullayev su qəbulundan da imtina edib

“Vəkili də bunu nəzərə alaraq, ona aclığı dayandırmağı məsləhət görüb”.

Source: Foto: arxiv

“Onu həkim nəzarəti altında saxlamayıblar

Keçmiş deputat Hüseyn Abdullayevin saxlandığı 10 saylı cəzaçəkmə müəssisəsində aprelin 12-dən başladığı aclığı davam etdirdiyi bildirilir. Bu barədə Meydan TV-yə məlumat verən anası Zeynəb Abdullayevanın bildirdiyinə görə, sabiq deputat, hətta su qəbulundan da imtina edib.

Zeynəb Abdullayeva deyir ki, oğlu aclıq aksiyası keçirməsi barədə saxlandığı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə də rəsmi şəkildə ərizə ilə məlumat verib: “Onsuz da onun səhhətində problemlər vardı, aclıq ona çox pis təsir göstərəcək. Onun həyatına görə çox narahatam. Vəkili də bunu nəzərə alaraq, ona aclığı dayandırmağı məsləhət görüb. Amma Hüseyn Abdullayev razılaşmayıb. Heç olmasa, onu həkim nəzarəti altında saxlamalıdılar. Bunu da eləməyiblər…”

Aprelin 12-dən ölüm aclığına başladığını bəyan edən Hüseyn Abdullayev bildirib ki, bu addımı atmasının səbəbi BMT-nin Əsassız Həbslərlə bağlı İşçi Qrupunun onun işi üzrə Türkiyə və Azərbaycana qarşı qərarının icra olunmamasıdır.

İşçi Qrupu Hüseyn Abdullayevin müraciətini araşdıraraq belə nəticəyə gəlib ki, həm Türkiyə, həm də Azərbaycan hüquq-mühafizə orqanları onun hüquqlarını pozub. Azərbaycan hökuməti onu azadlığa buraxmalıdır.

İşçi Qrup hər iki hökuməti keçmiş deputatla bağlı halların tam və müstəqil araşdırılmasını təşkil etməyə, onun hüquqlarının pozulmasına görə məsuliyyət daşıyanlara qarşı tədbirlər görməyə çağırıb.

Sənəddə yada salınıb ki, Hüseyn Abdullayev 2018-ci ilin aprelində İstanbulda saxlanılıb. Türkiyə təhlükəsizlik orqanları onu 24 saat ərzində Azərbaycan hökumətinin təmsilçilərinə təhvil veriblər. Almaniyada siyasi sığınacaq almasına, bu ölkənin pasportunu daşımasına baxmayaraq, onlar onu məcburi şəkildə Bakıya gətiriblər: “Bu nə deportasiya, nə də ekstradisiya idi…”

Almaniyada siyasi mühacir kimi oturum almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə olarkən saxlanılıb və Azərbaycana təhvil verilib. O, dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi əməllərdə ittiham olunaraq, Bakı Hərbi Məhkəməsinin hökmüylə 6 il azadlıqdan məhrum edilib.

Onunla eyni cinayət işi üzrə anası da cəzalandırılıb. Zeynəb Abdullayeva haqqında ittiham hökmü çıxarılıb – 4 min manat cərimə cəzasına məhkum edilib..

Lakin onların heç biri özünü təqsirli bilmir, ittihamların saxta olduğunu bəyan edir: “Mən Türkiyədən qanunsuz şəkildə, faktiki oğurlanaraq Azərbaycana gətirilmişəm. Tamamilə əsassız, qərəzli və birbaşa siyasi motivli ittihamlarla mühakimə edilmişəm və zorla həbsdə saxlanılıram”.

Ana səhifəSiyasətAnası: Hüseyn Abdullayev su qəbulundan da imtina edib