Anarxizmin milli qaynaqları

O cümlədən bu milyonlar Azərbaycanın milli anarxizminin qaynaqlarından sayıla bilərmi?

Foto: Meydan TV


Küçələrdə və meydanlarda atılıb-düşənlər heç vaxt siyasi dəyişikliklərin barını yemirlər

Əbdürrəhman Vəzirov yaxınlarına danışmışdı ki, AKP MK-nın Birinci katibi təyin olunduqdan sonra bitirdiyi AZİ-nin rektoru və onun müəllimi olmuş İsmayıl İbrahimovu yubileyi münasibətilə təbrik etmək qərarına gəlir, bir dəstə gül alır və heç bir xəbərdarlıq etmədən gəlir onun bağına. Bəli, gəlir bağa və görür ki, İsmayıl İbrahimov əyləşib xeyli sayda yüksək vəzifəli naxçıvanlı arkadaşın əhatəsində. Hamı qorxmuş halda donur. Əbdürrəhman Xəliloviç gül dəstəsini sevimli müəlliminə verib onu ad günü münasibətilə təbrik edir və dönüb gedəndə üzünü toplaşmışlara tutaraq deyir: “Mən bilirəm, siz burada məni devirmək planlarını müzakirə edirsiniz, lakin mən sizdən qorxmuram”.

Çox nahaq yerə qorxmurmuş, gərək qorxaydı.

Zira hakimiyyətdə olanı adətən sadə xalq deyil, həmin zavallı və cahil xalqın əli ilə məhz elə hakimiyyətdə olanın ətrafı devirir. Təvazökarlıqdan uzaq da olsa deyim ki, kitabımda təsvir etmişəm: 1988-ci ilin 18 günlük mitinqi zamanı Sərdarov adına neft maşınqayırma zavodunun tətil edən fəhlələrinin çadırına zavodun direktoru, həmin zaman Nazirlər Sovetinin sədri olan Ənvər Seyidovun qardaşı Elbrus Seyidov təşrif buyurur, tətilçi fəhlələrə arvadının evdə bişirdiyi bir yekə karton qutu isti ət pirojkisi gətirib onları xalqımızın qəhrəman oğulları adlandırır.

Xalqın “Dirçəlişi”nə şəxsi töhfəsi ilə öyünən digər bir iri zavod direktoru mənə danışmışdı ki, “zavodda üç növbə fəhləyə maaş verirdim, iki növbə zavodda işləyirdi, bir növbə Meydanda mitinq edirdi”.

Xülasə, sözümün canı odur ki, küçələrdə və meydanlarda atılıb-düşənlər heç vaxt siyasi dəyişikliklərin barını yemirlər. Onların mükafatı və qazancı necə atılıb-düşməkləri barədə şirin xatirələr olur. Bu xatirələrin ən şirin yeri isə o olur ki, onlar atılıb-düşəndə cəzasız qalırdılar.

İndi xalq Amerikada atılıb-düşür. Bu əsnada 11 nəfər həlak olub, lakin Amerikanın zırpılığı ilə müqayisədə bu rəqəm ciddiyə alınmaz.

Minneapolis şəhərinin polis işçilərinin residivist və narkoman Corc Floydu qəddarlıqla qətlə yetirməsi bütün dünyada etiraz dalğası yaratdı. Mərhumun qan analizi Moskvada qəza törədib adam öldürmüş artist Mixail Yefremovun qan analizi ilə tam üst-üstə düşürdü, yəni bu qanlarda narkotikin və alkoqolun faizi eyni idi, lakin Yefremov cinayət məsuliyyətinə cəlb edilib məhkəmə gözləyir, Corc Floydu isə milli qəhrəman kimi dəfn etdilər. ABŞ-da və Avropanın bir çox dövlətində milyonlarla vətəndaş küçələrə tökülüb “Qaradərilinin də həyatının dəyəri var!” bağırmağa başladı.

Etiraz tədbirlərinin çoxunu qanunsuz zorakılıq və qarət müşayiət etdi.

Kütlə – bişüurdur. Onu istənilən səmtə yönəltmək mümkündür. Siyasi dələduzlar doladıqları bədbəxtləri daha asanlıqla aldatmaq məqsədilə onları tərifləyirlər, qəhrəman adlandırırlar. Hərəsi ayrı-ayrılıqda heç bir qəhrəmanlıq göstərməmiş bu bədbəxt məxluqat məhz cox sayda bir yerə toplaşdıqlarına görə hansısa ecazkar qüvvə kəsb etdiklərinə inanaraq onları bu ucuz yaltaqlıqla ələ almağa çalışan dolandırıcaları alqışlayırlar.

Kütlənin səmti hərəkatı yönəldən insanların istək və məqsədlərindən asılıdır. Onları idarə edən insan istəsə ki, kütləni zora və qarətə yönəltsin, kifayətdir, izdihama təhrikçilər salınsın. Təhrikçilər onlara verilmiş təlimatlara uyğun olaraq kütləni ya sadəcə şüar qışqırıb dinc dağılmağa, ya mağazalara hücum edib oranı qarət etməyə, ya polis idarələrini dağıdıb yandırmağa, ya da hətta Vaşinqton ştatının paytaxtı Sietl kimi böyük şəhərin mərkəzini tutub oranı “muxtar ərazi” elan etməyə qədər qızışdıra bilərlər.

Amerikadakı bu kütləvi iğtişaşları təhlil edən bloqları izləyirəm. Oxucum istəsə, özü “ Radio NVC” saytına girib orada hadisələri rus dilində şərh edən rus-amerikan yəhudilərini dinləyə bilər. Yəhudi arkadaşlar açıq deyirlər ki, bu iğtişaşları Prezident Trampı laxlatmaq üçün Demokrat Partiyasının üzvü olan şəhər və ştat başçıları təhrik edirlər. Təşkilatçılar isə sol anarxist “Antifa” təşkilatının üzvləridir.

Deməli, əhvalat vaqe olur ABŞ-n istənilən şəhərində. Küçələrdə üç insan dalğası hərəkət edir. Birinci dalğaya üzünü-başını ciddi bürümüş gənc insanlar daxildir. Onlar mağaza vitrinlərini çəkiclə vurub sındırır və digər mağazaya yönəlir. İkinci dalğa qarətçilərdir, kimi torba ilə, kimi çanta ilə mağazaya soxulub əllərinə keçəni qamarlayıb tələsik çıxırlar. Üçüncü dalğa mağazaya girib olan-qalanı süpürür.

Polis sakitcə durub tamaşa edir, müdaxilə etmir. Amerikanın Vəzirovu, yəni Donald Tramp şəhər bələdiyyə başçılarına, ştat qubernatorlarına və polis rəislərinə talanı zor gücünə yatırmağa çağırışlar edəndə, bir polis rəisi ABŞ-ın Prezidenti Donald Trampa deyir ki, “yum ağzını”, Missuri ştatının qubernatoru isə məsləhət görür ki, “get gir bunkerinə”.

Aya, Donald ConTrampı Əbdürrəhman Xəlil oğlu Vəzirovun taleyi gözləyirmi? Demokrat Partiyası buna ümid edir. Lakin sabiq rus yəhudiləri belə fikirləşmirlər. Tramp sionist İsrailin qəti hamisidir və buna görə onlar sevinclə qeyd edirlər ki, Tramp iğtişaşçılarla mübarizəni tədricən federal qurumların səlahiyyətinə keçirir və artıq 17 min təhrikçini və təşkilatçını həbs edib, buna görə iğtişaşların miqyası durmadan kiçilir.

Qayıdıram kütləvi tədbir iştirakçılarına. Bəzilərini bu iştiraka təhrik edirlər, bəziləri özləri çıxır, zira vəziyyətdən narazıdırlar. Hətta zəngin və qüdrətli ABŞ-da sıravi vətəndaşı əzən xeyli həll edilməmiş müşkül var. Uğursuz taleyinin məngənəsində əzilən vətəndaş küçəyə çıxıb bağıraraq öz ağrısını bildirir. Bu zaman kütlədə təhrikçi birisi polisə qarşı zorakılıq edib cəzasız qalırsa, hamının güzü önündə mağazanı qarət edib cəzasız çıxıb gedirsə, bu cəzasızlıq adətən qanundan və polisdən qorxan sıravi vətəndaşı ürəkləndirir, o da həmin əməllərə qoşulur.

AXC hərəkatında da belə olmuşdu, ABŞ-n Antifa hərəkatında da belədir.

Tramp nə Vəzirovdur, nə də Mütəllibov. O, Heydər və İlham Əliyevlərdir. Yəni tərəddüd etmədən iğtişaşları yatıracaq, zira ABŞ-n hakim zümrəsinin çox ciddi kəsimi onu dəstəkləyir. Vəzirov isə hakim zümrəyə yad idi, yəni mafioz deyildi.

Vəzirov televiziya ilə çıxışında demişdi ki: “Mən bilirəm, sexoviklər mənim devrilməyim üçün neçə milyon ayırıblar”.

Neçə il ötüb, mən isə elə-hey düşünürəm ki, bu milyonlar üstəgəl Meydanda yığılmış milyonlar hara və kimə getdi?

O cümlədən bu milyonlar Azərbaycanın milli anarxizminin qaynaqlarından sayıla bilərmi?

Ana səhifəXəbərlərAnarxizmin milli qaynaqları