Anar Məmmədli: Azərbaycana Şərq Tərəfdaşlığı proqramından tamamilə çıxmaq sərf etmir

“İndiki halda Bakı ilə Brüssel arasında münasibətlər o qədər gərgin deyil ki, Azərbaycan belə bir sərt addıma əl atsın”

Source: Specify Source


Bəxtiyar Hacıyev: “Altı ölkə arasında proqramın imkanlarından ən az istifadə edən Azərbaycandır”

Belarus iyunun 28-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramında iştirakını dayandırdığını elan etdi. Ölkənin Xarici İşlər Nazirliyinin bununla bağlı bəyanatında deyilir ki, Avropa İttifaqı tərəfindən tətbiq edilən sanksiyalar şəraitində Belarus proqram çərçivəsində olan öhdəliklərini yerinə yetirə bilməyəcək.

Proqramda iştirakın dayandırılması Belarusun readmissiya haqqında razılaşmaya əməl etməməsi və o cümlədən Brüsseldən səfirin geri çağırılması ilə də müşayiət olunub.

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Belarusun daha bir addım geri atdığını bəyan edib və prezident Lukaşenkoya Belarusun gələcəyini göz altına almağı məsləhət görüb.

Belarusa qarşı sanksiyalar may ayında Afinadan Vilnüsə uçan “Ryanair” təyyarəsinin Minskdə enişə məcbur edilməsi və təyyarədə olan müxalifətçi Roman Protaseviçin həbsi ilə bağlıdır. Avropa İttifaqı Belarusa qarşı iqtisadi, ticari, maliyyə sanksiyaları tətbiq edib.

Avropa İttifaqına inteqrasiyanı sürətləndirmək üçün 2009-cu ildə yaradılan Şərq Tərəfdaşlığı Proqramı keçmiş SSRİ-nin altı respublikasını – Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarusu əhatə edir. Bu illər ərzində Azərbaycan Belarusla birgə proqramın ən passiv iştirakçıları sayılıb.

Gürcüstan, Ukrayna, Moldova Avropa İttifaqı ilə assosiativ müqavilə imzalayaraq, vizasız gediş-gəliş əldə edib və Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində çoxlu sayda qrant və digər yardım layihələrində iştirak edirlər.

Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə Avropa İttifaqının təklif etdiyi yeni müqaviləni tənqid edərək, onu ultimatum kimi qiymətləndirib.

Belarusun bu proqramı tərk etməsi fonunda Şərq Tərəfdaşlığının digər bir passiv iştirakçısı olan Azərbaycan da eyni addımı ata bilərmi? Dəfələrlə edilən cəhdlərə baxmayaraq, Azərbaycan XİN mətbuat idarəsi ilə əlaqə saxlamaq mümkün olmayıb.


“Azərbaycan hökuməti Şərq Tərəfdaşlığı Proqramı üzrə ciddi addım atmağa maraqlı olmayıb”

Məsələni Meydan TV-ə şərh edən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli qeyd edib ki, Azərbaycan elə ilk vaxtlardan bu proqrama könülsüz qoşulub:

“Biz ötən 11 ildə gördük ki, Azərbaycan Şərq Tərəfdaşlığı Proqramı üzrə Asossiasiya Sazişinin imzalanması, münasibətlərin daha da dərinləşməsi istiqamətində ciddi addımlar atmağa maraqlı olmayıb”.

Onun fikrincə, ortada bir sıra səbəblər var ki, bunlardan birincisi siyasidir. Anar Məmmədlinin sözlərinə görə, hakimiyyət çalışıb ki, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində üzərinə hər hansı öhdəlik götürməsin:

Anar Məmmədli
Anar Məmmədli

“Konkret hansısa sənəd imzalayıb qanunun aliliyi, insan haqları ilə bağlı öhdəlikləri olmasın. İkinci məsələ isə iqtisadidir. Avropa Birliyinin əsas prinsiplərindən biri azad bazar münasibətlərinin yaxşılaşması, şəffaflığın artırılması, xüsusilə gömrükdə idxal və ixracat məsələlərində şəffaflığın təmin olunması, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsidir. Azərbaycan hakimiyyəti həm siyasi, həm iqtisadi məsələlərə xeyli dərəcədə laqeyd və etinasız yanaşır”.

Bununla belə, o hesab edir ki, passivliyə baxmayaraq, Azərbaycan hökumətinə Belarus kimi tamamilə bu proqramdan çıxmaq sərf etmir:

“Azərbaycan iki mühüm faktora görə bu təşəbbüsdə qalmalıdır. Bunlardan biri Dağlıq Qarabağ probleminin tamamilə başa çatmamasıdır. Ermənistan və Azərbaycan arasında münasibətlərin kəskinliyi, xüsusilə son müharibədən sonra Rusiyanın hərbi kontingentinin bölgəyə yerləşdirməsi, hökumətin bu məsələdə Brüsselin dəstəyinə ehtiyacı artırır. İkinci isə iqtisadi münasibətlər, əsasən də enerji resurslarının Azərbaycandan daşınması. Enerji layihələri Bakının Avropa Birliyindən uzaqlaşmasına imkan vermir”.


“Proqramdan çıxmaq Bakının maraqlarına uyğun deyil”

İctimai fəal Bəxtiyar Hacıyev də Azərbaycanı Şərq Tərəfdaşlığı Proqramının ən passiv iştirakçısı sayır. O qeyd edib ki, altı ölkə arasında proqramın imkanlarından ən az istifadə edən Azərbaycandır.

Bəxtiyar Hacıyev də hesab edir ki, passivliyə baxmayaraq proqramdan çıxmaq Bakının maraqlarına uyğun deyil:

82250704_10157663508151421_7987272778254385152_o.jpg
Bəxtiyar Hacıyev

“İndiki halda Bakı ilə Brüssel arasında münasibətlər o qədər gərgin deyil ki, Azərbaycan belə bir sərt addıma əl atsın. Ən son prezident seçkilərindən bir neçə il keçib və növbəti prezident seçkilərinə hələ vaxt var. Parlament seçkilərinə ən azı 4 il qalır. Ölkədə elə bir siyasi proses baş vermir ki, məhz buna görə Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər sərtləşsin və Bakı belə bir addıma əl atsın”.

Ana səhifəSiyasətAnar Məmmədli: Azərbaycana Şərq Tərəfdaşlığı proqramından tamamilə çıxmaq sərf etmir