Anar Məmmədov: Obyektivlikdən kənara çıxmadığıma görə həbslə üz-üzəyəm

”Guya bunlar saytdakı məqalələri oxuyub təşvişə düşüblər, ona görə prokurorluğa müraciət ediblər. Belə absurd olar?”

Source:
Anar Məmmədov
Anar Məmmədov


”Guya bunlar saytdakı məqalələri oxuyub təşvişə düşüblər, ona görə prokurorluğa müraciət ediblər. Belə absurd olar?”

“Criminal.az” saytının baş redaktoru, Gəncədə ötən il iyulun 3-də icra başçısı Elmar Vəliyev güllələnəndən sonra bu barədə yazılarına görə cinayət məsuliyyətinə cəlb olunan jurnalist Anar Məmmədovun işi üzrə məhkəmə baxışı başlayıb. Yanvarın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyilə keçirilən məhkəmədə əvvəlcə A.Məmmədov haqqında ittiham aktı elan olunub, daha sonra o, ifadə verib.

İttihama görə, “criminal.az” saytında Gəncə olayları barədə dərc olunan məqalələr jurnalistin qanuni fəaliyyətindən çıxması kimi qiymətləndirilib. Cinayət işinin əsasında saytda dərc olunmuş iki məqalə dayanır. Həmin yazılarda sabiq icra başçısı Elmar Vəliyevin özbaşınalığı, vətəndaşlarla kobud münasibətinin güllələnmə olayına gətirib çıxarmasından, şəhid anasına qarşı davranışına görə onunla Gəncənin keçmiş polis rəisi Rasim Musayev arasında davadan söhbət gedir. İddia olunur ki, A.Məmmədov Gəncə hadisələri barədə “bilə-bilə yalan məlumat yayıb, ölkədə ictimai-siyasi sabitliyin pozulmasına, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlərə kölgə salınmasına xidmət edən çağırışlar edib”.

Jurnalist özünü təqsirli bilməyib. Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini bitirmiş A.Məmmədov deyib ki, 15 ildir jurnalistika sahəsində fəaliyyət göstərir. Müxtəlif media orqanlarında çalışsa da, obyektiv, peşəkar fəaliyyət göstərmək 2015-ci ildə özü sayt təsis edib:

“Mən jurnalist kimi, peşəmdə həmişə obyektiv olmuşam. “Criminal.az”ı başqalarından fərqləndirən də bu olub. Peşəkarlığıma sadiq qalmağım, obyektivlikdən kənara çıxmamağıma görədir ki, bu gün məhkəmə qarşısında, həbslə üz-üzəyəm. Obyektiv davranışıma, jurnalist prinsiplərinə xəyanət etmədiyimə görə bundan öncə də mənə qarşı müxtəlif təzyiqlər, təkliflər olub. Sırf məqalələrimə görə Baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən xəbərdarlığa məruz qalmışam. Bu, son işimdə ağırlaşdırıcı hal kimi qiymətləndirilib. Halbuki, həmin xəbərdarlığa əsas ola biləcək heç nə yox idi. Mənə təzyiq göstərənlər arasında deputatlar da olub. Siyasi sifarişlə məhkəmələrə çəkilmişəm, istinadla yaydığım məqaləyə görə məhkəmə cərimə kəsib”.

A.Məmmədov bildirib ki, Azərbaycanda jurnalistlərin həbs qorxusundan özünüsenzura tətbiq etmək məcburiyyətində qalır. Jurnalist vurğulayıb ki, haqqındakı cinayət işi absurddur, söz və ifadə azadlığının pozulmasıdır:

“Mən yazmışam ki, Elmar Vəliyevə silahlı hücum hokumətin ölkədə məmur özbaşınalığına laqeydliyinin nəticəsidir. Buna görə mənə dövlət əleyhinə çağırış ittihamı verilib”.

Jurnalist hər iki məqaləni məhkəmədə oxuyub. O bildirib ki, E.Vəliyevin özbaşınalıqları, şəhid anasına qarşı hörmətsizliyinə görə sabiq polis rəisi R.Musayevin onu kəllə ilə vurması barədə yerli mətbuat orqanları dəfələrlə yazıb. Jurnalistin sözlərinə görə, Gəncə olaylarından əvvəl başqa bir sosial probleminin işıqlandırılması üçün “criminal.az” saytına müraciət edən Gülnar Muradova R.Musayevin köməkçisi olub. G.Muradova müsahibəsində R.Musayevlə E.Vəliyev arasında qalmaqaldan da danışıb. A.Məmmədov həmin müsahibənin səs yazısını da məhkəməyə təqdim edib, lakin hakim qəbul etməyib.

A.Məmmədovun sözlərinə görə, ona qarşı ittihamda iki qadından istifadə olunub. Onların biri ana, digəri isə onun qızıdır:

“Guya bunlar saytdakı məqalələri oxuyub təşvişə düşüblər, ona görə prokurorluğa müraciət ediblər. Belə absurd olar? Bu cinayət işi məni qorxudub peşə fəaliyyətimin qarşısını almağa, “criminal.az” saytının bağlanmasına yönəlib. Çünki bu saytda obyektiv yazılar, məmur özbaşınalığı haqda məqalələr dərc olunur”.

Jurnalistin sözlərinə görə, onun məsuliyyətinə cəlb olunmasına səbəb olan ikinci məqalə “Turan” informasiya agentliyinin materialı olub, bu media orqanının saytında dərc olunub. O da həmin məqaləni istinadla öz saytında yerləşdirib.

Prosesin davamında A.Məmmədovun həyat yoldaşı Günel Zeynalova şahid qismində dindirilmək üçün məhkəməyə dəvət olunsa da, o, ifadə verməkdən imtina edib. Qanun yaxın qohumlara bir-birinə qarşı ifadə verməkdən imtina etmək hüququ tanıyır.

Məhkəmə prosesi yanvarın 22-nə qədər təxirə salınıb.

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı 2018-ci il iyulun 3-də törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.

Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı.

İyulun 12-də A.Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi. Bundan sonra ölkə daxilində bir neçə sayta, o cümlədən “Criminal.az” saytına girişə məhdudiyyət qoyulmuşdu.

Dekabrın 12-də Anar Məmmədov haqqında açılmış cinayət işinin istintaqı başa çatıb. A.Məmmədov Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Məhkəmə ittihamları təsdiqləsə, Anar Məmmədov 8 ilədək azadlıqdan məhrum edilə bilər.

Ana səhifəXəbərlərAnar Məmmədov: Obyektivlikdən kənara çıxmadığıma görə həbslə üz-üzəyəm