Prosesə satıcı, sürücü də şahid qizmində dəvət edilib
Mayın 7-də Ağır Cinayətlərə dair Məhkəmədə hakim Rauf Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədlinin məhkəməsi keçirilib.
Meydan TV-nin prosesi izləyən əməkdaşının məlumatına görə, məhkəmədə şahidlər ifadə verib. SMDTM-yə mənzilini kirayə verən şahid Akif Azayev bildirib ki, mənzilin kirayə haqqını bir dəfə az, bir dəfə isə deyilən məbləğdə veriblər: “Az verilmənin səbəbi mənzili təmir etmələri olub”.
İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov şahid qismində verdiyi ifadəsində deyib ki, Könüllürən Beynəlxalq Əməkdaşlıq Təşkilatı (KBƏT) ilə birgə layihə həyata keçiriblər: “Səbəb mənim qeydiyyatdan keçən təşkilatımın olmamasıdır. Buna görə mənim xahişimdən sonra KBƏT həmin layihəni beynəlxalq təşkilatlardan alıblar. 46 minlik qrant layihəsində 2 dəfə göndəriş, 3 dəfə isə çıxarış olub, layihə iyundan dekabra qədər davam edib”.
Sədrəddin Namazov da mənzilini kirayə verdiyini deyib: “Bizim aramızda müqavilə imzalanıb və həmin sənəddə kirayə haqqı min manat göstərilib. 860 manat isə ödənilib. Çünki vergilər də ödənilib”.
Vasif Bayramov isə SMDTM-dən heç kimi tanımadığını, sadəcə, mağaza sahibi olduğunu söyləyib. Məmməd Məmmədzadə KBƏT-də seçkilərə müşahidəçi hazırladığını və heç bir qanun pozuntusuna yol vermədiyini bildirib.
Daha bir şahid Anar Fərəcli SMDTM-də 7 aylıq layibəsi olduğunu söyləyərək əlavə edib ki, layihə vətəndaşların fəallığı ilə bağlı olub. İmran Əliyev isə ötən ilin iyununda işə başlayıb, 312 manat aldığını deyib: “Daha çox texniki məsələlərə baxıram, mən 8 min manatlıq avadanlıq almışam, bunlar sənədlərlə sübut olunub”.
Prosesə sonuncu şahid sürücü Muxtar Bayramov olub, o, təlimlər zamanı adamları deyilən yerə aparıb və buna görə 40-50 manat alıb.
Məhkəmə mayın 8-də saat 13-də davam etdiriləcək.