Hüquq müdafiəçiləri Avropa İttifaqı komissarı ilə görüşüb
İyunun 16-da hüquq müdafiəçisi Anar Məmmədli, hüquqşünas Ələsgər Məmmədli və digərləri Avropa İttifaqı komissarı Yohannes Hanla görüşüb.
Görüşdə Brüssellə Bakı arasında əməkdaşlıq sazişinin imzalanması çərçivəsində müzakirələr aparılıb.
Anar Məmmədli Meydan TV-yə bildirib ki, onlar insan hüquqlarının, medianın durumunu, siyasi məhbuslarla bağlı məsələləri cənab Hanın diqqətinə çatdırıb, Avropa Birliyindən gözləntilərini bölüşüblər.
“Yohannes Han ölkədəki situasiyanı yaxından izlədiklərini dedi və mənzərəni bilir. O, Avropa Parlamentinin 15 iyun qətnaməsini xatırladaraq bildirdi ki, qurumda fraksiyalar arasında qızğın müzakirələr gedir, onun təmsil olunduğu qrup bu cür məsələlərə müdaxilə etmir və qətnamə parlamentarilərin öz qərarıdır. Amma qətnaməyə hörmətlə yanaşırlar. Hərənin öz xətti olsa da, siyasi məhbuslar və digər məsələləri diplomatik kanallar vasitəsilə rəsmi Bakıya çatdırırlar. Biz dedik ki, insan haqları, mətbuat azadlığı və demokratiya bəşəri məsələdir, burda qrup maraqları üstünlük təşkil edə bilməz. Cənab Yohannes rəsmilərlə görüşün təfərrüatları haqda heç nə demədi”.