Tofiq Abbasov: “Ermənistan KTMT-ni regiona gətirmək niyyətini açıq bildirir”
Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bölmələri arasında baş verən son döyüşlərdən sonra vəziyyəti qiymətləndirən Rusiya prezidenti Vladimir Putin bölgədə sülhməramlı missiyanın vacibliyini bildirib.
Son döyüş noyabrın 16-da Laçın və Kəlbəcər istiqamətində baş verib.
Rusiya Xarici İşlər Nazirliynin noyabrın 18-də keçirilən genişləndirilmiş kollegiya iclasında çıxış edən Vladimir Putin sülhməramlı kontingentin səylərinə tələbat olduğunu deyib.
“Ermənistan-Azərbaycan sərhədində son atışmalar göstərir ki, bu regionda vəziyyət hələ də sakitləşməyib. Stabilliyin təmin olunması üçün atəşkəs rejiminin və mülki vətəndaşların təhlükəsizliyinin qarantı kimi Rusiya sülhməramlı kontingentinin səylərinə son dərəcədə tələbat artıb”, – Putin deyib.
Rusiya dövlət başçısının bu sözləri Azərbaycanda sülhməramlıların Qarabağ ərazisindən başqa Ermənistanla dövlət sərhədində yerləşdirilməsi planı kimi də anlaşıldı.
Bu bəyanat fonunda ermənilər tərəfindən noyabrın 16-da baş verən döyüşlərin dayandırılması üçün Rusiya hərbçilərinin guya araya girdikləri barədə şayiələr yayıldı. Belə ki, “Telegram” kanalının erməni istifadəçiləri öz paylaşımlarında qeyd ediblər ki, noyabrın 16-da Azərbaycan ordusunun bölmələri postları ələ keçirdikdən sonra Sünik istiqamətində irəliləməyə başlayıblar. Bunu görən Rusiyanın Ermənistanda yerləşdirilmiş 102-ci bazasının hərbçiləri özlərini canlı sipər edərək, Azərbaycan əsgərlərinin qarşısını alıb. Eyni versiyanı erməni hərbi ekspert Van Ambarsumyan “Youtube” kanallarının birinə müsahibəsində də təkrar edib.
Ermənistanda bir sıra ekspertlərin Rusiyanın rolunu belə formada önə çəkməsi, qoşunların Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinin vacibliyini cəmiyyətə aşılanması kimi də qəbul edildi.
“Rusiya əsas moderator kimi fəaliyyətini gücləndirir”
Məsələni Meydan TV üçün şərh edən politoloq Tofiq Abbasov qeyd edib ki, söhbət Rusiya qoşunlarının iki dövlət sərhədində yerləşdirilməsindən yox, Qarabağ ərazisində artıq yerləşdirilmiş kontingentin vacibliyinin əsaslandırılmasından gedir.
“İndiki halda Putin yada salır, Rusiya əsas moderator kimi fəallığını gücləndirir ki, iki xalq arasında qarşıdurma səngisin, kritik fazaya keçməsin. Ona görə də Rusiya rəhbərliyi delimitasiya ilə bağlı qərar qəbul edib ki, itki olmasın”, – Tofiq Abbasov deyib.
Politoloq Ermənistanın ciddi-cəhdlə Rusiyanı bu proseslərə qatmaq istədiyini və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını regiona gətirmək niyyətini açıq bildirdiyini vurğulayıb.
“Halbuki, təşkilatın üzv dövlətləri Azərbaycanla yaxşı münasibətdədirlər. Rusiyanın özü də dərinə gedəndə bilir ki, Azərbaycan onlara daha çox lazımdır, nəinki Ermənistan”, – ekspert deyib.
Politoloq qeyd edib ki, erməni ekspertləri Rusiya hərbçilərinin guya özlərini canlı sipər etməsi barədə yaydıqları şayiələr əslində ermənilərin rəsmi Moskvaya “siz bizim arxamızda dayansaz, irəli gedə bilərik” mesajıdır.
“Ümumiyyətlə, Ermənistan öz ziyanına olan hər hansı gərginlik yarananda Rusiyanı hədəfə alır. Onlar hazırda Rusiyaya deyirlər ki, siz bizim arxamızda dayanmalısınız, bəs niyə dayanmırsınız? Əslində, bu çıxışıyla Rusiyadan kömək istəyir, deyir, dəstək verin ki, müharibəni yenə qazanaq”, – Tofiq Abbasov bildirib.
“Rəsmi Yerevan Azərbaycanla sərhədlərində Rusiya hərbçilərinin olmasında maraqlıdır”
Azərbaycan-Atlantika Əməkdaşlıq Assosiasiyasının rəhbəri, Milli Təhlükəsizlik nazirinin keçmiş müavini Sülhəddin Əkbər isə hesab edir ki, Putin bütövlükdə Ermənistan-Azərbaycan münasibətlərini, bütün regionu nəzərdə tutub.
Sülhəddin Əkbər deyib ki, Putin Rusiya sülhməramlı qüvvələrinin nə qədər vacib və əhəmiyyət kəsb etdiyini vurğulayıb. O xatırladıb ki, Ermənistanın İran və Türkiyə ilə olan sərhədləri Rusiyanın Federal Xidmət Bürosunun Sərhəd Xidmət tərəfindən mühafizə olunur və bu MDB-nin sərhədləri sayılır.
“Bu, MDB-nin daxili sərhədləri olduğuna görə hələ Rusiya təcrübəsində belə hal yoxdur. Amma bu, o demək deyil ki, gələcəkdə ola bilməz. Təbii ki, Ermənistan çalışacaq ki, Rusiyanı maraqlandırsın, demilitasiya və demarkasiya məsələsində onsuz da Yerevan tərəfdən çıxış edəcək Moskvanın mövqeyini daha möhkəmləndirsin və öz tərəfinə çəksin”, – Sülhəddin Əkbər deyib.
O hesab edir ki, rəsmi Yerevan Azərbaycanla sərhədlərində Rusiya hərbçilərinin olmasında maraqlıdır və buna çox çalışır:
“Çünki Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusu qarşısında dayanmaq imkanı yoxdur. Digər tərəfdən də, ümumiyyətlə, Ermənistanın hərbi təhlükəsizliyinə Rusiya cavabdehdir. İki ölkə arasında 1997-ci ildə hərbi ittifaq müqaviləsi imzalanıb, Rusiya strateji planda Ermənistanın hərbi təhlükəsizliyini öz üzərinə götürüb. Hazırda Ermənistanın sərhədlərini və hava məkanını da Rusiya qoruyur”.
“Yerevan müraciət etməsə, Rusiya sərhədimizə qoşun yığası deyil”
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri, siyasi fəal Anar Məmmədli “Facebook” hesabında Vladimir Putinin sözlərinin Azərbaycanda düz anlaşılmadığını qeyd edib.
“Sülhməramlı kontingent ehtiyacı ilə bağlı fikri ötən il atəşkəsdən sonraya ölkəyə yerləşən qüvvəni nəzərdə tutur. Ermənistan-Azərbaycan sərhədində demarkasiya başlamasa və rəsmi Yerevan müraciət erməsə, Rusiya Ermənistanla sərhədimizə qoşun yığası deyil”, – Anar Məmmədli yazıb.