Anar Məmmədli: “Məğlubiyyət kimi görünən bu vəziyyət ötəri və müvəqqətidir”

Anar Məmmədli. İllüstrasiya: Meydan TV

Hüquq müdafiəçisi insan hüquqları ilə bağlı fəaliyyətini davam etdirəcəyini deyib

Həbsdə olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar Məmmədli Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində insan hüquqları müdafiəçilərinin, müstəqil media nümayəndələrinin və siyasi fəalların həbs edilməsinə münasibət bildirib.

Bakı İstintaq Təcridxanasında qanunsuz olaraq saxlanılan Anar Məmmədli bildirib ki, 10 dekabr Beynəlxalq İnsan Hüquqları Gününün 75-ci ildönümü Azərbaycanda növbəti dəfə insan hüquqlarının müdafiəsində böhranla müşayiət olunur.

“Mövcud böhranın əsas göstəriciləri sırasında yüzlərlə vətəndaşımızın tənqidi fikirlərinə görə siyasi repressiyaya məruz qalması, dövlətin ifadə azadlığına barışmaz münasibəti, məhkəmə-hüquq sisteminin ədalətsizliyi, vətəndaşların ləyaqətli və firavan həyat arzusu ilə ölkədən kütləvi şəkildə köçməsi halları yer alır. Belə acınacaqlı vəziyyətdə yeganə təsəllimiz insan hüquqlarını təbliğ və müdafiə edənlər arasında siyasi təkamül yolu ilə ölkəmizin dəyişəcəyinə inamın sarsılmamasıdır”, – Anar Məmmədli deyir.

O əlavə edib ki, öz haqları ilə yanaşı, başqalarının da hüquqlarını müdafiə edən vətəndaşların sayı tükənməyincə, Azərbaycanda insan hüquqları uğrunda mübarizəsi də davam edəcək:

“Bu mübarizədə məğlubiyyət kimi görünən bu vəziyyət ötəri və müvəqqətidir. İnsan hüquqları uğrunda mübarizə sonu görünməyən davamlı prosesdir və bu prosesi hər gün yenidən başlamaq gərəkdir. Bu prosesə töhvə verən hər kəsə uğurlar arzulayıram”.

Anar Məmmədli 2024-cü il aprelin 29-da Bakıda saxlanılıb. 

Onun və atasının evində axtarış aparılıb. 

Ardınca ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Hüquq müdafiəçisi qaçaqmalçılıq ittihamını qəbul etmir. 

O bildirib ki, seçkilərin monitorinqi, insan hüquqlarının müdafiəsilə bağlı fəaliyyətinə görə cəzalandırılıb.

Anar Məmmədli bundan əvvəl də 2014-cü ildə QHT-lərlə bağlı cinayət işi üzrə həbs olunub. 

O, 2 il 4 ay həbsdə saxlandıqdan sonra – 2016-cı il martın 17-də Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Anar Məmmədli həbsdə olduğu dövrdə Vatslav Havel mükafatına layiq görülüb.

Son bir il ərzində ölkədə çoxlu sayda jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs olunub. 

Onların arasında korrupsiya araşdırmaları ilə tanınan “AbzasMedia” nəşrinin direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), “Toplum TV” internet kanalının təsisçisi Ələsgər Məmmədli, kanalın əməkdaşı Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, “meclis.info” saytının rəhbəri İmran Əliyev, III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli və digərləri var.

2024-cü il dekabrın 6-da isə Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. 

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. 

Bu maddə ilə onların barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, avadanlıqları və şəxsi əşyaları götürülüb. 

Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. 

Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.

Vəkillər Xətai Rayon Məhkəməsinin jurnalistlər haqqında çıxardığı həbs qərarlarından apelyasiya şikayəti verəcək.

Onların hamısı ittihamları rədd edir, korrupsiya araşdırmalarına, ölkədə insan haqlarının pozulmasına biganə qalmadıqlarına görə saxta ittihamlarla həbs olunduqlarını bəyan edirlər.

Ana səhifəXəbərlərAnar Məmmədli: “Məğlubiyyət kimi görünən bu vəziyyət ötəri və müvəqqətidir”