Anar Məmmədli: Maaş artımında hər zaman siyasi niyyət olur

Hökumət heç nədən çəkinmir və bu tip məsələlərdə özünün xeyrinə rəy yaratmaq üçün seçki kampaniyalarında belə addımlar atırlar, qanunu pozsalar belə edirlər.

Foto: marja.az


Hafiz Həsənov: ''Növbədənkənar seçkilərin keçiriləcəyini gözləmirəm''

Sosial şəbəkələrdə Prezident İlham Əliyevin iyunun 18-də büdcə təşkilatlarında çalışanların maaşlarının orta hesabla 40 faiz artırılması barədə sərəncamları geniş müzakirələrə yol açıb.

Müzakirələrdə bir sıra sosial şəbəkə istifadəçiləri bunun növbədənkənar parlament seçkilərinin keçiriləcəyinə işarə kimi qəbul ediblər. Müzakirələrdə əsas arqument kimi müəllim və MSK üzvlərinin maaşlarının artımı göstərilir.

Sərəncama əsasən, maaş artımı sentyabrın 1-dən baş tutacaq.

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının 20% artırılıb, Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının artırılması barədə sərəncamdan sonra MSK sədri 3060 manat, müavini 2845 manat, katib 2110 manat, komissiya üzvləri 1920 manat alacaqlar.

Amma “Hüquq və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Hafiz Həsənov bunun seçki ilə bağlı olduğunu hesab etmir.

“Yalnız MSK üzvlərinin, aparatının işçilərinin yox, güc strukturlarının, elmi qurumların, hətta QHT-lərə Dövlət Dəstəyi Şurasının aparatının işçilərinin də maaşı qaldırılıb. Təbii ki, seçkilər keçiriləcək. Amma 18 iyun sərəncamının seçkiyə hesablandığını güman etmirəm. Onsuz da seçkilər sahəsində fəaliyyət göstərən şəxslər dövlət qayğısı ilə daha yaxşı əhatə olunub. Sərəncam da MSK üzvlərinin maaşlarının artırılması bu sıradan növbəti tədbirlərdən biridir”.

Hafiz Həsənov
Hafiz Həsənov

Hafiz Həsənov başqa bir narahatlığını ifadə etdi:

“Əmək haqlarının artırılması müsbətdir, amma Konstitusiyada ümumi bir norma var: normativ aktlar, fərmanlar, sərəncamlar haqqa, ədalətə bərabər olmalıdır. Yəni bir kateqoriya insanların maaşının qaldırılması hamı üçün yaxşı vəziyyət yaratmır. Sanki bir təbəqə seçilərək, onun əmək haqqısı qaldırılır, sosial təminatları yaxşılaşır, digər tərəflər üçün oxşar addımlar atılmır, birtərəfli iş aparılır. Gərək, dövlət büdcəsindən hamı üçün eyni qaydada imkanlar yaradılsın”.

Buna misal kimi o deyib ki, işsizlərlə bağlı heç bir addım atılmır, ölkədə xeyli insan işsizdir.

“Təəssüf ki, işsizlik müavinətləri yada düşmür. Yaxud yeni iş yerlərinin açılması. Evinə vəsait gəlməyən xeyli işsiz ordu var, bəs bunların taleyi necə olacaq?! Hazırda xeyli narazı insanlar var ki, islahatlar adı ilə həyata keçirilən tədbirlərdə onlar unudulub”.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli düşünmür ki, prezidentin sərəncamları erkən seçkiyə hesablanıb:

“Oktyabrda bələdiyyə seçkiləri baş tutmalıdır. Buna görə də mənim payızda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı gözləntim yoxdur. Parlament və bələdiyyə seçkilərinin eyni vaxtda keçirilməsini proqnozlaşdırmaq çətindir. Hər iki seçkinin texniki baxımdan öhdəsindən gəlmək seçki komissiyaları üçün çox çətin olar. Çünki artıq iyun ayıdır, oktyabrda isə bələdiyyə seçkiləri keçirilməlidir, ona qədər parlament seçkilərini keçirmək inandırıcı görünmür”.

Anar Məmmədli
Anar Məmmədli

Anar Məmmədlinin sözlərinə görə, Azərbaycanda istər dövlət, istərsə də qeyri-dövlət sektorunda çalışanların əmək haqları yüksək deyil.

“Ancaq bir məsələ var ki, maaş artımında daim dövlət məmurları, güc strukturları götürülür. Hazırda orta və aşağı məmur təbəqəsinin, müəllimlərin, həkimlərin əmək haqqı yüksək deyil. Sadəcə, maaşların qaldırılmasına və bu yöndə islahatara ehtiyac var. Amma bunu kənara qoyub, güc strukturları və seçki komissiyalarında çalışanların maaşları qaldırılır”

Digər tərəfdən o qeyd edib ki, maaş artımında hər zaman siyasi niyyət olur.

“Hakimiyyət illərboyu dövlət strukturunda çalışanlara daha yaxşı şərait yaradır, onları özləri üçün həssas qrup sayır. Çünki bu strukturlar birbaşa olaraq mövcud siyasi maraqların qorunmasında, etirazların qarşısının alınmasında iştirakçıdırlar. Ona görə priotitet olaraq bu qruplar maaş artımında əsas götürülür. Yəni maaş artımlarının daha çox siyasi mesajı var və bu, ondan ibarətdir ki, hakimiyyət administrasiyasının qorunmasında iştirak edən seçki komissiyalarının, güc strukturlarının maddi ehtiyaclarına həssas yanaşır”.

MSK-nin sabiq üzvü Akif Qurbanov əmək haqlarının artırılmasının bir neçə amillə izah etməyin mümkünlüyünü bildirdi:

“Həm ilkin seçki, həm də başqa məsələlər var. Amma maaşların artırılması bir ehtiyacdan doğur. Hətta orta və aşağı məmur təbəqəsində narazılıq var. Bu mənada 18 iyun sərəncamı daha çox reallıqdan irəli gəlir. Çünki alınan məvacibin dəyəri bazarda təklif olunandan xeyli aşağıdır”.

Akif Qurbanov
Akif Qurbanov

Akif Qurbanov erkən parlament seçkilərinin keçiriləcəyi şərtini görmədiyindən bu addımın atılacağını düşünmür:

“Hökumət heç nədən çəkinmir və bu tip məsələlərdə özünün xeyrinə rəy yaratmaq üçün seçki kampaniyalarında belə addımlar atırlar, qanunu pozsalar belə edirlər. Ona görə erkən seçkilərin keçiriləcəyini düşünmürəm. Bəlkə növbəti devalvasiya ola bilər”.

Ana səhifəXəbərlərAnar Məmmədli: Maaş artımında hər zaman siyasi niyyət olur