“Bu qrup yarandığı gündən onun qapısı vətəndaş cəmiyyətinin nüfuzlu və müstəqil mövqeyə malik nümayəndələrinin üzünə qapalı olub”
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri, həbsdə olan Anar Məmmədli hakimiyyətin yenidən yaratdığı insan hüquqları üzrə İşçi Qrupuna etimadsızlığını bildirib. O, bununla bağlı şərhini öz vəkillərinin vasitəsilə “Turan İA”-a göndərib.
“Hazırki şəraitdə insan hüquqları üzrə birgə qrupun yaradılması hökumətin siyasi azadlıqların müdafiəsi və vətəndaş cəmiyyəti təşkilatları ilə dialoq yaratması ilə bağlı səmimi və xoşməramlı istəyi deyil, daha çox görüntü yaratmaq cəhdinə bənzəyir.
Çünki bu qrup yarandığı gündən onun qapısı vətəndaş cəmiyyətinin nüfuzlu və müstəqil mövqeyə malik nümayəndələrinin üzünə qapalı olub. Mənim bu qrupda dövlət orqanlarını təmsil edənlərə etimadım yoxdur. Vətəndaş cəmiyyətindən olan şəxslərin isə cəmi 2-3 nəfərinin müstəqil mövqeyi var və bu, kifayət etmir.
Təəssüf ki, qrup üzvlərinin böyük əksəriyyəti ölkədə siyasi azadlıqların pozulması və siyasi repressiyaları indiyədək ya müdafiə edən, ya da bu hallara susqun qalan şəxslərdir”, – A.Məmmədli bildirib.
Bu qrupun özünə etimad üçün ən ciddi addımı fədakarcasına səylər göstərib, hazırda sağlıq durumu ağır olan hüquq müdafiəçiləri – Leyla və Arif Yunus və İntiqam Əliyev barədə həbs qətimkan tədbirinin ev dustaqlığına əvəzlənməsinə nail olması olardı.
“Amma bu yöndə təşəbbüs olmadı. Ümumiyyətlə, hökumət siyasi məhbus problemini həll etmək istəyirsə, vətəndaşları ictimai mövqeyinə görə hər an siyasi məhbusa çevirəcək siyasi şəraiti dəyişməli, siyasi azadlıqlara, o cümlədən ifadə azadlığı və qanunun aliliyinə hörmət bəsləməlidir”, – o bildirib.
*Anar Məmmədli 2013-cü il dekabrın 17-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5 il yarım müddətə azadlıqdan məhrum edib. O, qanunsuz sahibkarlıq, xidməti vəzifədən sui-istifadə və vergidən yayınmada ittiham olunur.
”
Amnesty İnternational”
A.Məmmədlini “vicdan məhbusu” kimi tanıyıb. O, Vatslav Havel mükafatına layiq görülüb.