Anar Məmmədli: Hesabatda seçkilərin rəqabətsiz keçəcəyi barədə ciddi məlumatlar var

Akif Qurbanov: ”ATƏT müşahidəçiləri jurnalist və blogerlərin həbsinin peşə fəaliyyətlərilə əlaqəli olmadığını yazırlar”

Source:


Akif Qurbanov: ”ATƏT müşahidəçiləri jurnalist və blogerlərin həbsinin peşə fəaliyyətlərilə əlaqəli olmadığını yazırlar”

Martın 29-da ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) qiymətləndirmə missiyası 11 aprel növbədənkənar prezident seçkiləri ərəfəsində Azərbaycanda seçkiqabağı vəziyyətə dair hesabat yayıb.

Sosial şəbəkələr yeganə mühüm informasiya mənbələri olaraq qalır

“Turan”-ın

məlumatı

na görə, seçkiqabağı atmosferə aid bölmədə deyilir ki, MSK seçki kampaniyasının aparılması üçün ölkə boyunca 169 meydança müəyyən edib.

Hesabatda deyilir ki, bir sıra müxalifət partiyaları prezident seçkilərinə etiraz olaraq mitinqlər təşkil ediblər. Aksiyalar başa çatdıqdan sonra müxalifət fəalları polisdə dindirilib, bəzisi saxlanılıb:

“Müxalifət seçkiqabağı təşviqat dövrünün 22 günədək azaldılmasını pisləyir. Bu, onun KİV-dən istifadə imkanlarını məhdudlaşdırır və hazırki prezidentə seçkilərdə üstünlük yaradır”.

KİV haqda bölmədə deyilir ki, diffamasiya və böhtan cinayət olaraq qalır, 2016-cı ildən isə bu müddəalar onlayn resurslara da tətbiq edilir və üç ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbəri xanım Korin Yonker
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbəri xanım Korin Yonker

Missiya peşə fəaliyyəti ilə bağlı olmayan ittihamlarla həbs edilən jurnalistlərin və blogerlərin sayına görə narahatlığını bildirib.

Azərbaycanda əsas siyasi informasiya mənbəyi kimi 11 televiziya stansiyası var, çap KİV-in tirajı azalmaqda davam edir. Əhalinin 80%-nin İnternetdən istifadə imkanları var.

DTİHB-nin bəzi müsahibləri KİV-lərin müstəqilliyinə və qərəzsiz olmadığına inanmadıqlarını bildiriblər. Qeyd ediblər ki, sosial şəbəkələr yeganə mühüm informasiya mənbələri olaraq qalır.

2017-ci ilin martından “İnformasiya haqqında” qanuna düzəlişlərdən sonra Rabitə Nazirliyi məhkəmə qərarı olmadan KİV-lərin saytlarını bloklamaq hüququ əldə edib. Bakıda və regionlarda bəzi tənqidi saytlara daxil olmaq mümkün deyil.

Hesabatda qanunvericilik çərçivəsində sorğu materialları və protokol xarakterli digər məlumatlar yer alıb. Sənəddə hər hansı təklif və tövsiyə yoxdur.

Aralıq hesabatı hazırlayan müşahidə qrupu Azərbaycana çox gec gəldi

Seçkilərin Monitorinqi və Tədris Mərkəzinin rəhbəri Anar Məmmədli Meydan TV-ə bildirib ki, açıqlanan rəyi indiki seçki reallığına xeyli dərəcədə uyğun hesab edir.

Anar Məmmədli
Anar Məmmədli

“Bu hesabat növbədənkənar prezident seçkisinin rəqabətsiz və alternativsiz mühitdə keçməsinə dair çox ciddi fundamental məlumatlar toplusudur. Hesabatda yetərincə məlumat var ki, istənilən oxucu seçkilərin nə dərəcədə rəqabətsiz keçdiyinin şahidi olsun. Eyni zamanda ölkədə seçki muhiti ilə bağlı çatışmazlıqlar və xüsusilə də hüquqi mühitdə olan çatışmazlıqlar öz əksini tapır.

Amma hesabatla da tam razılaşmaq biraz çətindir. Aralıq hesabatı hazırlayan müşahidə qrupu Azərbaycana çox gec gəldi. Onların seçki mühitini ilk günlərdən dəyərləndirmək imkanı az idi. Çox az bir zaman müddətində hazırlanmış hesabatdır. Növbəti günlərdə ATƏT-in daha bir hesabatı hazırlanacaq və orada ölkədəki siyasi mühit daha geniş yer alacaq”.

O qədər gül vurublar ki, jurnalist və blogerlərin həbsinin peşə fəaliyyətlərilə əlaqəli olmadığını yazırlar

MSK-nın keçmiş üzvü Akif Qurbanov aralıq hesabatı ilə bağlı sosial şəbəkələrdə qeyd edib ki, prognozlar özünü doğrultmaqdadır.

Hüquqşünas  Akif Qurbanov
Hüquqşünas Akif Qurbanov

“Yalnız siyasi qərar əsasında gələn ATƏT Seçki Müşahidə Missiyasının seçkiləri niyə müşahidəyə gəldiklərini elə bugunkü hesabatlarında göstərdilər. Adamlar o qədər sürət götürüb ki, nəinki 2013, hətta 2008-dəki rəylərini belə kölgədə qoymaqdadırlar. İllər uzunu hesabatlarındakı seçki komissiyalarının formalaşması barəsindəki dəyişməyən cümlələri belə tamamən dekonstruksiyaya uğrayıb. Adam heyrətini gizlətməyə bilmir. Hətta o qədər gül vurublar ki, jurnalist və blogerlərin həbsinin peşə fəaliyyətlərilə əlaqəli olmadığını yazırlar. Ölkədə sanki siyasi məhbus nəinki var, heç onun mövzusundan belə söhbət açılmır. Bunlara görə seçkini boykot edən müxalifətin arqumentləri nədir aydın deyil, müxaliflər özlərini sanki heç anlata bilməyiblər?!”.

Azərbaycanda növbəti prezident seçkiləri 2018-ci ilin oktyabrında keçirilməli idi. Fevralın 5-də prezident İlham Əliyevin sərəncamı ilə ölkədə aprelin 11-nə növbədənkənar prezident seçkiləri təyin edildi.

MSK prezidentliyə səkkiz nəfərin namizədliyini təsdiq edib. Onlar – hazırki prezident İlham Əliyev, Demokrat Partiyasının sədri Sərdar Cəlal oğlu Məmmədov, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının sədri Hafız Hacıyev və namizədliyi AXC Təşəbbüs Qrupu tərəfindən irəli sürülən Razi Nurullayevdir.

Müxalifət partiyaları seçkini boykot etdiklərini bəyan ediblər.

Bu il keçiriləcək seçki nəticəsində prezident ilk dəfə olaraq yeddi il müddətinə seçiləcək.

Martın 19-dan isə prezident seçkisinin təşviqat kampaniyası start götürüb.

Seçki qanunvericiliyinə əsasən, təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış başlanır. Seçki gününə 1 gün qalmış, aprelin 10-u səhər saat 08.00-da təşviqat kampaniyası dayandırılacaq və həmin gün sükut günü elan ediləcək.

Təşviqat zamanı ödənişsiz efiri yalnız İctimai Televiziya təklif edir.

İctimai Televiziya eyni zamanda, ödənişli efir vaxtı da elan edib. Televiziya prezidentliyə qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının saniyəsi üçün minimum 20, maksimum qiyməti isə 50 manat müəyyən edib.

İctimai radioda isə çıxışın bir saniyəsi üçün minimum 7, maksimum 25 manat ödəmək lazım olacaq. Kanal bildirib ki, ödənişli təşviqata qoşulan namizədlər günün müxtəlif saatlarında İTV və İctimai radioda çıxış edə bilərlər.

Ana səhifəXəbərlərAnar Məmmədli: Hesabatda seçkilərin rəqabətsiz keçəcəyi barədə ciddi məlumatlar var