Anar Məmmədli: Hakimiyyətin siyasi immuniteti getdikcə zəifləyir

SMDT sədri hazırkı şəraitdə seçki müşahidəçiliyi ilə məşğul olmağın imkansız olduğunu deyir

Source:

SMDT sədri hazırkı şəraitdə seçki müşahidəçiliyi ilə məşğul olmağın imkansız olduğunu deyir

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri, hüquq müdafiəçisi Anar Məmmədli Turan-ın müxbiri ilə söhbətində 26 sentyabrda keçiriləcək referendumla bağlı fikirlərini açıqlayıb.

A.Məmmədli bildirib ki, təqdim edilən Referendum Aktı ölkənin hüquqi-siyasi sistemi ilə bağlı ciddi dəyişiklikləri nəzərdə tutsa da, bu layihənin nə parlament, nə də geniş ictimai-siyasi çevrələrdə müzakirələri keçirilmədən ictimaiyyətə açıqlanması suallar yaradıb. Eyni zamanda Referendum Aktı layihəsinin irəli sürülməsi zərurəti və buna ictimai ehtiyaclar barədə əsaslandırılmış izahatlar verilməyib. Bununla da referendum təşəbbüsü gözlənilmədən, ictimai rəy öyrənilmədən və ictimai etimad qazanmadan ümumxalq səsverməsinə çıxarılıb.

Onun fikrincə, referenduma hazırlıq ictimaiyyətdən gizlədilsə də, hakimiyyətin buna hazırlığa 2013-cü il prezident seçkilərindən sonra başladığını təxmin etmək olar: “Çünki, 2013-cü ildən başlayaraq, insan hüquqları və demokratik dəyərlərin təbliği və müdafiəsi ilə məşğul olan təşkilatlara qarşı təzyiqlərın güclənməsi, o cümlədən vətəndaş cəmiyyəti liderləri və hüquq müdafiəçilərinin həbsi, QHT qanunvericliyinə edilən mürtəce dəyişikliklər, ATƏT-in Bakı ofisinin bağlanması və xarici QHT-lərin ölkədən çıxarılması bu prosesin başlanğıcı olub”.

A.Məmmədli qeyd edir ki, 2016-cı ilin əvvəlindən başlayaraq hüquq müdafiəçiləri, o cümlədən bəzi siyasi məhbsular azad olunsa da, mövcud hüquqi-siyasi mühit vətəndaş cəmiyyəti təşkilatlarına sərbəst fəaliyyət imkanı vermir. Çünki 2013-cü ilin sonundan başlayaraq, mövcud qanunvericiliyin mürtəce dəyişikliklərə məruz qalması, bəzi yerli və xarici QHT-lər üzərində cinayət təqibi və yüksək vergi cərimələrinin saxlanması, habelə xarici donor təşkilatlardan maliyyələşmənin çətinləşməsi nəticəsində vətəndaş cəmiyyətinin fəaliyyəti referendum dövründə mümkünsüz olub: “Hazırda 23 avqust 2002-ci ildə və 18 mart 2009-cu ildə keçirilmiş referendumlardan fərqli olaraq, vətəndaş cəmiyyəti təşkilatlarının seçicilərin maarifləndirlməsi, seçki hüquqlarının müdafiəsi və yerli seçki müşahidəçiliyinin təşkili ilə bağlı fəaliyyət göstərməsinə imkan yoxdur. Faktiki olaraq, milli əhəmiyyətli proses vətəndaş cəmiyyətinin neytrallaşdırılması şəraitində baş varir”.

A.Məmmədlinin fikrincə, referendum aktı ilə bağlı sual doğuran digər məsələ bu sənədin Avropa Şurasının Qanunvericlik üzrə Venesiya Komissiyasının rəyinin öyrənilməsi üçün təqdim edilməməsidir: “Bununla da hakimiyyət Konstitusiyaya təklif edilən dəyişikliklərin Avropa Şurası standartlarından uzaq olduğunu etiraf etmiş oldu. Hərçənd 2009-cu ildə Konstitusiyaya təklif olunan dəyişikliklər üzrə Referendum Aktı da beynəlxalq ekspert rəyi almaq üçün AŞ-ya müraciət olunmamışdı və bunla bağlı Avropa Şurası Baş katibinin müraciəti əsasında Avropa Şurası Venesiya Komissiyası rəyini açıqlamışdı. Komissiya dəyişikliklərin gələcəkdə konstitusion islahatlar ehtiyacını aradan qaldırmadığını bəyan etmişdi. İndiki referendum aktı da islahatçı ruhda deyil və ölkədə zəruri konstitusion islahatlar ehtiyacına cavab vermir”.

SMDT sədri qeyd edib ki, ölkədə 70-dən artıq siyasi məhbusun olması və hər həftə bu cür şəxslərin sayının artması referendum üçün demokratik şəraitin omamasına əyani sübutdur: “ANS-in lisenziyasının ləğv edilməsi də daxil olmaqla son günlər baş verən həbslər hakimiyyətin referendum dövründə ifadə azadlığından istifadə ilə bağlı narahatlığının göstəricisidir. Bu proses göstərir ki, hakimiyyətin siyasi immuniteti getdikcə zəifləyir və vətəndaşlarla hər gün daha artıq repressiv metodla rəftar etməklə avtoritarizmi gücləndirir”.

A.Məmmədlinin fikrincə, Konstitusiyanın insan hüquq və azadlıqları ilə bağlı müddəlarına məhdulaşdırıcı təklifləri daxil etməklə hakimiyyət faktiki olaraq, Azərbaycan Respublikasının insan hüquq və azadlqılarının müdafiəsi üzrə BMT, Avropa Şurası və ATƏT qarşısında beynəlxalq öhdəliklərinə əməl etmədiyini nümayiş etdirir. “Bu dəyişikliklər qəbul edilərsə, ölkəmiz Avropa Şurası və ATƏT-ə üzv ölkələr sırasında insan hüquq və azadlıqlarını Konstitusiya çərçivəsində məhdulaşdıran ölkə statusuna yiyələnəcək”.

SMDT sədrinin fikrincə, seçki sistemi ilə bağlı təklif olunan dəyişikliklər ölkədə seçki prosesinin demokratikləşməsi ilə bağlı zəruri ehtiyaclara cavab vermir: “Ümumiyyətlə, seçkilərdə namizədlər üçün minimum yaş məhdudiyyətinin aradan qaldırılması üçün indiyədək ölkədə ictimai müzakirələr və ya əsaslandırılmış rəy müşahidə olunmayıb. Əksinə, hakim siyasi partiya daim seçkili hakimiyyət orqanları və təyinatlı yüksək siyasi vəzifələri daşıyan şəxslərin orta yaş əmsalının yuxarı olması səbəbindən qınanılıb. Bu baxımdan, hakimiyyətdə olan siyasi partiya öz daxilində gəncləşməyə məruz qalmadan və hakimiyyətdə gənclərin təmsilçiliyi üçün mövcud imkanlardan yararlanmadan yaş məhdudiyyətini kəskin olaraq aradan qaldırmaq cəhdi anlaşılmazdır”.

Prezidentliklə bağlı səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılmasına münasibət bildirən A.Məmmədli xatırladır ki, Avropa Şurasına daxil olan ölkələrdən yalnız İrlandiya və İtaliyada prezidentin səlahiyyət müddəti 7 ildir: “Ancaq bu ölkələrdə parlamentlər geniş səlahiyyətlərə malikdir və Azərbaycanda olduğu kimi prezident idarəçiliyi sistemi mövcud deyil. Ümumiyyətlə, hakimiyyət bölgüsü ilə bağlı təkliflər islahatçı xarakter daşımadığından, bu dəyişikliklər qəbul edilərsə, ölkədə sərt və geniş səlahiyyətlərə malik prezident hakimiyyəti formalaşacaq. Bununla da parlamentin hüquqi-siyasi institut kimi dövlət idarəçiliyində rolu tamamilə zəifləyəcək”.

SMDT 2001-2013-cü illərdə Azərbaycanda keçrilən bələdiyyə, parlament, prezident seçkiləri və referendumlar zamanı müxtəlif proqramlar həyata keçirərək, vətəndaşların seçki hüquqlarının müdafiəsi, seçki prosesinin müşahidəsi və seçki prosesi barədə ictimai məlumatlandırmanın təşkili yönündə çalışıb. SMDT-nin 9 oktyabr 2013-cü ildə keçirilmiş prezident seçkisinin monitorinqi üzrə fəaliyyəti siyasi hakimiyyətin etirazına səbəb olub, həmin seçkidən iki həftə sonra SMDT-yə qarşı cinayət işi açılıb. SMDT sədri Anar Məmmədli 16 dekabr 2013-cü ildə həbs edilərək, 2 il 3 ay müddətində həbsdə saxlanıb.

Ana səhifəXəbərlərAnar Məmmədli: Hakimiyyətin siyasi immuniteti getdikcə zəifləyir