Məhkəmənin hazırlıq iclasının mayın 26-da keçirilməsi planlaşdırılır
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin cinayət işi üzrə istintaq başa çatıb.
Cinayət işi artıq məhkəmə mərhələsinə keçib.
Müdafiə tərəfinin yaydığı məlumata əsasən, işə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanova baxacaq.
Hazırlıq iclasının 2025-ci ilin mayın 26-da keçirilməsi planlaşdırılır.
Anar Məmmədli 2024-cü ilin aprelində saxlanılıb.
O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
Məmmədli özünü təqsirli hesab etmir və irəli sürülən ittihamlarla razılaşmır.
Beynəlxalq insan hüquqları təşkilatları onu siyasi motivlərlə həbs olunmuş bir şəxs – siyasi məhbus kimi tanıyır.
Rəsmi Bakı isə ölkədə heç kimin siyasi baxışlarına görə təqib edilmədiyini vurğulayır.
İctimai fəal Anar Abdullayevin də adı Anar Məmmədli ilə bağlı cinayət işində təqsirləndirilən şəxslərdən biri kimi çəkilir.
2025-ci ilin aprelində Abdullayev, Anar Məmmədli ilə bağlı aparılan istintaqa cəlb edilib.
O, Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur, bunlar arasında qaçaqmalçılıq, qanunsuz sahibkarlıq və vergidən yayınma yer alır.
İctimai fəal əvvəlcə Bakı Şəhər Baş Polis İdarəsində ifadə verib, daha sonra isə barəsində polisin nəzarətinə vermə tədbiri seçilib.