Anar Məmmədli və Anar Abdullayevin məhkəməsi keçirilib

Kollaj: Meydan TV

Məhkəmə verilən vəsatətləri təmin etməyib

İyunun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin məhkəməsi keçirilib.

Aygün Qurbanovanın sədrlik etdiyi hakimlər kollegiyası prosesdə Anar Məmmədlinin ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatət təmin etməyib.

Anar Məmmədlinin telefonundan və kompüterindən götürülən sübutların iş materiallarından çıxarılması ilə bağlı verilmiş vəsatət də təmin olunmayıb.

Növbəti məhkəmə iyulun 7-nə təyin olunub.

 Anar Məmmədli 2024-cü ilin aprelində saxlanılıb.

O, əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunsa da,  sonradan ittihama bir neçə maliyyə cinayəti üzrə maddələr də əlavə edilib.

 Məmmədli özünü təqsirli hesab etmir və irəli sürülən ittihamlarla razılaşmır.

Beynəlxalq insan hüquqları təşkilatları onu siyasi məhbus kimi tanıyır.

İctimai fəal Anar Abdullayevin də adı Anar Məmmədli ilə bağlı cinayət işində təqsirləndirilən şəxslərdən biri kimi çəkilir.

2025-ci ilin aprelində Abdullayev, Anar Məmmədli ilə bağlı aparılan istintaqa cəlb edilib.

O, Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur, bunlar arasında qaçaqmalçılıq, qanunsuz sahibkarlıq və vergidən yayınma yer alır.

İctimai fəal əvvəlcə Bakı Şəhər Baş Polis İdarəsində ifadə verib, daha sonra isə barəsində polisin nəzarətinə vermə tədbiri seçilib.

Ana səhifəSiyasətAnar Məmmədli və Anar Abdullayevin məhkəməsi keçirilib