Bu gün, sentyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin və bu iş üzrə ittiham olunan ictimai fəal Anar Abdullanın növbəti məhkəmə prosesi keçirilib.
Anar Məmmədli 2024-cü ilin aprelində saxlanılıb.
O, əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunsa da, sonradan ittihama bir neçə maliyyə cinayəti üzrə maddələr də əlavə edilib.
Məmmədli özünü təqsirli hesab etmir və irəli sürülən ittihamlarla razılaşmır.
Anar Abdulla bundan əvvəl, 2025-ci ilin aprelində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin( SMDTM) rəhbəri Anar Məmmədlinin cinayət işi üzrə aparılan istintaq araşdırmalarına cəlb olunub.
Bu iş üzrə Anar Abdullaya qarşı Cinayət Məcəlləsinin yeddi maddəsi (qaçaqmalçılıq, qanunsuz sahibkarlıq vergidən yayınma və.s) ilə ittiham irəli sürülüb.
Həmin vaxt Bakı Şəhər Baş Polis İdarəsinin qərarı ilə fəal barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdi.
Qərar avqustun 4-də dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunub.
Yaxınları Meydan TV-yə deyir ki, Anar Abdullanın vəkili Günay İsmayılova prosesdə müvəkkili ilə bağlı bir neçə vəsatət qaldırıb.
Vəkil bildirib ki, Anar Abdullanın xəstə anası və himayəsində bir azyaşlı uşağı olan bacısı var.
“Anar Abdullanın bacısı həm işləyir, həm də Anara “sovqat” gətirir, anasının isə səhhətində ciddi problemlər var. Ona görə də vəkil tələb edib ki, bu səbəbdən onun həbs qətimkan tədbiri polisin nəzarətinə verilmə ilə əvəz olunsun”.
Prokuror bu vəsatətləri əsassız hesab edərək bildirib ki, Abdulla polis nəzarətinin şərtlərini pozub ona görə də barəsində həbs qətimkan tədbiri seçilib.
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra prosesdə Anar Məmmədli ifadə verib. Məmmədli deyib ki, onların həbsi siyasi motivlidir. O bildirib ki, ittiham aktı çox bərbaddır, heç bir əsaslandırma, sübut yoxdur.
“Biz qanunsuz iş görməmişik, QHT fəaliyyəti ilə məşğul olmuşuq. Burada da qanunsuz heç nə yoxdur”, – o ifadəsində bildirib.
Anar Məmmədlinin ifadəsi yarımçıq saxlanılıb.
Məhkəmə sentyabrın 29-da davam edəcək.