Müstəntiq işi yekunlaşdıra bilmədiklərini deyib
Keçmiş Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) başqanı Anar Əsədlinin ev dustaqlığında saxlanma müddəti daha bir ay artırılıb. Bu barədə Nərimanov rayon Məhkəməsində qərar qəbul edilib.
Məhkəmədə keçmiş partiya sədri haqqında prokurorun təqdimatına baxılıb. Müstəntiq deyib ki, Anar Əsədli haqqında istintaqı yekunlaşdırmaq mümkün olmayıb. Bu səbəbdən qətimkan tədbirinin müddətinin daha bir ay artırılmasına zərurət var.
Hakim Gültəkin Əsədova prokurorun təqdimatını təmin edib. Onun barəsində ev dustaqlığı növündə qətimkan tədbirinin müddəti daha bir ay artırılıb. Bu müddətdə istintaqın yekunlaşacağı və cinayət işinin baxılması üçün məhkəməyə göndəriləcəyi gözlənilir.
Anar Əsədli aprelin 21-də Nərimanov Rayon Məhkəməsinin qərarıyla həbs olunub. O, iyulun 5-də ev dustaqlığına buraxılıb.
Onun haqqında cinayət işinin istintaqı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində gedir.
Anar Əsədli Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunur.
2022-ci ilin noyabrında Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulması haqda məlumatlarla bağlı açıqlama yayan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilmişdi ki, partiya rəhbərindən iki vətəndaş şikayətçi olub:
“Anar Əsədli yalan vədlər verərək, onların birindən 150 min, digərindən isə 10 min dollar pullarını alaraq mənimsəyib. Hər iki müraciətlə bağlı araşdırma aparılır”.
Bu cinayət işində zərərçəkmiş qismində adı hallanan şəxslər arasında mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov, Zəngilanın sabiq icra başçısı İlham Hüseynov və digərləri var.
Anar Əsədli dələduzluq ittihamını rədd edərək, kimsənin pulunu mənimsəmədiyini, baş verənlərin anlaşılmazlıq olduğunu bildirmişdi.
Anar Əsədli ev dustaqlığına buraxılan ərəfədə rəhbərlik etdiyi partiya da fəaliyyətini dayandırdığını bəyan etmişdi.