“Anar Bağırovun söylədikləri yalandır”

Yalçın İmanov: “Yaxın bir neçə ilin hadisələrini bu cür təhrif etmək kollegiya sədrinin ya amneziyadan əziyyət çəkdiyini, ya da cəmiyyəti yanlış məlumatlandırma niyyətini göstərir”

Source: Meydan.tv

2018-ci ildə vəkillərin fəaliyyəti ilə bağlı şikayətlərin 83 faizi məhz vətəndaşlar tərəfindən edilib.

Bu açıqlamanı “Report”-a Vəkillər Kollegiyasının sədri Anar Bağırov verib.

Onun sözlərinə görə, bəzi hallarda KİV-də guya Azərbaycanda dövlət orqanlarının sifarişi əsasında vəkillərə qarşı təqiblərin və təzyiqlərin olduğu barədə yalan və uydurma xarakterli məlumatlar yayılır:

“Əvvəla, Vəkillər Kollegiyası hər hansı vəkili kollegiya üzvlüyündən xaric etmək səlahiyyətinə malik deyil. Sadəcə olaraq, bununla bağlı təkcə məhkəmədə iddia qaldırmaq səlahiyyətinə malikdir. Ötən ilin statistikasına görə təkcə 6 nəfər vəkilin Vəkillər Kollegiyasından xaric olunması ilə bağlı qərar qəbul olunub. Onların 5 nəfəri 6 aydan çox müddətə üzrlü səbəb olmadan üzvlük haqqını ödəmədiyinə görə, 1 vəkil isə sırf vətəndaşın şikayətinə əsasən kollegiyadan xaric edilib. Tam məsuliyyətlə deyə bilərəm ki, bir nəfər vəkil belə dövlət orqanlarının sifarişi əsasında kollegiyadan xaric edilməyib".

Vəkil İradə Cavadova isə Anar Bağırovun səmimi olmadığını düşünür.

Vəkil İradə Cavadova
Vəkil İradə Cavadova

İradə Cavadova Meydan TV-yə deyib ki, onun kollegiyadan uzaqlaşdırılması elə dövlət strukturunun göstərişi əsasında olub:

“Ən azından müqavilə bağladığım insana təzyiq edilərək, aramızda müqavilə olmaması bəhanəsi ilə kollegiyadan xaric olunmağım haqda məhkəməyə müraciət edilib. Mayın 10-da da Bakı Apelyasiya Məhkəməsində işə baxılıb. Məndən başqa vəkillər də var ki, dövlət strukturlarının göstərişindən sonra kollegiya dərhal reaksiya verir”.

Vəkil Yalçın İmanov kollegiyanın sədri Anar Bağırovun söylədiklərini yalan adlandırıb və ortalıqda faktların olduğunu deyib:

“Mənim kollegiyadan azad olunmağım, yaxud Nemət Kərimlinin, Əsabəli Mustafayevin və Fəxrəddin Mehdiyevin 1 il müddətində vəkillik fəaliyyətlərinin dayandırılması sırf dövlət orqanlarının şikayəti əsasında baş verib. Mənim haqqımda Penitensiar Xidmət şikayət etmişdi. Əsabəli Mustafayev, Nemət Kərimov və Fəxrəddin Mehdiyev haqqında isə Baş Prokurorluğun müraciətləri əsasında kollegiya qərar qəbul etmişdi. Yaxud İradə Cavadovanın kollegiyadan xaric edilməsi də əslində onun müvəkkilinin DİN-in Baş Mütəşəkkil Cinayıtkarlıqla Mübarizə İdarəsində qanunsuz saxlanılmasından sonra baş verdi”.

Yalçın İmanov bildirib ki, Azərbaycan Vəkillər Kollegiyası müstəqil qurum deyil, indiyə qədər dövlət orqanlarının və müxtəlif ranqlı məmurların şikayəti əsasında müstəqil və müxalif vəkilləri cəzalandırmaqla məşğuldur:

Vəkil Yalçın İmanov
Vəkil Yalçın İmanov

“Yaxın bir neçə ilin hadisələrini bu cür təhrif etmək kollegiya sədrinin ya amneziyadan əziyyət çəkdiyini, ya da cəmiyyəti yanlış məlumatlandırma niyyətini göstərir”.

2017-ci ilin noyabrın 20-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti Yalçın İmanovun səlahiyyətlərini dayandırıb və onun bu orqandan çıxarılması üçün məhkəməyə müraciət etmədən qərar verib.

Vəkillər Kollegiyası Rəyasət Heyəti ötən ilin iyunun 11-də daha çox mülkiyyət hüquqlarının müdafiçisi kimi tanınan İradə Cavadovanın kollegiya üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edib. Hazırda məhkəmə çəkişməsi davam edir.

Vəkillər Kollegiyası Əsabəli Mustafayevin, Fəxrəddin Mehdiyevin, Nemət Kərimlinin fəaliyyətlərinin 1 illik dayandırması haqda qərar çıxarmışdı. Artıq onların fəaliyyəti bərpa olunub.

Bugünlərdə Penitensiar Xidmət vəkil Fariz Namazovun fəaliyyəti ilə bağlı Vəkillər Kollegiyasına şikayət edib.

Ana səhifəXəbərlər“Anar Bağırovun söylədikləri yalandır”