Anar Bağırov: ”Azərbaycanda heç bir vəkil həbs olunmur”

Avropa Şurası və Avropa İttifaqı “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramı” çərçivəsində keçirilən layihələrin nəticələrinin təqdimatında iştirak edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərin suallarını cavablandırıb.

– Anar müəllim, son bir ildə əsasən ictimai-siyasi fəaliyyətlə məşğul olanları müdafiə edən vəkillər kollegiyadan niyə kənarlaşdırılır?

– Mən sizin söylədiklərinizlə razı ola bilmərəm. Azərbaycanda 1500 vəkil var. İstənilən hüquqi yardıma ehtiyacı olan vətəndaşa vəkil tapmaq mümkündür. Heç kim deyə bilməz ki, hansısa hüquqi yardıma ehtiyacı olan vətəndaşa vəkil tapmaq mümkün deyil, vəkil qıtlığı var. Mən vəkilləri kateqoriyalara bölməyin əleyhinəyəm. Yəni mən onun əleyhinəyəm ki, bəzi vəkillər insan hüquqlarının müdafiəçisi kimi təqdim olunsun cəmiyyətə, bəzilərisə yox. Vəkillər hamısı peşəkarcasına insan hüquqlarını müdafiə edən şəxslərdir. Təbii ki, qanunu pozan, etik davranış normalarını pozan vəkillərə qarşı qanuna uyğun şəkildə intizam tənbehləri tətbiq olunub. Yeri gələndə biz bu gün fəxr edirik ki, Azərbaycan regionumuzda yeganə ölkədir ki, heç bir vəkilə qarşı cinayət təqibi yoxdur, heç bir vəkil nə həbs olunur, nə də onun barəsində vəkillik fəaliyyətilə bağlı cinayət işi qaldırılır. Azərbaycanda vəkillər sərbəst şəkildə öz fəaliyyətlərini həyata keçirirlər, heç bir müdaxilə yoxdur. Hesab edirəm ki, əsas problem regionlardakı vəkillərin azlığı ilə bağlıdır. Elə regionumuz var ki, 50 min əhalisi var, amma cəmi 2-3 vəkil fəaliyyət göstərir.

– Nümayəndəlik İnstitutunun ləğvindən sonra məhkəməyə müraciət edən vətəndaşlar vəkilsiz qalır. Bu istiqamətdə hansısa addımlar atılırmı?

– Bununla bağlı həqiqətən də problem var. Problemin kökündə duran odur ki, bu gün bizim qanunvericilikdə birinci inistansiya, apelyasiya məhkəmələrinə dövlət hesabına mülki işlər üzrə vəillərin təyin olunması nəzərdə tutulmayıb. Demək vətəndaşa birinci instansiya məhkəməsində və yaxud apelyasiyada dövlət hesabına vəkil lazım olsa, biz onu ayıra bilmirik. Hesab edirik ki, Nazirlər Kabineti dövlət hesabına ödənişlə bağlı müvafiq qərarında dəyişiklik etməlidir.

– 2017-ci ilin sonuna kimi hər 1000 məhkəmə işinə düşən vəkil sayı və nümayəndəliyin ləğvindən sonra hər 1000 məhkəmə işinə düşən vəkil sayının statistikası varmı?

– Nümayəndəlik İnstitutunun ləğvi ilə bağlı qərar qəbul olunanda çox böyük problemlər, növbələr yaranacaq deyirdilər. Bu gün tam məsuliyyətlə bunu deyirəm ki, əslində vəkillər üzərlərinə düşən işləri görürlər. Yəni elə bir ajiotaj görmürəm. Deyildiyi kimi, növbələr də yoxdur. O ki qaldı işlərin sayının artmasına, təxminən vəkillərin yükü 30 faiz artıb, ondan çox artmayıb.

– Vəkillərin çıxdığı işlərin sayını yox, məhkəmə işlərinə düşən vəkillərin sayını soruşuruq…

– Məhkəmələrin real statistik göstəricilərilə tanış deyiləm. O məlumatlar hələ ki, məndə yoxdur. Biz ilin sonunda 12 ayın göstəricilərini paylaşacağıq. Məncə, orada sirr yoxdur. Bunu ictimaiyyət bilməlidir.

– Amma o rəqəm bizə imkan verməyəcək deyək ki, neçə işdə vətəndaşın əli vəkilə, ümumiyyətlə, çatmayıb.

– O əli çatmayan vətəndaşlar dövlət orqanlarına, Vəkillər Kollegiyasına müraciət edirlər?

– Müraciət etməyənlər də olur.

– Kim müraciət edibsə, biz onları vəkillə təmin etmişik. Məsələn dövlət orqanlarına vətəndaş müraciət edir, deyir, mənə vəkil lazımdır. Şəxsi hesabıma tutmağa imkanım yoxdur. O qurumlar bizə müraciəti göndərəndə xahişləri də təmin edirik. Yəni hardasa səlahiyyətimizi aşırıq, amma etməliyik.

“Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramı” çərçivəsində həyata keçirilən layihələr media, məhkəmə sistemi, vəkillik və başqa sahələri əhatə edib.

Kanala abunə ol – https://goo.gl/TcM9Fm

WebSite: https://www.meydan.tv

Facebook: http://fb.com/MeydanTelevision

Twitter: http://twitter.com/MeydanTV

Google+ https://plus.google.com/+MeydanTelevision/posts

İnstagram: http://instagram.com/meydantv

__

Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq – whatsapp : +49 176 16263646

Ana səhifəVideoAnar Bağırov: ”Azərbaycanda heç bir vəkil həbs olunmur”