Jurnalistlər pixoloji təzyiqə məruz qaldıqlarını deyirlər
Jurnalist Anar Abdulla və fotoreportyor Firidun Səlimov iyulun 17-də günün ikinci yarısında azad olunublar.
İyulun 15-də Rəşid Behbudov küçəsində saxlanılaraq 9-cu Polis Bölməsinə gətirildiklərini Meydan TV-yə danışan Anar Abdulla bildirib ki, onlar polisə heç bir müqavimət göstərməyiblər:
“Ümumiyyətlə, normal yanaşma olsa da, ailəmiz və vəkillərlə əlaqə saxlaya bilmirdik”.
Amma Anar Abdulla Polis Bölməsində bəzi adamlara şiddət göstərildiyini bildirib:
“Maşından düşürüləndə bir sıra adamlara qapaz vurulurdu. 2 nəfər isə rezin güllədən yaralanmışdı”.
Jurnalist sonradan aparıldıqları Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsində psixoloji təzyiqə məruz qaldıqlarını söyləyib.
Anar Abdulla onlara 48 saatdan çox saxlanılmaqlarının səbəbini izah etmədiklərini bildirib:
“Bu gün öyrəndim ki, saxlanılmanı 96 saata qaldırıblar”.
Anar Abdulla Firudin Səlimovun üstünə iki dəfə təcili tibbi yardım gəldiyini və onlardan yeni koronavirus testi götürüldüyünü söyləyib.
O, telefonlarının qaytarılmadığını bildirib. Anar Abdulla baş verənlərlə bağlı məhkəməyə müraciət edəcəyini deyib.
Fotoreportyor Firudin Səlimov isə 14 iyul aksiyasında müşahidəçi kimi iştirak etdiyini deyib:
“Mən fotoreportyor kimi qatılmışdım. Sonradan Sahil bağında saxlanıldım, media təmsilçisi olduğumu desəm də, nəzərə almadılar”.
Firudin Səlimovun sözlərinə görə, saxlanıldıqları yerdə havalandırma sistemi olmayıb:
“Hətta oturmağa yer yox idi, 6 nəfər bir otaqda idik, təsəvvür edin də durumu. Amma fiziki təzyiq olmadı, sadəcə, nəsihətverici söhbətlər etdilər”. O, səhhətinin ağırlaşması baxımından təcili yardım gəldiyini təsdiqləyib. Fotoreportyor da telefonunun qaytarılmadığını deyib.
F.Səlimov bildirib ki, ailəsi ilə əlaqə yaradılsa da, vəkili ilə təmasa icazə verməyiblər.
Jurnalist Anar Abdulla və Firudin Səlimov “Orduya dəstək” 14 iyul aksiyasından sonra saxlanılmışdılar. Onlarla eyni gündə saxlanılan ictimai fəal Elvin Cəbizadə hələ buraxılmayıb.
Vəkil Elçin Sadıqov jurnalistlərlə görüşə imkanı yaradılmadığını qeyd etmişdi:
“Hər üç şəxs 48 saatdan artıqdır qanunsuz olaraq həbsdədir və hələ də məhkəmə önünə çıxarılmayıb. Bu isə Konstitusiyanın 28-ci, İnsan Hüquqları Konvensiyasının 5-ci, İnzibati Xətalar Məcəlləsinin 89-cu, Cinayət Prosesual Məcəllənin 148-ci maddələrinin kobud şəkildə pozulmasıdır”.
Həyat yoldaşı Aysel Umudovanın verdiyi məlumata görə, Elvin Cəbizadə iyulun 17-də Səbail Rayon Polis İdarəsinə gətirilib. Polis İdarəsinin qarşısında həyat yoldaşını gözləyən Aysel Umudova və saxlanılanlardan birinin valideyni karantin qaydalarını pozma səbəbilə 200 manat cərimələnib. Elvin Cəbizadə bir neçə saat Səbail Rayon Polis İdarəsində saxlanıldıqdan sonra 6-cı Polis Bölməsinə qaytarılıb.
İyulun 14-də Bakıda Qarabağa dəstək yürüşü zamanı minlərlə Bakı sakini Milli Məclisin qarşısına toplanıb. Səhər saatlarına qədər davam edən yürüşü işıqlandırmaq üçün hadisə yerinə gedən jurnalistlər Anar Abdulla və Firudin Səlimov, hadisəni işıqlandıran həyat yoldaşı Aysel Umudovaya görə narahat olduğu üçün ora gedən Elvin Cəbizadə saxlanılıb. Onlar iyulun 15-i səhər saatlarında saxlansalar da, 48 saatdan artıq müddət ərzində onlardan xəbər almaq mümkün olmayıb.
Dövlət başçısı İlham Əliyev iyulun 14-də keçirilən aksiyanın hakimiyyətin siyasətinə dəstək olduğunu, amma təxribatların da həyata keçirildiyini bildirib və AXCP-ni ittiham edib.