Müharibə iştirakçısı dövlətdən və xeyirxah insanlardan yardım istəyir
Bakıda müharibə iştirakçısının evi yanıb. Yanğın Xəzər rayonunun Buzovna qəsəbəsindəki Albalılıq massivində qeydə alınıb. Həmin massivin Məmməd Namazov küçəsi, döngə 1 ünvanında qeydiyyatda olan Məsimovlar ailəsinə məxsus ev yanaraq külə dönüb. Ailədə yaşayan üç nəfər xilas olsa da, evdən heç nə çıxarmaq mümkün olmayıb. Ailə dörd otaq və bir mətbəxdən ibarət evini mebel və əşyaları ilə birgə itirib.
İkinci Qarabağ müharibəsinin iştirakçısı Raci Məsimli Meydan TV-yə deyib ki, yanğının güclü olması səbəbindən evdən heç nə çıxara bilməyiblər:
“Anam Aynur Baloğlanova ağır xərçəng xəstəsidir, o, yataqda idi. Atam və mən də evdə idik. Saat 7-yə işləmiş qəflətən elektrik xəttində qısaqapanma oldu, yanğın tavandan başladı. Anidən evi alov bürüdü. Özümüz güclə çıxdıq. Evdə heç bir əşya qalmadı, hər şey yandı, heç nə götürüb çıxa bilmədik. Atamın mobil telefonu belə yandı. Yanğın söndürənə zəng etdik, onlar da bir az gec gəldi, ona görə yanğın gec söndü”.
Ailə hazırda Şəhla adlı qız övladının evinə sığınıb.
Meydan TV bu ilin yanvarında Raci Məsimlinin anasının durumu ilə bağlı problemlərini işıqlandırmışdı.
Raci Məsimli deyir ki, onsuz da anasının müalicəsinə xeyli vəsait lazım gəlirdi. İndi evsiz qalmaları vəziyyətlərini daha da ağırlaşdırıb. O, dövlətdən, eləcə də xeyirxah insanlardan kömək istəyir:
“Bütün bunlar gözlənilməz oldu. Hər şeyimizi, sahib olduqlarımızı satıb, yaxınlardan borc alıb, bankdan pul götürüb ancaq anamın kimyaterapiyalarına, bahalı dərmanlarına xərcləmişdik. Ən son terapiyasını 15 martda etdirdik. İndiyədək 43 mindən çox xərcimiz çıxıb. Həkimlər aprelin 10-dan sonra əməliyyata yazıblar. Ailədə tək çalışan, maaş gətirən mən idim, o da kreditə gedirdi”.
“İndi bacımın evindəyik, xəstə anamla birgə orda qalırıq. Çox çətindir. Onlara da, bizə də. Bilmirik indi haradan, necə kömək alaq, hara sığınaq. Bir tək bu ev idi, əməliyyat üçün onu da satmağı düşünürdük. Ev də yandı, qaldıq ağır durumda. Anamın xəstəliyi ilə mücadilə edirdik ki, evimiz yandı. Dövlətdən dəstəyə, köməyə çox ehtiyacımız var”, – Raci Məsimli deyir.