Anamın sevgi sirri

Qaynamış suyu, yodu, pambığı göstərib başlamaq işarəsi verdi.

Source: Meydan TV


Qaçırıq əzizlərim, yaxınlarmızın simasında özümüzdən uzaqlaşırıq

Bu ölkədə mövzudan bol heç nə yoxdu. Oturduğun yerdə qonşu Aybənizdən, südsatan Abdurahmandan, qazçı Əhməddən, köhnə dəmir alandan və sairə vətəndaşlardan istənilən informasiyanı alıb, “n” qədər yazı düzəldərsən. Belədə həm real olar, həm təbii. Daha Məzahir Pənahovun “sehirli” qutusu, müxalifətin mitinqi, iqtidarın islahatı və sairə kimi dərin qutularda-quyularda baş sındırmağa gərək qalmaz. Və əgər pilləkəndən düşməyə də ərinirsənsə, onda canına işləmiş həyat hekayətlərindən yaz. Ən dəyərli mövzu Azərbaycan adamıdır. Sənin övladın, mənim anam, digərinin qardaşı-bacısı, özüdür. Onların keçmişi, indisi, gələcəyidir. Bəsit olacaq? Qorxmayın, bu halda belə, qıcqırmış ictimai obyektlərdən bəsit ola bilməz. Mən, məsələn, anamdan tez-tez yazıram, çox yazıram. Çünki artıq o, yalnız mənim anam deyil, ümumiləşmiş ana obrazıdır. Və inanıram ki, anamın etdiyi hər şey məqamı gələndə istənilən əsil ananın edə biləcəkləridir. Sadəcə mənim bütün anaların hekayətlərindən xəbərim olmur. Amma anamı hamı ilə paylaşmağa hazırım. Necə ki, özüm də hekayətləri yazılmamış o gözəl anaların övladı olmaqla qürur duyardım.

Qənirə xalanın yer evində olurduq. Bir balaca otaq idi, bir də yayda “hamam”, qışda “soyuducu” şüşəbənd. Payızın yağışlı, soyuq günlərində Bakıdan rəfiqəm digər dostlarla qonaq gəlmişdi. Bir əcnəbi tələbə də gətirmişdilər. Dünyanın o vaxtında hər tində bir otel yox idi. Olsaydı belə, o havada anamın əlindən qonaq almaq olmazdı.

Sağalan və sağalmayan yaralar

Qərib uşağa soyuq olmasın deyə iki daşın arasında Alagöz bacı şüşəbəndə odun sobası qoydurdu. Kişi xeylaqlarını orda yatızdırdıq. Onda gecəyarısı işıqları söndürürdülər. Bircə nöyüt lampamızı şüşəbəndə verdik. Arzunu (rəfiqəmi) öz otağımızda yerləşdirib, işıq sönənə qədər özümüz də yorğanın altına girdik. Gecəni necə yatdımsa, bir də səhər oyanıb gördüm anamla Arzu hər şeyi hazırlayıblar.

O gün süfrədən kimsə qalxmaq istəmirdi. Yalnız əcnəbi uşaq arada qalxıb anamı öpüb otururdu. Uşaqlardan biri qayıtdı ki, bu Con Alagöz nənəni “zakuska” elədi daha.

Günorta qonaqlar gedən kimi anam sandığın üstündə oturub məni yanına çağırdı. Yaxınlaşanda üzünün saraldığını gördüm. Halsız idi. Həyəcandan dilim-dodağım qurudu. Zəif səslə məni sakitləşdirməyə çalışıb bəzi şeylər istədi. Həkim çağırmağa qoymurdu, o şeylərlə nə edəcəyini bilmirdim. Robot kimi hər şeyi gətirib yığan kimi kəlağayısını və altdan möhkəm çəkib bağladığı balaca yaylığı açdı…

Ağappaq saçları, boynu, hətta kürəyi qıp-qırmızı qan idi. Divara söykənib qaldım. Gülümsəyib qayçını uzatdı. Qaynamış suyu, yodu, pambığı göstərib başlamaq işarəsi verdi. Qan və mən! Barmaqdan tikan çıxarda bilməyən adam hansı ürəklə sevimli varlığın canını incidəcəkdi? Məcburi özümü toplayıb ürəyimin yağını yeyə-yeyə “əməliyyata” başladım. Nəhayət, ağaca dönmüş ipək saçların altında bir oyuq göründü. Son gücümlə yod şüşəsini deşilmiş yerə boşaldıb palazın üstünə çökdüm. “Korvalol”un iyinə ayılanda anamı həmişəki kimi ayaqüstə gördüm. Sanki başındakı o boyda yara ona aid deyildi.

…Gecədən yarılıbmış başı. Odundan ötrü usulluca qaranlığa çıxanda başı zərblə qapının yuxarısındakı armatura dəyib. Səsini boğub qanı birtəhər “öz üsullarıyla”saxlayıb. O gecədən ta ertəsi günün ortasına qədər başında o boyda yaranı xəlvət, müdaxiləsiz gəzdirib ki, peşmançılıq yaşanmasın, mənim qədər sevdiyi Arzu qızı həyəcanlanmasın, yaşanan gözəl günün dadı qaçmasın və sairələr olmasın. Təbii ki, məni də düşünüb, amma Arzudan sonra. Anam dostlarımın üstündə məndən çox əsərdi. O günlərdə bərk-bərk tapşırdı ki, Arzuya deməyim, o qədər işin-gücün arasında onun fikrini eləməsin. Demədim.

İndi düşünürəm ki, gərək yara sağalandan sonra deyəydim Arzuya. Hamımızın sevgi dolu Alagöz bacımızın ona necə qıymadığını biləydi. Bəlkə anam da sağalandan sonra onun kiçik fədakarlığını Arzunun bilməsini istəyərdi. Kaş ki, bu barədə çoxdan düşünəydim. Gecikdim. Hayıf, çox hayıf…

Ağrılı-göynərtili günlərində bircə dəfə “uf” deməsə də, çox əziyyət çəkdiyini duyurdum. Kənarda yaşayanlar görə bilməzdilər, hər gün təmasda olan mən o gün üzündəki solğunluğu hiss etməliydim. Bir müddət sonra yara da, yaranın ürəyimdəki yeri də sağaldı. Amma ha əlləşirəm, o gün daha və çox daha həssas ola bilmədiyimi indiyə qədər özümə bağışlaya bilmirəm.

***

İnternet əsridir, məlum… Ölkənin qıcqırmış havasında milçək uçsa gözdən-qulaqdan qaçırmırıq. Anında xəbər tuturuq. Dünya da eynən ovcumuzun içində döyünür. Yalnız yaxın ətrafımızdakı cəfakeş, təmənnasız zümrəyə diqqət yetirməyi məchul sonraya saxlayırıq. Nə də olsa yanımızdadılar. Qaçmırıq ki?

Qaçırıq əzizlərim, yaxınlarmızın simasında özümüzdən uzaqlaşırıq. Hayıf analarımızdan. Bizə çox güvənmişdilər…

Ana səhifəXəbərlərAnamın sevgi sirri