”Anama söydüyü üçün bıçaqladım”

Prodüseri öldürməkdə təqsirləndirilən şəxs günahını etiraf edir

Source:
Hamlet Cahangirov
Hamlet Cahangirov


Prodüseri öldürməkdə təqsirləndirilən şəxs günahını etiraf edir

“Anama söydüyü üçün bıçaqla vurdum. Lakin öldürmək fikrim yox idi”. Bunu istintaq zamanı verdiyi ifadəsində prodüser Hamlet Cahangirovun qətlində təqsirləndirilən Yusif Mirzəyev deyib.


“O, gülə-gülə “necə, yeri, az?” – dedi”

Yusif Mirzəyev ilkin ifadəsində Hamlet Cahangirovu öldürməsini boynuna almasa da, sonradan o, törətdiyi cinayəti etiraf edərək, özünü tam təqsirli bildiyini deyib. Yusif Mirzəyev ifadəsində göstərib ki, bir neçə ildir ki, Bayıl qəsəbəsində yaşayan Fərid Şahbazovla tanışdır, onunla dostluq münasibəti var: “Təxminən bir il əvvəl Bayıl qəsəbəsində yaşayan Sahib Həsənovla tanış olmuşam. Sahib Həsənov  taksi fəaliyyəti ilə məşğul olur. 30 aprel 2015-ci ildə, saat 22 radələrində Sahib, Fərid, onların tanışları Ramin ilə birlikdə Bayıl qəsəbəsində görüşüb çay içdik. Sonra Sahibin avtomobili ilə  şəhərə getdik. Həmin vaxt üstümdə pul olmadığından Sahibdən bir saat müddətinə avtomobilini istədim. Fikirləşdim ki, onun avtomobili ilə bir saat ərzində taksi kimi fəaliyyət göstərib pul qazanaram. Saat 23 radələrində Fəridlə Sahibi “Basin” adlanan küçədə düşürüb müştəri tapmaq üçün Beşmərtəbə dairəsindən Bakıxanov körpüsü tərəfə hərəkət edərkən ortaboylu, dolu bədən quruluşlu, ağbəniz, qarasaçlı bir nəfər şəxs yolu əks tərəfə keçib, əl etdiyi üçün avtomobili saxladım. Həmin şəxsin əlində “Yaquar” markalı spirtli içki var idi. İçkini içə-içə avtomobilə yaxınlaşıb “Sovetski” deyilən yerə getməli olduğunu bildirdikdə onu həmin ünvana 4 manata aparmağa razılaşdım. Oğlan qapını açaraq arxa oturacaqda əyləşdi. Yolda həmin oğlan məndən haralı olduğumu soruşdu. Ona “yeraz” olduğumu bildirdim. O, gülə-gülə “necə, yeri, az?” – dedi. Mən də ona irad tutdum. O isə gülməyə başladı. Bir neçə saniyədən sonra isə həmin şəxs rus dilində “panayexali tut vsyakie eti yerazi, spakoyna jit nedayut, ot vas tesno stala, ot vas prativno stala” deyə danışmağa başladı. Onun sözlərinə əsəbləşdiyim üçün işıqforda avtomobili saxlayaraq geri dönüb yumruqla onun sol qolundan bir zərbə vurdum. Bu zaman həmin şəxs mənə “sukin sın” deyə söyüş etdi və aramızda mübahisə yarandı. Yolda olarkən Fəridə zəng edib harada olmalarını soruşdum. Onlar “Fəvvarələr meydanı” yaxınlığında olduqlarını bildirdikdə onlara “Sovetski” deyilən yerə müştəri apardığımı və onu düşürüb Daxili İşlər Nazirliyinin yanında gözləyəcəyimi bildirdim. «Beşmərtəbə” dairəsindən üzüyuxarı qalxdıqda həmin şəxs ikinci tindən sola dönməyi bildirdiyi üçün avtomobili həmin ünvana sürdüm. Bu zaman həmin şəxs yenidən rus dilində “mən burda yaşayıram, burda hamı məni tanıyır. Mən nə deyirəmsə, odur. Mən nə deyirəmsə, düz deyirəm” – deyə danışa-danışa ondan sağa doğru dönməyi xahiş etdi. Sağa döndükdə orada “giriş qadağandır” nişanının olduğunu görüb həmin şəxsə bu barədə bildirdim. Lakin o, “mən sənə hara deyirəm, ora sür” – sözlərini dedi. Onun sözü ilə həmin dalana girsəm də, yol olmadığından geri qayıdaraq yola çıxıb yenidən həmin şəxsin sözü ilə avtomobili idarə etməyə başladım. Yenidən qadağan olunmuş yol ilə getdiyimiz üçün bu barədə ona bildirdikdə o, “sənin ananı…. hara deyirəmsə, ora da sür” – deyə cavab verdi. O, anama söyüş söydüyü üçün avtomobili saxlayıb arxaya çöndüm. Lakin bu zaman o, “yaxşı, yaxşı, gəl dalaşmayaq” – deyə cavab verdi. Bundan sonra  yenidən yola davam etdim. Onun sözü ilə hərəkət edib yenidən gəldiyimiz yerə qayıtdıq. Yenidən sola dönüb irəlilədikdə Daxili İşlər Nazirliyinin binasının yuxarı hissəsində Sahib, Fərid və Raminin dayandığını gördüm, avtomobili saxladım. Onlar avtomobilə mindilər. Onlar avtomobildə olan şəxsin kimliyini soruşduqda  müştəri olduğunu, lakin söyüş söydüyü üçün onunla işim olduğunu bildirdim. Mənə söydüyü və lağ etdiyi üçün maşını rahat yerə sürüb dalaşmaq istəyirdim. Mətbuat prospektinə çatmamış beşmərtəbəli binanın həyətinə girib avtomobili saxlayaraq düşdüm”.


“…şalvarın arxa cibində olan bıçağı çıxarıb onun qarın nahiyəsinə bir zərbə vurdum”

“Həmin şəxs də avtomobildən düşdükdə yenidən mübahisə etməyə başladıq. Bu zaman Fərid də avtomobildən aşağı düşmək istədikdə ona avtomobildən düşməməyi bildirdim və çıxıb getmələrini istədim. Fərid “lazım deyil, burax onu çıxıb getsin, biz də çıxıb gedək” – desə də, ona qulaq asmadım. Onlar da maşınla çıxıb getdilər. Sonra isə həmin şəxslə mübahisə edə-edə həyətdən iki binanın arası ilə keçib, binanın künc hissəsində dayanıb mübahisəni davam etdirdik. Ona “kimi söyürdün? Üzümə deyə bilərsən? O söyüşləri bir-bir üzümə təkrar eliyə bilərsən?” dedikdə o,  “yaxşı, yaxşı, sakit ol, bəsdi” – deyə cavab verdi. Mən də “nə sakit ol, dediyin sözləri bir-bir üzümə de” dedim, o, “it oğlu,  nədi, məni vurmaq istəyirsən? Bacarmazsan, səni öldürərlər” – deyə cavab verdi. Bu zaman mübahisə qızışdı və şalvarın arxa cibində olan bıçağı çıxarıb onun qarın nahiyəsinə bir zərbə vurdum. Yenidən söyüş söyməyə başladı. Bu da məni özümdən çıxardığı üçün yenidən onun bədən səthinin müxtəlif nahiyələrinə bıçaqla bir neçə dəfə zərbə vurdum. Zərbələrin sayını dəqiq xatırlamasam da, sonuncu zərbəni vurduqda artıq həmin şəxsin ayağının büdrədiyini və yerə yıxıldığını görüb kənara çəkildim. Onun yerə düşən telefonunu götürərək, məhəllənin arası ilə dayanmadan qaçmağa başladım və xeyli qaçdıqdan sonra yola çıxıb taksiyə əyləşdim və Bayıl qəsəbəsinə getdim. Sahiblə və ya Fəridlə əlaqə saxlayıb harada olmalarını soruşdum. Onlar Şəhidlər Xiyabanından bir qədər aşağıda, Dağüstü park istiqamətində üzü Bayıla doğru getdiklərini bildirdikdə, gözləmələrini xahiş etdim və piyada həmin istiqamətdə qaçmağa başladım. Sahibin idarə etdiyi avtomobilə oturub, onlara həmin şəxsi bıçaqla vurduğumu bildirdim. Bu zaman Fərid məni söydü. Mən bıçağı salfetka ilə silərək qabaq oturacaqların arasındakı qoltuqaltına qoydum və Sahibdən bıçağı hələlik orada saxlamasını xahiş etdim. Telefonu isə Fəridə verərək, saxlamasını xahiş etdim. Bundan sonra hər gün görüşsək də, bu hadisə barədə daha söhbət etmədik. Mayın 7-də Sahib mənə zəng edərək avtomobillə bağlı olan hadisəyə görə polis əməkdaşları tərəfindən saxlanılaraq Polis Bölməsinə aparıldığını bildirdi. Biz də oraya getdik. Orada bildik ki, həmin şəxs ölüb və mən təslim oldum. Mənim onu öldürmık fikrim yox idi. Həmin zaman fikirləşdim ki, o, telefonla kiməsə zəng edib, məni  təsvir edə bilər. Ailəli olduğumdan telefonu saxlaması üçün Fəridə verdim ki, evdə mənə problem yaranmasın” .


“Hamlet əlil idi”

Zərərçəkmiş şəxsin hüquqi varisi Solmaz Abutalıb qızı Həsənova isə ifadəsində göstərib ki, qızı Sevda ilə birlikdə yaşayır. Mərhum Hamlet Cahangirov qızı Sevdanın oğludur. Sevda 1985-ci ildə ailə həyatı qurub və oğlu Hamlet olub. Sevda ərindən boşandığı üçün nəvəsi onunla yaşamağa başlayıb. Anadan olduğu vaxt Hamlet xəstəlik keçirdiyindən onun sağ qolu yaxşı işləməyib və ona III qrup əlillik verilib. Hamlet prodüser kimi fəaliyyət göstərib, bir sıra müğənnilərlə, sonuncu dəfə isə Səidə Sultanla işləyib: “30 aprel 2015-ci il tarixdə saat 17 radələrində evə gəldikdə Hamlet evdə idi. Axşam saatlarında Hamlet qonşumuz  Anara bulvara getməyi təklif etdi. Lakin Anar onunla getmədi. Mən yemək bişirmək üçün mətbəxə keçdim. Otağa qayıtdıqda Hamletin evdə olmadığını gördüm. Gecə Hamletin gəlib-gəlməməsindən xəbərim olmadı. Səhər saatlarında yuxudan oyanıb bazara getdim. Günorta radələrində evə qayıtdıqda qızım Hamletin gecə ona mesaj yazaraq evə gəldiyini bildirsə də, evə gəlmədiyini, telefonuna cavab vermədiyini dedi. Bir neçə dəqiqədən sonra polis əməkdaşı gələrək Hamletin bıçaqlandığını və xəstəxanada olduğunu bildirdi. Biz də oraya getdik. Hamletin bədəninin müxtəlif nahiyələrində və başında bıçaq xəsarətləri vardır. 03 may 2015-ci il tarixdə isə Hamlet xəstəxanada öldü”.

Həmin cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda cinayət işi üzrə məhkəmə prosesi hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilir.

Ana səhifəXəbərlər”Anama söydüyü üçün bıçaqladım”