Anaları təhqir edilən övladlar…

Kiçik padşahlar ölkəsində insan ola bilmək

Source:

Azərbaycanda xadimə – insan deyil ki? Onun ixtiyarı nədir haqqdan- ədalətdən danışsın, öz hüquqlarını müdafiə etsin. Onun haqqı- hüququ ola bilməz axı.  O, əzilməyə, ayaqlar altında yaşamağa məhkumdur. Onun balaları da heç kimdir.  Onun balalarını mənəvi cəhətdən, psixoloji cəhətdən məhv etmək lazımdır ki, ömrü boyu  anasının məmur tərəfindən necə aşağılandığını xatırlayıb, “mənim valideynim xadimədir, biz heç kimik” fikri ilə cəmiyyətdə gözükölgəli yaşasın.

Meydan TV-nin videoreportajından (

Nazirliyə müraciət xadiməyə baha başa gəldi

) gəldiyim nəticə budur.  Baxmaq istəməyənlərə və ya həvəsi olmayanlara 1-2 cümlə. Məktəbdə yarımştat çalışan xadiməni məktəb direktoru işdən çıxrarır. Balalarını dolandırmaq üçün yeganə ümid yeri olan iş yerindən çıxarılan xanım yenidən işə qayıtmaq üçün Təhsil Nazirliyinə müracit edir  və həngamə də bundan sonra başlayır.  Direktor “sən kimsən ki, məndən şikayət edirsən?” deyib, qadını psixi xəstəxanaya saldırır, ərinə döydürür, üstünə polis göndərir.  Son olaraq yerli icra hakimiyyəti zəng edib deyir ki, əgər şikayəti geri götürməsən yarımçıq evini buldozer altına verəcəyik. Bax belə…

Bu yaxınlarda vəkil kimi çalışan bir dostumla söhbət edirdik.  Son götürdüyü işlər haqda danışarkən birini xüsusi vurğuladı. Deməli,  iki dost şəhərdə gəzirmiş, qarşılarına 4-5 nəfər idmançı görkəmli şəxslər çıxıb. Bu 2 dosta söz atıblar. Dostlar cavab qaytaranda isə həmin 4-5 idmançı tökülüşüb bu 2 dostu nəyi var çırpıblar. Hadisə yerinə polis gəlib, hamısını yığışdırıb aparıb şöbəyə. Necə olubsa, söz atan və davaya başlayan, bu 2 nəfəri döyən həmin o idmançılar azad edilib. Bu iki dosta isə xuliqanlıq maddəsi ilə iş açılıb. Vəkil dostum deyir ki, həmin o şəxsləri araşdırıb  və məlum olub ki, həmin o idmançılardan biri hansısa aşağı rütbəli məmurun qardaşı oğlu imiş. Bir sözlə, əmisinin gül balası…

Daha bir nümunə. Bu dəfə öz sahəmizdən. Bilirsiniz ki, jurnalistlər söz saxlamır. Jurnalistlərlə bağlı hadisələr isə pərdəarxası daha tez yayılır. Deməli, hakimiyyətin hansısa qolundan maliyyələşən saytların birində reportyor kimi çalışan bir jurnalist JEK səviyyəsində olan bir dövlət qurumunun fəaliyyətini tənqid edən bir reportaj hazırlayır. Faktlar yerli yerində, hətta həmin dövlət qurumunun mövqeyi, filanı hamısı qaydasında. Material həmin sayta buraxılandan heç yarım saat keçməmiş,  zənglər başlayır. Əvvəlcə həmin JEK səviyyəsindəki dövlət qurumunun mətbuat xidməti, sonra isə sədri. Ən sonda isə həmin saytı maliyyələşdirən hakimiyyətin həmin qanadının pul buraxanı.  Nəticədə material saytdan yığışdırılır. Hətta bununla yetinməyib, jurnalistin işdən qovulmasını tələb edirlər və istədiklərinə də nail olurlar…

Ayrı-ayrılıqda 3 nümunə yazdım. Bu günümüzə dair. Bura Azərbaycandır. AzTV-nin dili ilə desək, “demokratiya və inkişaf yolunda addımlayan Azərbaycan”.  Bax biz belə inkişaf edirik. 10 il əvvəl vəziyyət tam olaraq ürəkaçan olmasa da, bundan fərqli  idi. Bəzi nazirlər özləri TV-ləri, qəzetləri tədbirlərinə dəvət edərdilər, saatlarca ayaq üstə durub onların suallarına cavab verməkdən çəkinməzdilər. Hətta hansısa TV-də onun sahəsinə aid material gedəndə narahat olar, səhər dərhal bu məsələni araşdırar və aydınlıq gətirərdilər. İnsanların haqqı tapdalananda haqqını məhkəmədə axtarar. Məhkəmə də təmin etmədikdə sayı az olan azad mediaya çıxardılar.

5  il əvvəl. Nazirlərin səslərini demək olar ki, unuduruq, üzlərini isə ancaq tədbirlərdə görürük.  Artıq nazirlərin özlərinin mediası yaranmağa başlayır. Məhkəmələr insanlarin şikayətini təmin etmədikdə haqqı pozulanlar hüquq müdafiəçilərinə  və sayı tamamilə azalmış mediaya ümid edirlər.

Bu gün. Insan tapdalanır, təhqir olunur, əzilir, haqqı pozulur. Cavab qaytarır, haqqını müdafiə etmək istəyir, şikayət edir, nəticədə döyülür,  təhdid olunur, psixi xəstəxanaya, həbsxanaya salınır, dərdini deməyə heç kimi tapmır. Medianın adi JEK müdirinə gücü çatmır. Tənqid sözü mətbuatdan, leksikondan çıxarılır.  Jek müdirləri, məktəb direktorları, icra nümayəndələri özlərini kiçik padşahlar sayırlar və sözlərini istədikləri yerdə keçirə bilirlər.

Bəli. Biz bu gündə yaşayırıq. Bura Azərbaycandır. Kiçik padşahların- məmurların hər şeyə nail ola bildiyi, istədiyini edə bildiyi ölkə. Burda xadimə, fəhlə və ya məmur qohumu olmayan heç kim insan hesab olunmur. Onlara heç bir haqq-hüquq tanınmır. Bunu 5- 10 il əvvəl deyənlər, proqnoz edənlər vardı. Indi demək olar ki, onlar da yoxdur.


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəAnaları təhqir edilən övladlar…