Ana: Yerdən tapdığı telefona cavab verib, tutub həbsə atıblar

29 yaşlı Valid Məmmədlinin ailəsi onun şərləndiyini iddia edir

Source: Meydan TV


29 yaşlı Valid Məmmədlinin ailəsi onun şərləndiyini iddia edir

Mayın 13-də axşam saat 11 radələrində Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində bir qrup şəxs arasında mübahisə düşür, güllə səsləri eşidilir. Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə məlumat daxil olan kimi əməliyyat qrupu hadisə yerinə yollanır, bir neçə nəfəri tutularaq bölməyə gətirilir. Hadisədən bir neçə saat sonra yaxınlıqdakı gecə klubundan çıxan 29 yaşlı Valid Məmmədli də hadisənin baş verdiyi ərazidə saxlanılaraq polis bölməsinə götürülür. Növbəti gün o da digər saxlanılanlarla bərabər şübhəli şəxs qismində Nərimanov Rayon Məhkəməsinə aparılır, barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilir.

Validin anası Gülcan Məmmədova daxili işlər nazirinə, Baş prokurora, Prezidentə, Birinci vitse-prezidentə və başqa qurumların rəhbərlərinə müraciətlər ünvanlayır. Ana oğlunun şərə-böhtana düşdüyü iddia edir. Onun sözlərinə görə, Valid mayın 13-də axşam saatlarında hadisə yerindən təsadüfən keçərkən yerdən tapdığı telefona gələn zənglərə cavab verib. Məqsədi isə telefon sahibinə əşyanı tapmaqda kömək etmək olub. Əvəzində şərə düşüb.


Saxta raport, həbs-qətimkan tədbiri, Şüvəlan təcridxanası…

Elə Valid Məmmədli də izahat və ifadələrində özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, əvvəllər “Ellips” gecə klubunda mühafizəçi işləyib. Tutulmamışdan təxminən 1 ay əvvəl həmin iş yerindən ayrılıb. Mayın 13-də axşam saat 10-da öz işinə qayıtmaq üçün mühafizəçilərin rəisi ilə danışmaq məqsədilə kluba gedib. Ancaq mühafizəçilərin rəisi gəlmədiyi üçün görüş baş tutmayıb və o, evə qayıtmaq üçün klubdan çıxıb. Həmin klubdan bir az kənarda olan “Lang Rover” ofisinin qarşısından keçərkən telefon zəngi eşidib. Yerə boylananda sahibsiz bir telefonun zəng çaldığını görüb. Telefonu götürərək zəng edən şəxsə cavab verib. Zəng vuran şəxs telefonun ona məxsus olduğunu bildirib və tezliklə həmin yerə yaxınlaşıb telefonu götürəcəyini deyib. Bu arada Valid Məmmədli telefona gələn daha iki zəngi cavablandırıb, telefon sahibi olmadığını, telefonu tapdığını və sahibinə qaytarmaq üçün gəlməsini gözlədiyi bildirib. Valid telefonun sahibini gözlədiyi bir vaxtda isə ona polis əməkdaşı yaxınlaşıb, burada hansı səbəbdən dayanmasını soruşub, polis əməkdaşının təklifiylə birlikdə 17 saylı polis bölməsinə gediblər. Orada üzərində axtarış aparılarkən özü cibindəki qatlama bıçağı təqdim edib. Bıçağı hələ mühafizəçi işləyərkən bir ticarət mərkəzindəki suvenir mağazasından aldığını, gecəyarı işdən çıxanda özünü qorumaq məqsədilə üstündə gəzdirdiyini deyib. Həmin gecə onu polis bölməsində saxlayıblar. Nöbvəti gün şübhəli şəxs qismində həbs-qətimkan tədbiri seçilməsi üçün Nərimanov Rayon Məhkəməsinə götürüləndə ona məlum olub ki, polislər məhkəməyə saxta raport təqdim ediblər. Həmin raportda qeyd olunub ki, guya Valid Məmmədli hadisə yerindən qaçmağa cəhd edib, polislər zorla tutaraq PPX maşınına mindirib bölməyə aparıblar. Valid Məmmədli isə bildirib ki, o, bölməyə Bəkir adlı polis işçisi ilə birlikdə, həmin polis işçisinin təklifiylə və könüllü gedib.

Həbs-qətimkan tədbiri seçildikdən sonra Valid Məmmədli Şüvəlan təcridxanasına gönrədilib. O, Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 228 (qanunsuz silah əldə edib saxlama, gəzdirmə) maddələri ilə istintaq olunur.


“Yaxşı bilirlər ki, günahsızdır, amma…”

Anası Gülcan Məmmədova deyir, digər həbs olunanlar istintaqa Validi tanımadıqlarını deyiblər:

“Polis də, prokuror da yaxşı bilir ki, Valid bu işdə tamamilə kənar şəxsdir. Nərimanov rayon prokuroruyla da görüşmüşəm. Hansının üstünə gedirsən, deyir, anam, bacım, darıxma, səbrli ol, bilirik ki, oğlunla bağlı qərar yanlış olub, ancaq gözlə, istintaq gedir, oğlunun günahsızlığı sübuta yetirilsin, azad ediləcək… Kor-kor, gör-gör, mənim oğlumun hadisənin iştirakçılığıyla heç bir əlaqəsi, bağlılığı, tanışlığı yoxdur. Adam iş dalınca gedib, çıxıb geri qayıdanda yerdən telefon tapıb, mərhəmətini göstərib, telefon sahibini gözləyib ki, gəlib telefonunu təhvil alsın. Ətrafda müşahidə kameraları var, hər şey əllərindədir, çoxdan o kameranın yaddaşına baxıblar, yaxşı bilirlər ki, adam günahsızdır, onu təcridxanada saxlamaqla hansı işləri irəli gedir, nə əldə edirlər, anlamıram…”

Nərimanov Rayon Prokurorluğundan bildirilib ki, ötən ayın 13-də Aşıq Molla Cümə küçəsində baş vermiş sözügedən hadisəyə görə 5 nəfər həbsdədir. Saxlanılan şəxslər Bakı şəhər sakinləri İsa Əzizov, Samir Binnətəliyev, Rəcəb Həmidov, Telman Balayev və Valid Məmmədlidir. Onlardan 1 ədəd “Vinçester” markalı tüfəng, 2 ədəd beşbarmaq, 1 ədəd bıçaq, 1 ədəd elektroşoker götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq), 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Prokuror Vüqar Əliyev Valid Məmmədlinin ailə üzvlərini qəbul edərək dinləyib. İstintaq davam etdiyi üçün prokurorluqdan əlavə məlumat verilməyib.

Mediada yayılan məlumata əsasən, saxlanılmış İsa Əzizov iş adamı, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Nadir Əzizovun oğlu və ədliyyə nazirinin müavini general-leytenant Məhərrəm Əliyevlə deputat Adil Əliyevin qohumudur. Onun adı indiyədək bir neçə bu tipli olayda hallanıb.

Ana səhifəXəbərlərAna: Yerdən tapdığı telefona cavab verib, tutub həbsə atıblar