Ana: Yaşadığı haqsızlıqdan qızımın başı pozuldu

Meydan TV Bərdə Rayon İcra Hakimiyyətini ailənin vəziyyəti ilə bağlı məlumatlandırıb. Onlar məsələ ilə maraqlanacaqlarını söyləyiblər.

Source: meydan tv

''İmkan olmadı müalicəyə, vəziyyəti getdikcə pisləşdi''

Bərdə rayonunun Çələbilər kəndinin 80 yaşlı sakini Nabat Salmanova və qızı C.M. çətin şəraitdə yaşayırlar. “Qonşular olmasa, çörək, çay gətirməsələr, ac-susuz qalarıq,”- deyirlər.

Onlar kiçik, cəmi birpəncərəli, kərpicdən tikilmiş, alaqaranlıq daxmada yaşayırlar. Bir ay öncəyə qədər evlərinin işığı, hətta ayaqyolusu belə olmayıb. Qonşular yığışıb işıq xətti çəkiblər. Bərdədə yaşayan dindarlar isə onlar üçün ayaqyolu tikiblər. Çətinliklə də olsa, həyətdəki ayaqyoluna gedib-gəlirlər.

image00007.jpeg
ev

“Vəziyyət ağırdır. Kimsəsizik. Qonşuların verdiyi çörəklə dolanırıq. Yaşıma görə 50 manat pensiya alıram. Ondan başqa bu evə bir qəpik də girmir. Evimizi də görürsüz, soyuqdu, rütubətlidir, donuruq” – deyir, Nabat Salmanova.

C.M ali təhsilini Gəncədə alıb. Tələbə vaxtı təcavüz olayı ilə üzləşib. Bundan sonra psixoloji problemləri yaranıb. O vaxtdan özünə gələ bilməyib. Ana deyir ki, məhkəmələr onların iddialarını təmin etməyəndən sonra qızının durumu daha da dərinləşib, özünə qapanıb.

“Uzun illər məhkəmələrdə ədalət axtardılar. Ən sonuncu məhkəmədən də əlləri üzüləndən sonra Nabatın səhhətində problemlər yarandı. Bütün günü işə baxan hakimin adını sayaqlayır,” – qonşular deyir.

image00006.jpeg
Nabat Salmanova və qızı

Ailə heç yerdə qeydiyyata da düşə bilmir. Bu balaca daxmanı da onlara xeyirxah insanlar tikib:

“Bu evi bizə verməsəydilər, küçədə qalardıq. Dəfələrlə Bərdə Rayon İcra Hakimiyyətinə müraciət etmişəm. Qışdı, çətindi. Evimiz birqat kərpicdən tikilib, sobamız yoxdur. Aylarla çimməyə hamam tapmırıq. Həyətdə ocaq qalayanda da narazılıq olur. Dövlətimiz bizimlə maraqlanmır, qapımızı qonşulardan başqa açan yoxdur. Qalmışıq tək, soyudan dona-dona, pis vəziyyətdə”.

Ana qızının tamamilə ağlını itirdiyini deyir. Onun sözlərinə görə, qızı özünü idarə etməkdə çətinlik çəkir. Yaxşı müalicəyə ehtiyacı var, ancaq imkanları yoxdur, edə bilmirlər:

“Yaşadığı haqsızlıqdan başı pozuldu. İmkan olmadı müalicəyə, vəziyyəti getdikcə pisləşdi. İndi lap ağır vəziyyətdədir. Onun başı pozuldu, həyatı məhv oldu. Mən ora-bura müraciət etməkdən əsəb xəstəsinə çevrildim. İndi əlimiz hər şeydən üzülüb”.

image00002.jpeg
ev

C.M xəstəliyi ilə bağlı hər hansı təqaüd almır. Ailənin imkanı əl vermədiyindən müalicə də oluna bilmir. Bütün günü yatağında uzanır, çölə-bayıra da çıxmır.

Meydan TV Bərdə Rayon İcra Hakimiyyətini ailənin vəziyyəti ilə bağlı məlumatlandırıb. Onlar məsələ ilə maraqlanacaqlarını söyləyiblər.

Ana səhifəBölgəAna: Yaşadığı haqsızlıqdan qızımın başı pozuldu