Ana və uşaq ölümləri niyə artır?

“Qadınlar mütləq məsləhətxanaların qeydiyyatında olmalıdılar”

Source:


“Qadınlar mütləq məsləhətxanaların qeydiyyatında olmalıdılar”

Mediada əvvəllər də ana və uşaq ölümləri ilə bağlı xəbərlərə tez-tez rast gəlirdik. Ancaq bu məlumatlar son dövrlərdə daha da artıb.

Səhiyyə Nazirliyi bunu inkar etsə də, Dövlət Statistika Komitəsinin məlumatı təsdiqləyir. Komitənin Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumatda deyilir ki, 2014-cü ildə doğuş zamanı ölüm halları artıb. Bir yaşa qədər olan körpələrin ölüm sayı 1655 olub. Onlardan 1324-ü şəhərdə, 331-i isə kənddə həyatını itirib. Hamiləlik, doğuş və zahılıq dövründə isə 25 ana dünyasını dəyişib.

“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, hamiləlik, doğuş və zahılıq dövründə olan anaların 2014-cü ildə ölümünün səviyyəsi 2013-cü illə müqayisədə 0,7 faiz artıb”. 2015-ci ilin statistikası isə hələlik yoxdur.


“9 ay və ondan öncənin problemləri yığılıb doğuş zamanı özünü göstərir”

Ginekoloq Təranə Həsənova deyir ki, birinci səbəb xəstənin və ailəsinin məsuliyyətsizliyi, ikincisi isə həkim laqeydliyidir: “Bizdə hamilə qadınlar qadın məsləhətxanalarında qeydiyyata düşmək istəmirlər. Doğuşa gələn xəstədən hansı məsləhətxanada qeydiyyatda olduğunu soruşursan, deyir: “Heç birinci körpəmi dünyaya gətirəndə də qeydiyyata düşməmişdim. Onda pis heç nə olmadı, indi nə olsun?” Qaynanası da az qalır həkimi öldürə ki, “bizim vaxtımızda həkim, məsləhətxana var idi? Sən nə haqla bizə bu sualı verirsən? Biz özümüz bilərik hara gedərik, neyləyərik”. Nəticədə 9 ay və ondan öncənin problemləri yığılıb doğuş zamanı özünü göstərir. Nəsə olanda da yapışırlar həkimin yaxasından ki, sən elədin”.


“Bəzən məsuliyyətsizlikdən, bəzən də pulsuzluqdan bədbəxt hadisələr baş verir”

Cəmilə Osmanova 4 ay öncə ana olub. Övladını özəl klinikada dünyaya gətirib. 9 ay boyunca da özəl klinikada yoxlanıb: “Ancaq analıq məzuniyyəti ilə bağlı qeydiyyatda olduğum ərazidəki xəstəxanaya da getmək məcburiyyətində idim. Öz həkimim özəl klinikada idi. Sahə həkiminin yanına da gedirdim. Əvvəla, “dövlət xəstəxanasıdır” deyib keçməyin. Heç nə pulsuz deyildi. Qeydiyyata düşməyə görə 50, hər müayinədə də 10 manat alırdılar. Analizlər üçün özəl klinikaya göndərirdilər. Bu da edirdi 80 manat. Düzünü desəm, ciddi yoxlamırdılar da. Bəlkə də mənim ayrıca həkimimin olduğunu bildikləri üçün idi. Dəqiq bilmirəm”.


“Pulu olmayan həkimə gedə bilmədiyi üçün problemi vaxtında aşkarlanmır”

Cəmilə övladını təbii yolla dünyaya gətirib. Bunun üçün özəl klinikaya 1450 manat ödəyib: “1250 manat doğum üçün, 200 manat palataya ödədik. 9 ay boyunca müayinələrə 300-400 manata yaxın xərc çıxdı. İlk ay analizlərə 150, sonrakı hər ay 20 manat ödədim. Hamısı birlikdə təxminən 2000 manat. Ancaq bunu ödəyə bilməyənlər də var. Özəl klinika sözsüz pullu, dövlət isə qanunla pulsuzdur, ancaq 100 faiz rüşvət alırlar. Odur ki, məncə, ana və uşaq ölümlərində günahın 50 faizi insanların laqeydliyindədirsə, 50 faizi də xəstəxanaların onları soyub-soğana çevirməsindədir. Nəticədə pulu olmayan həkimə gedə bilmədiyi üçün problemi vaxtında aşkarlanmır”.

Təkcə 2014-cü ildə Mingəçevir şəhər Doğum Evində qeydə alınmış 2 min 387 doğuşun 9-u ölümlə nəticələnib. 7 uşaq, 2 ana ölüb. Mingəçevir şəhər Doğum Evinin baş həkimi Zəhra Dumanova El Tv-yə bildirib ki, bu faktlar müvafiq qurumlarda müzakirə olunub və cəzalar tətbiq edilib: “Bir həkim işdən azad olunub. Digər həkimin mama-ginekoloq kimi fəaliyyət göstərməsinə qadağa qoyulub. Əlbəttə, həkimlərə ondan ötrü cəza verilməlidir. Biz bunu qəbul edirik. Cəzamızı alırıq. Çalışırıq ki, ana ölümü olmasın. Amma yenə də bundan qaçmaq olmur”.

Ümumiyyətlə, respublika üzrə 2014-cü ilin 11 ayında baş verən 23 ana ölümünün səbəbləri araşdırıldığı zaman məlum olub ki, qadınlar əsasən böyrək, ağciyər, damar və xroniki xəstəliklərin nəticəsində ölüb. Səhiyyə Nazirliyi (SN) Doğuşayardım Komissiyasının sədri Leyla Rzaquliyeva buna görə hamilə qadınların qadın məsləhətxanalarına müraciət etmələrini məsləhət görüb:

“Biz ana ölümünü araşdırarkən qadının xəstəlikləri, aldığı müalicələri, hətta 9 ay müddətində təcili tibbi yardım çağırıbsa, onu da araşdırırıq, həkimlərlə söhbət aparırıq. Bəlli olur ki, elə qadın var ki, ona hamilə olmaq qadağandır. Amma qadın ana olmaq üçün ya bilərəkdən, ya da bilməyərəkdən həyatın təhlükədə qoyub. Buna görə də qadınlar məsləhətxanaların qeydiyyatında olmalıdılar”.


“Ölümlər vaxtında aşkarlanmamış xəstəliklərin nəticəsidir”

Ginekoloq Təranə Həsənova əksər ölümlərin vaxtında aşkarlanmamış xəstəliklərin nəticəsində baş verdiyini deyir: “Özləri məsuliyyətsizlik edir, sonra da utanmadan mətbuata müraciət edib deyirlər ki, “xəstə öz ayağı ilə yeriyə-yeriyə getmişdi xəstəxanaya. Nə elədi həkimlər elədi”. Və sonda işi araşdırmadan həkimi günahlandırırlar. Hamı görünənin ardınca gedir. Burada təkcə ölüm hadisələrindən söhbət getmir. Biz o qədər problemlərlə rastlaşırıq ki, onlardan çox az hissəsi ölümlə nəticələnir. 90 faiz səbəb ailənin məsuliyyətsizliyində olur. İkinci bir tərəfdən də heç də bütün qadın məsləhətxanaları məsuliyyətli olmur. Hamilə qadınlara laqeyd yanaşmalar da olur. Məsələn, hansısa problemlər olur. Bunun üstündən keçirlər ki, adi bir şeydir, fikir vermə. Halbuki, o adi şey sonradan böyük problemə çevrilə bilir”.


Bütün bunların qarşısını almaq üçün nə etməli?

Təranə Həsənova deyir ki, bu halların qarşısını almaq üçün insanlar arasında maarifləndirmə aparılmalıdır. Mətbuat tez-tez bu mövzuya toxunmalı, diskussiyalar yolu ilə insanlara çatdırmalıdır ki, vaxtında həkimə getsinlər, yoxlansınlar: “Hələ hamiləlikdən öncə, onun planlaşdırılması mərhələsi olmalıdır. Bədən sağlam olarsa, hamiləlik prosesi əzab-əziyyətə çevrilməz. Sonradan da problemlər yaşanmaz. Bütün müayinələrdən keçmək, bədənin hamiləliyə hazır olub-olmadığını yoxlamaq lazımdır. Və 9 ay boyunca da həkim nəzarəti mütləqdir. Ürək qüsuru, qan xəstəlikləri, irsi xəstəliklər və s. vaxtında aşkarlanmalıdır”.

Ana səhifəXəbərlərAna və uşaq ölümləri niyə artır?