Ana: “Tezliklə əməliyyat olunmasaq, ikimiz də görmə qabiliyyətimizi itirəcəyik”

Arxiv Meydan Tv

“Oğlum məktəblidir, görməsi sürətlə zəifləyir”

“Bu, irsi xəstəlikdir, mən bu xəstəliyi yeniyetmə vaxtı tapmışam, indi oğlumun 16 yaşı var, o da bu xəstəliyin ilkin dövlərini yaşayır. Hər ikimizə əməliyyat, müalicə lazımdır, ancaq imkansızlıqdan edə bilmirik, nəticədə ana-bala hər ikimiz korluğa doğru gedirik”.

Kəmalə Qasımovanın 40 yaşı var. 16 yaşı olanda sağ gözündə ağrılar başlayıb. Müayinə olunarkən qərara alınıb ki, ona göz qışası köçürülməlidir. Ancaq həmin vaxt ailə əməliyyatdan vaz keçib:

“O vaxt Paşa Qəlbinur dedi, mənə ölü gözü köçürülməlidir, mən də, ailəmiz də qorxduq, elə söhbət o yerdə də qaldı. Həmin vaxt müalicələr almaqla kifayətləndim. İllər keçdikcə problem dərinləşdi, iş o yerə çatdı ki, gözümün qişası dəyişərək irəli çıxdı və əcaib bir forma aldı. Ötən ildən başlayaraq sol gözüm də sıradan çıxıb. Sağ gözümdə göz transplantasiyası olunmalı, sol gözüməsə əməliyyat yoluyla rinq qoyulmalıdır ki, buynuzlu qişa formasını dəyişib qabağa çıxmasın”. 

“Görməsi sürətlə zəifləyir”

Keretokonus adlı göz xəstəliyindən əziyyət çəkən tək Kəmalə xanım deyil. 16 yaşlı oğlu Rəsulda da 2 ilə yaxındır ki, eyni problemlər var:

“Məktəblidir, görməsi sürətlə zəifləyir, mənim kimi onun da gözlərinin qişalarında dəyişikliklər başlayır. Hər iki gözünə rinq qoyulmalıdır ki, bu dəyişikliklərin qarşısı alınsın”.

Keretokonus nədir? – Bu, ağır göz xəstəliyidir.  Gözün şəffaf ön təbəsəqi olan buynuzlu qişa normada kürə formasında olmalıdır. Keratokonus xəstəliyi zamanı buynuzlu qişa nazilir, uzanır və konus formasını alır. Keratokonus çox ağır xəstəlik hesab olunur. Xəstəlik adətən yetkinlik yaşlarında başlayır və uzun illər ərzində inkişaf edir. Tibbi müdaxilə edilməyəndə korluğa səbəb olur.

“Göz billuru sifariş olunmalıdır”

Kəmalə xanımın həyat yoldaşı yoxdur. Oğlu Rəsulla kirayədə yaşayır. İşləmir, əlindən dərzilik gəlir, qohumlar ona maddi dəstək vermək üçün bəzən dərzilik işləri gördürürlər. Deyir ki, kirayəhaqqını isə bazarda meyvə satan qardaşı çətinliklə ödəyir.

Kəmalə Qasımova deyir ki, sağ gözündə billurun transplantasiyası üçün Amerika Göz Bankından göz billuru sifariş olunmalıdır. Bu, 1500 dollara başa gəlir. Əməliyyata isə ayrıca 4000 min manat tələb olunur. Sol gözünə  rinqin yerləşdirilməsi əməliyyatı 2200 manata başa gəlir. Rəsulun hər iki gözündə rinq yerləşdirilməsi əməliyyatı 4400 manata başa gəlir. Kəmalə xanım həm özünün, həm də oğlunun əməliyyatını icbari tibbi sığorta hesabına etdirmək istəyib, ancaq sahə üzrə poliklinikadan ona bildirilib ki, bu göz əməliyyatı icbari tibbi sığorta paketinə daxil edilməyib.

Kəmalə xanımın ümidi imkanlı və xeyirxah insanlaradır. O, bu məqsədlə hesab kartı da açdırıb və ümid edir ki, toplanan ianələr hesabına həm oğlu, həm də özü dünya işığından məhrum olmalarının qarşısı alınacaq.

Ana səhifəSosialAna: “Tezliklə əməliyyat olunmasaq, ikimiz də görmə qabiliyyətimizi itirəcəyik”