Ana Dilimiz niyə “2” alır?

Sadəcə məktəblilərmi?

Source:

Təxminən bir il əvvəl Seymur Baycan və adlarının çəkilməsi uyğun olmayacaq 4 nəfər dostumuzla birlikdə gözəl bir gürcü süfrəsi arxasında oturmuşduq. Dostlar əslən Azərbaycanın müxtəlif regionlarından idi. Şirin bir söhbət gedirdi aramızda. Birdən ya Seymur, ya da mən (bu dəqiq yadımda deyil) “günü” sözü işlətdik. Cümlə təxminən belə idi ki: “Onlar elə bil, günüdürlər”.

Dostların dördü də çaşqınlıqla üzümüzə baxdı. Məlum oldu ki, dörd nəfərdən heç biri “günü”nün nə olduğunu bilmir. Qeyd edim ki, dostlar hamısı kifayət qədər məlumatlı, savadlı adamlar, prestijli hesab olunacaq peşə sahibləri idilər. Ona görə də, bu sözün mənasını bilməmələrini heç cür onların savadsızlığına, mütaliəsizliklərinə bağlamaq olmazdı.

“Günü” sözünün nə demək olduğunu izah edib (siz də bilmirsinizsə, bir ər iki və ya daha çox qadınla evlənirsə, bu qadınların arasındakı qohumluq əlaqəsinin adı “günü”lükdür. Yani, allah eləməmiş, mən şəriətlə idarə olunan bir ölkədə yaşasaydım, həyat yoldaşım məni boşamadan daha bir qadınla evlənsəydi biz o qadınla bir-birimizin “günü”sü olacaqdıq), əlimizə fürsət düşmüşkən, dostları xeyli danlayandan sonra, məclisə qaldığımız yerdən davam elədik. Amma bu hadisə yadımda bir göstərici kimi qaldı.

Dünya klassikasını, elmi, fəlsəfi, iqtisadi, kültürəl ədəbiyyatdan bol-bol mütaliə edib, öz leksikonunu müxtəlif terminlərlə, qədim sözlərlə zənginləşdirən intellektualları saymasaq, demək olar ki, bizim insanların leksikonu ildən-ilə çox kasadlaşır, kasıblayır, yoxsullaşır və hətta səfilləşir. Əlbəttə, gündəlik danışıq tərzində çox təbii, səmimi şəkildə “koqnitiv dissonans”, “desakralizasiya”, “amorf” və s kimi incə zövq, dərin mütaliə göstəricisi olan sözləri istifadə edən, belə sözləri anlamları ilə birlikdə yaxın çevrəsinə öyrədən intellektuallardan dilimizin arxaizm olmağa məhkum aqrar-məişət sözlərini bilmələrini tələb eləmək insafsızlıq olardı. Hərçənd, bilmələri də heç bəd olmazdı.

Amma indi ətrafımızdakı orta savadı, pis-yaxşı ali təhsili, olanından bir az mütaliəyə sahib gənclərə baxırsan və görürsən ki, əyalətdə oturub, heç yana çıxmayan ağsaqqal-ağbirçəyin söz ehtiyatı bununkundan çoxdur. Bunun da sadə bir səbəbi var: Azərbaycan ədəbiyyatı ilə şifahi ya yazılı tanışlıq.

Gəlin, Azərbaycanın gəlmiş-keçmiş, yazılı-şifahi, folkor-modern, inqilabaqədərki-sovet, postsovet-postcəbhə ədəbiyyatının bütün kriteriyalarda səviyyəsini bir qırağa qoyaq. Bu ədəbiyyatın bütün nümayəndə və nümünələrinə dil nöqteyi-nəzərindən baxaq.

Götürək, bizdən bir ya iki nəsil əvvəli. Ata-analarımızı, nənə-babalarımızı. Sovet dövründə hökumət zor-xoş, pis-yaxşı ata-analarımıza kitabdan, jurnaldan-qəzetdən nəsə oxudurdu. Azərbaycanda yaşayan, bölgəsinin dilini, dialektini pis-yaxşı bilən yerli yazıçılar ağızlarına-ağıllarına gələni yazırdı, sovet də tirajlayırdı. Heç bir mütaliə bazası, ciddi məlumatlılıq tələb eləməyən bu şeirləri, hekayələri, romanları sadə zəhmətkeşlər oxuyur, özlərinin və digər regionların dialektindən xəbər tutur, bəzən ömürlərində eşitmədikləri və eşitməyəcəkləri sözləri İlyas Əfəndiyev, Bayram Bayramov, Süleyman Rəhimov, Əlibala Hacızadə, Salam Qədirzadə, Əli Vəliyev, Əbülhəsən, Ələviyyə Babayeva və s. onlarla yazıçının əsərlərindən oxuyur, öyrənir, mənaları ilə tanış olurdular.

Məsələn, özüm uşaq vaxtı bizim regionda işlədilməyən onlarla sözü bu adamların əsərlərindən öyrənmişəm. Misal üçün. Bizim tərəflərdə “nimdər” (döşəkçə), “kirəmit” (ona görə ki, biz tərəfdə heç olmur), “ləlöyün” (tamarzı, bir şeydən korluq çəkən), “çəkələk” (başmaq, şəp-şəpi), “dəstərxan” (süfrə) və s. sözlər işlətmirdilər. Bu sözləri mən müxtəlif regionun adamlarından yazan yerli müəlliflərin əsərlərindən öyrənmişəm.

Bizim tərəfdə isə “xaşa” (kisə), “qatma” (ip), “qəlbi” (hündür), “cilmək” (oğurlamaq), “böhtə” (ərköyün, inadkar), “qəməlti” (bıçaq), “məhlim” (bəyəm, məgər) kimi sözlər işlədirdilər ki, bu sözləri misal üçün İlyas Əfəndiyev, Sabir Əhmədli kimi əslən qarabağlı yazıçıların əsərlərindən oxumaq olardı və bu müəllifləri oxuyan soydaşlarımız, belə sözlərin varlığından xəbərdardırlar.

Uzun sözün qısası, Əkrəm Əylisli Naxçıvan, İlyas Əfəndiyev Qarabag, İsmayıl Şıxlı Qazax, Əbülhəsən Şirvan camaatının dilini, sözərini ədəbiyyata gətirir, bütün ölkədə bir dil mübadiləsi gedirdi. Mən hələ onu demirəm ki, folklorun aktual olduğu regionlarda nənə-babalar nağıl danışmaqla, tapmaca quraşdırmaqla, bayatı deməklə dildə nə qədər sözü işlək saxlayırdılar. İndi nənə-babanın başı qarışıb seriallara, kəndli-şəhərli bütün nənə-babalar qlamurlaşıb. Dil də qalıb yiyəsiz.

Hələ onu da demirəm ki, o vaxtlar ailədə bir ya iki nəfər daha köhnə zamanların (məsələn Səməd Vurğun, Aşıq Ələskər, M.P.Vaqif və daha o yana) ədəbiyyatı ilə tanış idilərsə, bu müəlliflərin də zəngin dil ehtiyatından bəhrələnir, istifadə edir, yayırdılar. Təbii ki, bütün bunlardan danışarkən mən sözlərin köklərini, hansı xalqların dilindən alındıqlarını qırağa qoyuram. Mənə nə var, bizə söz bazası lazımdı, yoxsa dil vasitəsilə millətçilik eləmək?

Lap elə müasir və xarici ədəbiyyatdan da sadə adamların dilinə nə qədər söz gəlirdi. Uzağa getməyək, bir dəfə dostların yanında “kommivoyajer” sözünü işlətdim. T. Drayzeri oxuyan kim vardısa, hamı sözü başa düşdü. Bir daha uzun sözün kəsəsi, ədəbiyyata maraq azalan yerdə, yerli ədəbiyyatın sevilmədiyi, oxunmadığı yerdə dilin yavaş-yavaş, ya da sürətlə kasıblamağı qaçılmazdır.

Bu günlərdə Azərbaycanda 36 mindən çox şagirdin “Azərbaycan dili” fənnindən “2” qiymət alması hamını təəccübləndirdi. Amma burada təəccüblənməli heç nə yoxdur. Ata-anası yerli ədəbiyyat oxumayan (allah qoymasa, guya xarici ədəbiyyatı oxuyurlar), yeni və köhnə sözlərdən istifadə etməyən, nənə-babası nağıl danışmayan uşaqların ana dili hissiyyatı hardan olmalı idi ki? Bir ailə rus kanallarına baxır, biri türk şoularına baxır, ən milliləri də Zaur, Elgiz kimi aparıcıların şoularına baxır ki, onların da dil bazalarının nə yerdə olduğunu özünüz görürsünüz.

Dil məsələsində elə şükürlüsü AzTv-dir ki, onu da lağa qoyuruq.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəXəbərlərAna Dilimiz niyə “2” alır?