Dəyərlərin milliliyi nə ilə ölçülür? Məncə, millətin içində həmin dəyərlərlə yaşayanların nisbəti ilə. Əgər bir millətin 90%-i bir dəyərlə, 10%-i başqa dəyərlə yaşayırsa, onlardan hansısı milli sayıla bilər? Mütləq əksəriyyətin möhkəm sarındığı, yoxsa çüzi azlığın sadəlövhlüklə inandığı?
Uzağa getməyək, götürək ən dərin, ən köklü, ən rişəli, ən sarsılmaz və ən sevimli milli dəyərimiz olan rüşvətxorluğu. Mən əsla zarafat etmirəm, bu dəyərə sarınanlar millətin əksəriyyəti, onun qaymağı, onun fəqərə sütunu, onun nüvəsidir. Bir anlıq təsəvvürünüzə gətirin ki, Allah-taala bir işarə ilə millətimizin içində rüşvət alan, rüşvət verən, almayıb, lakin almağı arzulayan insanları qeybə çəkir.
Aman Allah! Bizim yuxarı, lap yuxarı, ondan bir az aşağı, bir az da aşağı, orta aşağı, lap aşağı, aşağıdan aşağı məmurlarımız qeybə çəkilir! Onlarla birlikdə, bəlkə də onlardan əvvəl, onlara dinməz-söyləməz öz halal pullarını verib hətta səssiz etiraza cürət etməyən sıravi rüşvət ödəyiciləri yoxa çıxır.
Bu nə dövlətdir? Prezident Aparatı yox. Prezidentin yerlərdəki səlahiyyətli nümayəndələri olan icra hakimiyyəti başçıları yox. Heç biri! Nazirlər kabineti yox. Milli Məclis yox. Birinci qeybə Oqtay Əsədov cənabları çəkilib. Ardıyca qalan millət vəkilləri. Hanı Daxili İşlər Nazirliyi? Yoxdur. Hanı Dövlət Təhlükəsizliyi Xidməti? Yoxdur. Bəs, heç olmasa Kənd Təssərrüfatı Nazirliyi? Yerli-dibli yoxdur. Hanı Vergilər Nazirliyi? Onun binası qalıb, içində bir nəfər belə yoxdur. Ora neytron bombası atıblar.
Hanı bizim banklarımız? Yoxdur. Əmanətçilərin də əksəriyyəti qeybə çəkilib.
Əhali haradadır? Boş küçələrdə seyrək, tək-tük çaşmış adamlar avara-sərkərdan dolaşır, nə edəcəyini, kimə rüşvət verəcəyini bilmir. İctimai-siyasi həyatın mayası, cövhəri itib.
Müxalifət yoxdur! Bir hissəsi Allahın iradəsi ilə yoxa çıxıb, bir hissəsi rüşvətin mümkünsüzlüyünü dərk edəndən sonra etiraz əlaməti olaraq siyasi fəaliyyətini dondurub.
Vaxxsey!!! Azərbaycanda demək olar ki, heç kəs qalmayıb! Qalsa, qalsa, beş-on min başdan xarab, milli dəyərlərə yad, indi hamının xəstə və bivec saydığı məxluqat qalıb. Məktəblər bağlanıb, ali təhsil ocaqlarında boş dəhlizlərdə özünü itirmiş əlaçı tələbələr və vicdanlı müəllimlər başıboş tələbələrsiz və rüşvətxor müəllimlərsiz tədris prosesini tənzimləməyin nəhəng müşkülləri qarşısında aciz qalıb, çaşqın dolaşırlar.
Həqiqətən, əgər rüşvətxor məmur lazım deyilsə, onda bu qədər ali məktəb, mənasız diplom kimin nəyinə gərəkdir?..
Lakin Allah bilir nə edir, milli dəyərlərə sadiq insanlarımıza dəymir, onlar da qalıb doğur-törəyir, özləri kimi milli dəyərlərdən ikiəlli möhkəm yapışmış yeni nəsil azərilər yetişdirir.
Belə millətə ölüm yoxdur, zira əgər milli dəyərlər Məhəmməd Füzulidən başlamış Sabir Rüstəmxanlıya qədər bütün şairlərimizin əsərlərində öz əksini tapırsa, deməli, millət öz ana xəttindən sağa-sola dönmədən inamla gələcəyə yüyürür.
Biri də diqqət vermədi
Tifil nəvəm göyərçinlərə yem vermək istəyir. Gedib dən alırıq, bağda skamyaya əyləşib quşlara sevincək dən səpən nəvəmə tamaşa edirəm.
Bağ genişdir, haradan istəsən keçə bilərsən, amma adamlar nədənsə yem dənləyən göyərçinlərin üstünə gedir.
Budur, ahıl bir kişi dünyanı sanki görmürmüş kimi, düz quşların yem dənlədiyi yerdən keçir. Quşlar hürkür, uçub dağılışır, yenidən skamyanın önünə toplaşan kimi budur ha, iki cavan uşaq heç nəyə fikir vermədən onların üstünə gedir, quşlar pərən-pərən olur.
Adamlar quşları görmür, görəndə saymır, onlara dənləmək üçün macal vermir, onların yaşamaq hüququnu və məkanını tanımır.
Mən də oturub fikirləşirəm ki, bizim ali məqamlı məmurlar da beləcə kiçik adamları görmürlər, görəndə saymırlar, saymayanda qovub dağıdırlar.
Bu, bizim milli dəyərlər sisteminə daxildir: kiçikləri, zəifləri, acizləri görməmək, saymamamq, üstlərindən vurub keçmək…
Ya…ya…
Dörd ay bundan əqdəm mən yüksək qan təzyiqi mərəzinə tutulduğumu aşkar etdim. Neynək, vaxtıdır xəstəliyin, yaş gəldikcə səhhət gedir, olacağa çarə yoxdur.
Həkim mənə iki dərman yazır, gülə-gülə deyir: “Ömrünün sonuna qədər hər səhər bu iki həbi atsan, sənə zaval yoxdur.” Zarafatın incəliyini anlayıb gülümsəyirəm.
Dərmanlardan birinin adı “Prestarium”dur. 30 həblik qutunun qiyməti 15 manatdır. Digər dərmanın adı “Normodipin”dir. 30 həblik qutu 4 manatdır. Beləcə, iki ay bu həbləri hər səhər qəbul edirəm, təzyiqimi nəzarətdə saxlayıram.
Aptekə gedib “Normodipin” almaq istəyirəm. Deyirlər ki, ondan daha gətirmirlər, onun əvəzləyiciləri var. Qiyməti 12 manatdır.
Anlayıram ki, səhiyyə sistemini, o cümlədən dərman ticarətini inhisara almış mafiya təzyiq xəstələrinin cibinə girməyi qərara alıb. Nə qədər? Çox yox, bir dərmanda cəmi 300%!!!
Manatı 100% devalvasiya edən hökumət dərman mafiyası ilə müqayisədə insaflı görünə bilər. Əgər bilməsək ki, hökumət də, dərman mafiyası da elə bir dəstədir.
İndi sadəlövh adam fikirləşə bilər ki, vəzifəsi vətəndaşların sağlamlığının qorunması olan Səhiyyə naziri cənab Şirəliyev ya bu qiymət fırıldaqlarından bixəbərdir, deməli vəzifəsinin öhdəsindən gəlmir, ya da bilir, yəni həmin bu dələduz dəstəsi ilə əlbirdir və onlardan bac alır.
Özü seçsin, hansındandır, üçüncü variant yoxdur. Hər iki halda, səhlənkarlıq da, vəzifədən sui-istifadə də, kamali-səliqə ilə Cinayət Məcəlləsində tövsif edilib.
Kimə inanım?
Aprel qovğası arxada qaldı. Azərbaycan dövlətinin ərazisi 800 hektar artdı, məktəb ləvazimatı dükanları bütün milli bayraq ehtiyatını satıb qurtardı, qəzet və TV jurnalistləri bütün barıtlarını atdı və qovğanın yeni mərhələsini gözləməyə başladı.
“Sputnik” rus xəbər agentliyi iki erməni, iki azəri ekspertini virtual masa arxasına əyləşdirib soruşdu ki, “Sizcə, Rusiya Ermənistanın və Azərbaycanın qabırğalarına keçirdiyi Qarabağ qarmağını daha necə təklilləşdirə bilər?”
İki erməni və iki azəri ekspert bir-birinin canına döşədi və Rusiyaya qarmağın təkmilləşdirilməsi barədə yeni bir məsləhət vermədi. Hər dördünə ayıb olsun! Rusiyanın biz qafqazlılara etdiyi yaxşılıqları burnumuzdan gəlsin!
Bütün bu dilxoşluqlar öz yerində, amma mənim diqqətimi bir məqam çəkdi. Dağlıq Qarabağ hərəkatının öncüllərindən birinin oğlu, Ermənistan parlamentinin üzvü Tevan Poqosyan iki dəfə dedi ki, 4 günlük döyüşlərdə Azərbaycan ordusu 800 nəfər itki verib, buna görə sizin tərəf Rusiyadan xahiş edib ki, qovğanı saxlasın. Bizim ekspertlər də ona baş qoşmadılar, hərçənd ki, başqa məsələlərdə onların ciyərlərini çıxarırdılar.
Mən mülki şəxsəm və Rauf Mirqədirovla Leyla Yunusdan fərqli olaraq dövlət sirlərinə əlim çatmır. Ona görə də bu verilişdən sonra elə hey düşünürən: kimə inanım?
Bu peşəkar yalançı Tevana, ya bizim peşəkar rəsmi yalançılara?
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.