“Ağrıdan qıvrılan uşağı sakitləşdirmək hər gün bir az daha çətinləşir”
9 aylıq Ömər Etibar oğlu İsayev xərçəng xəstəliyindən əziyyət çəkir. Ailəsi deyir ki, Ömər qısa zamanda əməliyyat olunmalıdır, həkim cəmi bir ay vaxt qoyub. Lakin ailə uşağın dərman və əməliyyat xərclərini qarşılaya bilmir. Əməliyyat üçün tələb olunan pul tapılarsa, ana donor olacaq.
Meydan TV-yə üz tutan Ömərin anası Tamella İsayeva deyir ki, uşağın qaraciyərinin 80 faizi sıradan çıxıb. 5 aydır kimyəvi terapeya alır, lakin artıq müalicələrə də cavab vermir.
İsayevlər ailəsi Goranboy rayonunun Qizilhacılı qəsəbəsində yaşayır. Ömərin atası günəmuzd fəhlə işləyir.
Tamella İsayeva deyir ki, evdə satmağa da heç nə qalmayıb.
“Dördüncü ayında Ömərin qarnında şişkinlik yarandı, ağrıdan gecələr yata bilmədi. Həkim qaraciyət çatışmazlığı diaqnozu qoydu. Dedilər ki, kimyəvi terapeya olunsun, nəticələrini izləyək. Sonradan bəlli oldu ki, qaraciyər sürətlə sıradan çıxıb. İki gün bundan əvvəl həkim bir ay vaxt qoydu, müddət daralır, amma əməliyyat üçün tələb olunan vəsaiti toplaya bilməmişik”, -İsayeva söyləyib.
Ana qeyd edib ki, hamiləlik dövründə hər ay vaxtlı-vaxtında müayinələrdən keçib, hətta doppler müayinəsi (ayrıltılı ultrasəs müayinə) olunub: “Həkim deyir ki, doppler müayinəsində uşağın qaraciyərinin vəziyyəti bilinməli idi, sadəcə, müayinəni aparan həkim savadsız olub. Ömər təcili əməliyyat olunmalıdır ki, yaşasın”.
Ailə ölkədəki xeyriyyə fondlarına, iş adamlarına müraciət ünvanlayıb. Əməliyyat üçün 50 min manat vəsait lazımdır. Tamella İsayeva söyləyib ki, maddi imkansızlıqdan körpəsinə kömək edə bilmir, ağrıdan qıvrılan uşağı sakitləşdirmək hər gün bir az daha çətinləşir.
Ömər kimi xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara orqan köçürülməsi əməliyyatları dövlət vəsaiti hesabına aparılmır.