Amnistiya aktının icrasından bu vaxtadək siyasi məhbus kimi tanınan 36 nəfər azadlığa buraxılıb

Siyasi məhbus. Foto: Pictrider/shutterstock

Amnistiya aktı qüvvəyə minəndən etibaran bu günədək hüquq-müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan 36 nəfər azadlığa buraxılıb.

Bu barədə Azərbaycan Sülh və Demokratiya İnstitutunun Konfliktologiya və Miqrasiya şöbəsinin rəhbəri Arif Yunus özünün “Facebook” səhifəsində məlumat yayıb.

O bildirib ki, bundan sonra da 30 nəfərə yaxın şəxsin azadlığa buraxılacağı gözlənilir. Arif Yunus qeyd edib ki, onların əksəriyyəti narkotik ittihamı ilə həbs olunan dindarlardır.

“Nəzərə alsaq ki, amnistiya 4 ay, yəni aprel ayınadək davam edəcək, gözlənilir ki, azadlığa ən azı daha 25–30 nəfər dindar buraxılsın. Onlar da 2023-cü ildə “İran agentləri” kimi həbs edilən və Azərbaycan Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə “narkoman” kimi məhkum olunmuş şəxslərdir. Əlbəttə, biz onların azadlığa çıxmasına sevinirik. Lakin gördüyümüz kimi, hətta bu qrup dindarın azadlığa buraxılması belə siyasi məhbuslar problemini həll etmir. O cümlədən, dindarlarla bağlı problem də qalır, çünki onların sayı siyahıda yenə də çoxdur”, – deyə o yazısında qeyd edib.

Arif Yunus həmçinin qeyd edib ki, bu humanizm aktı xaricdən ünvanlanan tənqidləri azaltmaq məqsədi daşıyır.

“Sirr deyil ki, hakimiyyətin bütün bu “humanizm aktları” son illərdə sayı sürətlə artan və bu gün demək olar ki, 400 nəfərə çatan siyasi məhbuslara görə xaricdən ünvanlanan tənqidləri azaltmaq məqsədi daşıyır. Eyni zamanda, guya penitensiar sistemdə islahatlar aparılması adı altında Avropa İttifaqından yeni investisiyalar (qrantlar) cəlb etmək üçün də nəsə nümayiş etdirmək lazımdır. Axı Azərbaycan adambaşına düşən məhbus sayına görə Avropa Şurasına üzv ölkələr arasında birinci yerdədir”, – deyə o bildirib.

Yunus deyir ki,  amnistiya aktı siyasi məhbus problemini həll etmədi. O bildirib ki, siyasi məhbus siyahisi 12 qrupdan ibarətdir və amnistiya yalnız bir qrupa aid edilib.

“Bəs geniş reklam olunan bu amnistiya bu problemləri, ilk növbədə siyasi məhbuslar problemini həll etdimi? “Humanizm aktı” jurnalistlərə, heç olmasa 9 cəsur qıza şamil olundumu? Bəlkə hüquq müdafiəçilərinə, Almaniyadan deportasiya olunmuş vətəndaş cəmiyyəti fəallarına və ya milli azlıqların nümayəndələrinə aid edildi? Bəlkə Söyüdlü kəndində və İmişlidə baş verən hadisələrə görə həbs olunanlar amnistiyaya düşdü? Yaxud Tərtər işi üzrə, ya da Gəncə işi üzrə kimsə azadlığa buraxıldımı? Xeyr. Siyasi məhbusların siyahısı 12 qrupdan ibarətdir və amnistiya yalnız bir qrupa şamil olunub”, – Yunus qeyd edib.

“Azərbaycan Siyasi Məhbuslara Azadlıq” Birliyinin tərtib etdiyi siyahıya görə, amnistiya aktına qədər ölkədə olan siyasi məhbusların sayı 392 nəfər idi. 

Prezident İlham Əliyev dekabrın 15-də “Konstitusiya və Suverenlik İli” (2025) münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb. Milli Məclis də dekabrın 19-da layihəni qəbul edib. Aktının icrasına isə dekabrın 22-dən başlanılıb.

Bildirilib ki, bu, ən genişmiqyaslı amnistiya aktıdır. Ədliyyə Nazirliyinin məlumatına görə, penitensiar müəssisələr üzrə amnistiya aktının tətbiq ediləcəyi məhkumların sayı 8 minə yaxındır. İlkin siyahıya əsasən, 5 minə yaxın şəxs azadlıqdan məhrumetmə cəzasından azad ediləcək, təxminən 3 min məhkumun isə cəzası 6 ay azaldılacaq.

Ana səhifəSiyasətAmnistiya aktının icrasından bu vaxtadək siyasi məhbus kimi tanınan 36 nəfər azadlığa buraxılıb