Bu gün, dekabrın 22-də Amnistiya aktının icrasına başlanıb. Ədliyyə Nazirliyinin penitensiar müəssisələri üzrə amnistiya aktının tətbiq ediləcəyi məhkum sayı 8 minə yaxındır.
İlkin siyahıya əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur. Həmçinin cəzası 6 ay azaldılacaq məhkumların sayı 3 minə yaxındır.
Amnistiya aktına əsasən, 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən 20, Bakı İstintaq Təcridxanasından 12, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan penitensiar müəssisədən 3, qadınlar üçün nəzərdə tutulan 4 saylı cəzaçəkmə müəssisəsindən 22 nəfər məhkumun bu gün azadlığa buraxılacağı gözlənilir.
Amnistiyaya düşənlər arasında Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədək 4 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən iş adamı, “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyev, Dövlət Gömrük Komitəsinin (DGK) Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Dəyərləndirmə və risklərin idarə olunması şöbəsinin həbsdə olan sabiq inspektoru Şahin İsgəndərov, Neftçalanın icra başçının ictimai-siyasi və humanitar məsələlər üzrə həbsdə olan sabiq müavini Gültəkin Sadıqova və digər şəxslərin adları var.
Amnistiya elan olunması təşəbbüsü ilə dekabrın 15-də Prezident İlham Əliyev çıxış etmişdi.
Dekabrın 19-da isə Milli Məclis “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” layihəni qəbul edib.
Layihəyə əsasən, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edənlər, bu əməliyyatlarda həlak olmuş, yaxud itkin düşmüş insanların yaxın qohumları, “Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı” nəticəsində əlil olanlar cəzadan və ya cinayət məsuliyyətindən azad edilməlidir.
Siyahıya həmçinin qadınlar, 60 yaşına çatmış şəxslər, cinayət törədərkən yetkinlik yaşına çatmayanlar da daxildir.
Bununla yanaşı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrum olunan bir sıra şəxslər cəzadan azad edilməli və ya cəzalarının çəkilməmiş hissəsi azaldılmalıdır.
Müstəqil hüquqşünaslar bildirir ki, beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınan şəxslərin əksəriyyəti ağır və ya xüsusilə ağır cinayət ittihamları ilə üzləşdikləri üçün bu amnistiyadan yararlanmaq ehtimalları demək olar ki, yoxdur.